ilahe

Yaşadığımız duyğulara kim cavabdehdir? – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 235

İnsan təkamülünə nəzər saldıqda insanın həm fiziki, həm də mental olaraq nə qədər dəyişikliyə məruz qaldığını görmək olar. Sosial bir varlıq kimi insan daim həyatda qalmaq mübarizəsini kommunikativ əlaqələr quraraq davam etdirir. Kommunikasiyanın tək tərəfli mümkün ola bilməyəcəyi gerçəkliyini qəbul etdikdə bu zaman iki əsas komponentini görə bilərik: təsir edən və təsirə məruz qalan .

Təsir edən və təsirə məruz qalan hər iki tərəfin də insan olduğunu və təsir etdiyimizdə də təsirə məruz qaldığımız zamanda da insana məxsus spesifik əsas(sevinc, kədər, ağrı və s.)duyğuların yaranmasına səbəb olan duyğu üzvlərimizin də eyni olduğunu nərəzə aldıqda cavab reaksiyalarının niyə fərqli olduğunu anlamaqda çətinlik çəkə bilərik. Belə ki, eyni bir situasiyada iki fərqli insanın yaşayacağı hislər və hislərin təməlinə söykənən düşüncələrinin fərqliliyi insanların individual olduqlarının əsas göstəricisidir.

İnsana həyatda qalmaq mübarizəsində ən təməl duyğuları kömək edir. Məsələn, qorxu duyğusu əsas duyğulardan biri kimi insanın məruz qaldığı çətin situasiyalarda savaşmaq və ya qaçmaq üçün lazımı enerji və gücün təmin edilməsində rol oynayır. Davranışlarımızın istiqamətini müəyyən edən o anda nə hiss etdiyimizdirsə, o zaman duyğularımızı görməməzlikdən gələ və ya devalvasiya edə bilmərik.

İnsan bəzən yaşadığı duyğuların spontan olduğunu və ya dözülə bilməyəcək səviyyədə şiddətli olduğunu düşünür. Müxtəlif duyğular vardır ki,( bunlara çarəsizlik, qəzəb, kədər və s) bunların uzun müddətli xroniki olaraq hiss edilməsi insanda psixoloji ağrıya səbəb olur. Psixoloji ağrı dedikdə, onun təsir effekti insanda fiziki zədəyə bağlı hiss edilən ağrıdan heç də fərqli olmur. Ağrı, acı duyğusu ən əsas duyğularımızdan biri kimi normal səviyyədə hiss edildikdə insanı yaşadığı sosial mühitə daha adaptativ davranmasında və təhlükəli davranışlarının təkrarlanmamasında qoruyucu rolu oynayır. Psixoloji ağrının insan üzərində təsir effekti destruktiv ola bilir. İnsan hiss etdiyi psixoloji ağrının təsirindən qurtulmaq üçün adekvat olmayan mübarizə metodlarından istifadə edərək yaşadığı şiddətli duyğularından qurtulduğu düşünür. Adekvat olmayan mübarizə metodları dedikdə, bunlara

-Maddə istifadasi (alkoqol vəya hər hansı narkotik maddələr)

-Riskli davranışlar

-Suisid düşüncələri

-Özünə zərər vermə və s.

aid etmək olar. Bu davranışlar insanda psixoloji ağrının kəskinlik dərəcəsini anlıq olaraq azalda bilir, ancaq bu yanlız qısa müddətli həll yolu olub uzun müddət davam etdikdə insanın çox ağır geridönüşlərlə nəticələnən destruktiv  təsirə  məruz qalmasını qaçınılmaz edir.

Duyğularımızın necə yarandığının bizim gündəlik həyatımızda başımıza gələn və ya məruz qaldığımız hadisələrə, aldığımız travmalara və s. bağlı olduğunu düşündükdə yaşadığımız duyğular üzərində kontrolumuzun olmadığını və hətta destruktiv davranışlarımıza haqq qazandıra bilərik. Beləliklə, yaşadığımız psixoloji ağrının hər zaman bir səbəbkarı olacaqdır. Davranışlarımızın məsuliyyətini almamaq üçün davamlı təqsirləndirəcəyimiz bir günahkar axtarışında olacağıq. Ancaq belə düşündüyümüz zaman diqqətimizin hədəf nöqtəsindən uzaqlaşdığının fərqinə vara bilmirik. Beləki, başımıza gələn istənilən travmatik hesab edilən (ölüm, ayrılıq, xəstəlik və s.) hadisələrdən məsuliyyət daşımırıq, yəni məruz qaldığımız hadisələr qarşısında kontrolumuzun ola bilməməsi qəbul edilən bir haldır. Ancaq yaşadıqlarımız, başımıza gələn hadisələr haqqında düşüncələrimizə görə məsuliyyət daşıyırıq. Problem o zaman problem olur ki, biz onu problem kimi görürük. Nə düşünürüksə, onu hiss edirik. Duyğularımızın düşüncələrimizə bağlı olduğunu düşünsək əgər , o zaman düşüncələrimizin nə qədər rasional, nə qədər sağlam olmasının əhəmiyyətinə varmış olarıq.

Hər bir insanın səhv etmə haqqı vardır. Bəzən səhv olduğunu bilə-bilə onu təkrarlaya bilirik və ya doğru olmadığını bildiyimiz halda hər dəfəsində inanmağa davam edirik. Bu bizim əqli geriliyə malik olduğumuza dəlalət etməz. Nə qədər doğru olmadığının fərqində oluruqsa olaq inanmaq istədikdən sonra inanırıq və nə qədər səhv olduğunu düşünsək də, o səhvi təkrarlayırıqsa, ya hər dəfəsində nəticənin fərqli olacağını düşündüyümüz üçündür ya da alışılmış çarəsizlik duyğusunun dominant xarakterli olmasındandır.

Davranışlarımızın və yasadığımız duyğuların kontrolu bizim öz əlimizdədir. Əgər hər dəfəsində eyni davranışı edib fərqli nəticə gözləyiriksə və nəticə dəyişmirsə, o zaman düşüncələrimizə geri dönüb baxış perspektivimizi yenidən gözdən keçirməyin vaxtıdır .

Nələr yaşamış olmağımızın deyil, yaşadıqlarımız haqqında nə düşündüklərimizin əhəmiyyəti vardır…

 

Psixoloq İlahə Novruzova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir