yashil cay

Yaşıl çay doğrudanmı düşündüyümüz qədər xeyirlidir?

Baxış sayı: 1. 591

Yaşıl çay hələ qədim zamanlardan bəzi xəstəliklərə qarşı dərman kimi istifadə edilib. Yaşıl çay sağlamlıq və cavanlıq iksiri kimi də qəbul olunur. Qeyd edək ki, yaşıl çay insana enerji gətirir, heyvan yağlarını əridir, həzm sisteminə müsbət təsir göstərir. Xeyirli xüsusiyyətləri ilə yanaşı yaşıl çay dadı və görünüşü ilə də cəlb edir.

Xüsusilə də dəbli xanımlar və sağlamlıqlarının qeydinə qalanlar yaşıl çaydan bol istifadə etməyə çalışırlar. Yaşıl çay doğrudanmı düşündüyümüz qədər xeyirlidir? Terapevt Kazım Əhmədovun sözlərinə görə, müasir zamanda yaşıl çay çox güclü antioksidant hesab olunur: “Lakin aparılan çoxsaylı təcrübələr hədsiz dərəcədə çox antioksidant qəbulunun orqanizmə zərər verdiyini göstərir. Bununla yanaşı müxtəlif xəstəliklər inkişaf etməyə başlayır. Orqanizm müəyyən bakteriyalara qarşı müqavimət göstərə bilmir. Bu səbəbdən də yaşıl çayı çox içmək olmaz. Əgər gün ərzində 5-6 orta ölçülü fincan yaşıl çay içirsinizsə, bu, orqanizmə heç bir ziyan vurmayacaq. Lakin gün ərzində 1,5 litrdən çox tünd dəmlənmiş yaşıl çay içənlər sağlamlığına zərər vururlar”.

K.Əhmədov bildirib ki, yaşıl çay əsəb sisteminə də mənfi təsir göstərir: “Tünd dəmlənmiş halda yaşıl çay əsəblərin oyanmasına gətirib çıxarır. Belə ki, yaşıl çayın tərkibində qəhvəyə nisbətən kofein (tein) daha çoxdur. Bu səbəbdən də əsəb xəstəliklərindən əziyyət çəkən insanlara yaşıl çay çox içmək məsləhət deyil. Tez-tez əhvalı dəyişən insanlara da yaşıl çay mənfi təsir göstərir. Yuxusuzluqdan əziyyət çəkənlərə isə axşam vaxtı yaşıl çay içmək olmaz. Yaşıl çay yuxusuzluq yaradır. Gecə sağlam insanlar yaşıl çay içdikdə yuxuları qaçır”.

Onun sözlərinə görə, ürək-damar sistemi ilə bağlı problemləri olanlara da yaşıl çay içmək məsləhət deyil: “Bu içkinin tərkibində olan maddələr ürək döyüntüsünü çoxaldır ki, bu da xəstəliyin kəskinləşməsinə səbəb olur. Yaşıl çay ürək döyüntüsünün ritminin pozulmasına da səbəb ola bilər. Yaşıl çay mədəni də qıcıqlandırdığı üçün ac qarına içmək məsləhət deyil. Çoxu bilir ki, yaşıl çay həzm prosesini sürətləndirir. Deməli, yaşıl çay mədənin şirə ifrazını da sürətləndirir. Bu səbəbdən də mədə boş olduqda yaşıl çay mədədə yaraya çevrilə bilən eroziyalar yaradır. Xüsusilə də, mədəsində yara, mədə iltihabı olanlar acqarına çay içməməlidirlər. Düzdür, vaxtlı-vaxtında, həkim məsləhəti ilə yaşıl çayı içəndə bu problemlərə müsbət təsir göstərə bilər”.

Terapevt qeyd edib ki, xroniki mədə xəstəliklərinin kəskinləşməsi dövründə isə ümumiyyətlə, yaşıl çaydan imtina etmək lazımdır: “Yaşıl çayı spirtli içki ilə birlikdə içmək də təhlükəlidir. Əvvəlcə insanı yüngülləşdirsə də, sonradan ürək-damar və əsəb sisteminə, böyrəklərə mənfi təsir göstərir”, – deyən həmsöhbətimiz əlavə edib ki, yaşıl çayın spirtli içki ilə qəbulu infarkta da səbəb ola bilər: “Spirtli içkilər və yaşıl çay sidikqovucu effektə malikdir. Onların birləşməsi orqanizmin qəfil susuzlaşmasına gətirib çıxarır. Bu isə öz növbəsində əsəb gərginliyi, aqressiyaya, sonra isə enerjinin azalması ilə nəticələnir”.

Spirtli içki ilə yaşıl çay içmək dərinin də qocalmasına gətirib çıxarır. Əhmədovun dediyinə gör, yaşıl çay bir qrup insanların təzyiqini normal edir: “Təzyiq yuxarıdırsa, aşağı salır, aşağıdırsa qaldırır. Yaşıl çayı içdikdən sonra təzyiqin çox qalxmasından və ya kəskin enməsindən şikayət edənlərinsə, orqanizmi bu çayı qəbul etmir. Əgər yaşıl çay içdikdən sonra özünüzü yorğun hiss edirsinizsə və ya başınız ağrımağa başlayırsa, deməli, bu içki sizə düşmür. Ya bu içkidən imtina edin, ya da az miqdarda və açıq dəmlənmiş şəkildə için”.

Ümumiyyətlə, tam sağlam olduqda belə yaşıl çay içdikdən sonra səhhətinizdəki dəyişikliklərə fikir vermək lazımdır. Əgər çay içdikdən sonra sizdə qıcqırma olursa, deməli çay keyfiyyətsizdir.

Bakıda fəaliyyət göstərən çay evlərinin birində çalışan Günay Quliyevanın sözlərinə görə, məşhur markalardan olan yaşıl çayları almaq məsləhətdir: “Paket və ya toz şəklində olan yaşıl çaylarda isə əlavələr çox olur. Bu cür çaylar həm lazımi effketi vermir, həm də dadına görə gül və yarpaq şəklində olan çaylardan geri qalır”.

G.Quliyeva bildirib ki, düzgün dəmlənməmiş yaşıl çay orqanizmə zərər verə bilər: “Yaşıl çayı 3-4 dəfə dəmləmək olar. Belə ki, yaşıl çay ancaq ikinci dəmləmədən sonra açılmağa və dadını tam göstərməyə başlayır. Yaşıl çayın iyi də ikinci dəmləmədən sonra daha yaxşı hiss olunur. Lakin 2-3 saatdan sonra yaşıl çay öz xeyirli keyfiyyətlərini itirir və sadəcə susuzluq hissini yatıran içkiyə çevrilir. Dəmləmədən 12 saatdan sonra isə yaşıl çay toksik və zərərli maddələr ifraz etməyə başlayır. Bu zərərli maddələr isə orqanizmdə toplanmaq xüsusiyyətinə malikdirlər”.

Ona görə də çayı bir dəfə içmək üçün dəmləmək lazımdır. Müsahibimizə görə, dəmləmə zamanı yaşıl çay tez açılsın deyə əvvəlcə yaşıl çayı örtəcək qədər su əlavə etmək lazımdır: “Çaylar şişdikdən sonra iki barmaq qədər də su əlavə edin. 5-7 dəqiqə gözlədikdən sonra çayın dəmləndiyi çaydana suyu axıra kimi əlavə edin”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir