qadin

Yaxın Şərqin müsəlman ölkələrində qeybə çəkilən qadın hüquqları…

Baxış sayı: 870

Yaxın Şərq ölkələrində, xüsusən də iqtisadiyyatı zəif inkişaf etmiş və şəriətin iqtidara daşınmış olduğu ölkələrdə qadın hüquqları yox vəziyyətindədir. Əfqanıstandakı olaylar və “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra yaşananlar da göstərdi ki, qadınlara münasibət, müsəlman ölkələrində bu məsələdə vəziyyətin kritikliyi xeyli müzakirələrə səbəb olub. Demək olar ki, Şərqin müsəlman cəmiyyətləri içində qadın hüquqlarına görə ən yaxşı vəziyyət Türkiyədə və Azərbaycandadır.

Son illərin müşahidəsinə görə, Azərbaycan qadınları daha azad, daha sərbəst və dünyəvidirlər, həm sərbəst şəkildə etiqadlarını yaşamaq, həm də sosial həyatda özünü ifadə etməkdə digər Şərq ölkələrindən daha öndədirlər. Hərçənd problemlər də az deyil. Lakin müxtəlif məzhəblərə, xüsusən də radikal cərəyanlara məxsus dini şəriətin hökm sürdüyü cəmiyyətlərdə qadınların hüquqları və mövcudluqları sıfıra düşüb. Din inancın bir mənəvi ehtiyac kimi yaşandığı ölkələrdə din daha gözəl və cəlbedici olsa da, dinin siyasiləşdiyi, idarəetməyə daşındığı ölkələrdə İslam müxtəlif məqsədlər üçün alətə çevrilir və monipulyasiyaya məruz qalır. Burada qədim yerli adətlərin, müxtəlif Şərq cəmiyyətlərindəki arzuolunmaz qəbilə adətlərinin də rolu az deyil.

Bəs görəsən, ətraf ölkələrdə baş verənlər Azərbaycan cəmiyyətini də narahat edirmi və radikal cərəyanların təsir imkanlarının artması ölkəmiz üçün də keçərli həyəcan siqnalıdırmı?

Mövzu ilə bağlı  danışan Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirdi ki, Quranda qadın hüquqları çox gözəl təfsir olunub və İslam qadına çox böyük hüquqlar verib: “Sadəcə olaraq, İslamı axıra qədər bilməyənlər,  təriqətlərə bölünmüş, sektalara bölünmüş insanlar, radikal cərəyanların təsirinə düşənlər necə istəyirlərsə, şəriət qanunlarını o cür dəyişirlər. Onların hamısı bu gün İslamı bu vəziyyətə salıblar. Ancaq bütün dünyada bilinir ki, İslam ən demokratik, ən gözəl dindir. Bunu bütün dünya etiraf edir. Sadəcə olaraq,  bizim saxta mollalarımız, Qurandan xəbəri olmayan din adamlarımız,  uşaqları yığıb onlara dini yanlış şəkildə izah edənlər  insanlara təsir gücünə malikdirlər.

Novella Cəfəroğlu: “Çox məsələləri Ramil Usubovun yanına gedib, həll edirik" – MÜSAHİBƏ

Novella Cəfəroğlu: “İslamı bu günə qoyan məhz müsəlman dövlətləridir, dini bu şəkildə təbliğ etməklə, əcaib şəkildə salmaqla məşğuldurlar”

Bu istiqamətdə çox böyük işlər görülməlidir, böyük təbliğat aparılmalıdır. Alimlər, Quranı tərcümə edənlər, Nəriman Qasımzadə kimi bir insan İslamın dəyərlərindən danışmalıdır. Mən Nəriman Qasımzadəni çox gözəl tanıyıram və o, Quranı iki dəfə tərcümə edib və hər bir nöqtəsini əzbər bilir. İkinci tərcüməsi birincidən daha yüksək səviyyədədir. Bu cür insanlar bütün dünyaya göstərməlidirlər ki, qadına Quranda hansı hüquqlar verilib. Bütün bunlar müsəlman dövlətlərinə çatdırılmalıdır. Çünki müsəlman dövlətlərində bunlar düzgün təbliğ edilmir. İslamı bu günə qoyan məhz müsəlman dövlətləridir, dini bu şəkildə təbliğ etməklə, əcaib şəklə salmaqla məşğuldurlar. Sözsüz ki, bu məsələyə biganə qalmaq olmaz. Yalançı mollaların qadınlarla bağlı məsələlərdəki buyruqlarına əməl etmək olmaz. İslam doğru-düzgün təbliğ olunmalıdır. Dərslər keçilməlidir və əsl Quran dəyərləri bütün dünyaya çatdırılmalıdır”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri  Mehriban Zeynalovaya görə, bütün dünyada dinin ictimai qaydalara və normalara qarşı basqılarının artmasına cəhdlər var: “Bizə elə gəlir ki, bu problem yalnız bizə məxsusdur, amma bir çox ölkələrdə, hətta xristianlığın özündə katoliklər dinə meyilliyi artırmaq, dini qaydaları, normaları təbliğ etmək üçün can atırlar. 10 il bundan əvvəl Polşada katolik kilsəsi artıq bəzi qanunların tətbiqinə qadağa qoymağa və qanunvericiliyə təsir etməyə çalışırdı. Şərq dünyasında  isə bu, daha kəskin və  daha radikal formadadır, qadın hüquqlarını  kökündən dayandırmağa çalışırlar. Bu təsadüfi deyildi ki, müxtəlif videolar yayılırdı. Deyilirdi ki, bəs qadın nəfəs alsa bəsdi, ona necə qadağalar qoyulmalıdır. Bir çox hallarda buna gülürdük və ya bəziləri bunu dəstəkləyirdi. Mən çox şükür edirəm ki, Azərbaycan müəyyən demokratik ənənələri qoruyub saxlayır”.

Mehriban Zeynalova: “Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim” - Modern.Az Azərbaycan və dünya xəbərləri

Mehriban Zeynalova: “Elə düşünməyin ki, bu təkcə bizdədir,  dinin təsirini artırmaq meylləri Avropa ölkələrində də gedir”

M.Zeynalovanın sözlərinə görə, o qüvvələrin addım-addım cəmiyyətimizə ayaq açacağı istisna deyil və biz maksimum diqqətli olmalıyıq: “Biz əminikmi o qüvvələr bizim içimizə daxil olmur və insanların beyinlərini yumur. Bu bir SOS siqnalıdır, bu bir narahatlıqdır və  biz dörd gözlə baxmalıyıq ki, bu cür qüvvələr içimizə daxil olmasın. Təkcə təhlükəsizlik məsələsi deyil, təkcə Daxili İşlər Nazirliyinin və və ya Prezident Aparatının işi deyil, bu bütün xalqın işidir. Belə mesajlar olanda, belə hərəkətlər olanda bunları dərhal susdurmaq lazımdır. Onların da trol qüvvələri var. Hansısa söz deyəndə və müqavimət göstərən anda  başlayırlar insanı dinsizlikdə günahlandırmağa, utandırmağa, qısnamağa, bir çox üsullarla hücum edirlər ki, susasan. Hazırda belə bir proses gedir. Elə düşünməyin ki, bu təkcə bizdədir,  dinin təsirini artırmaq meylləri Avropa ölkələrində də gedir. Qadının hüququnu sual altına almağa çalışırlar. Lakin Avropada bunu tam edə bilmirlər, yavaş-yavaş təsir etməyə çalışırlar. Bunlar radikal qüvvələrdir, dindarlar deyil, dağıdıcı qüvvələrdir. Onların sabah öz iradələrini daha geniş kütləyə qəbul etdirmək, qonşu ölkələrdə təsirlərini artırmaq cəhdləri olacaq və bu çox təhlükəli haldır. Çox ciddi şəkildə ayıq-sayıq olub belə insaları aşkarlamaq lazımdır”.

Ekspertin fikrincə, radikal cərəyanlar müxtəlif yollarla  təsir güclərini artırmaq istəyirlər: “Bunu narkotiklərlə edirlər, din amili ilə edirlər. Ona görə də mən düşünürəm ki, biz çox ciddi şəkildə bu qruplarla mübarizəyə hazır olmalıyıq. Əslində dinin özünü, əsl dini təbliğ etsələr,  orada qadına qarşı hər hansı bir məhdudiyyət yoxdur. Mən inanmıram ki, İslam hansısa qadın hüquqlarını məhdudlaşdırsın. Biz onu da anlayırıq ki, hər dövrün özünün ictimai-siyasi prosesləri var və hər dövrün də müəyyən qaydaları var. O dövr üçün mövcud olan qaydaların bu gün olduğu kimi təbliğ edilməsi bir qədər ifratçılıqdır. Biz XIII əsrin  qaydaları ilə yaşamamalıyıq, biz inkişaf etməliyik,  dəyişməliyik. Allaha inam olmalıdır, dini etiqadımız yaşamalı, insanlar namazını qılıb, orucunu tutmalıdır. Bunlar dinin əsas şərtləridir. Ancaq bu o demək deyil ki, bütün həyatımızı məhv etməliyik, orta əsrlərə dönməliyik və qadın olduğumuz üçün ictimai həyatda yaşamamalıyıq. Mən dini etiqada dəyər verirəm, dinin qaydalarına doğru-düzgün riayət edənlərə də. Ancaq dinlə manipulyasiya edənlərə heç bir hörmətim yoxdur, hansısa maraqlara görə dini alətə çevirənlərə qarşı da mübarizə aparmalıyıq deyə düşünürəm”.

 

Nərgiz LİFTİYEVA

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir