qrip

Yay qripinə yoluxduran səbəblər

Baxış sayı: 417

İsti havada xilas yolu kimi görünən kondisionerlər yayda əsas xəstəlik mənbəyi hesab olunur. Adi qriplə eyni simptomları daşıyan yay qripinə yoluxmağın müxtəlif səbəbləri var. Adi qripdə xəstəliyə səbəb olan orqanizmlər fərqlidir və həmin mikroorqanizmlər insandan–insana ötürülür. Ancaq yay qripi əsasən ventilyasiya və su qurğuları içərisində yaşayan mikroorqanzimlərdən keçir. Maraqlısı budur ki, yay qripi insandan-insana yoluxmur.

Mövzu haqda danışan Səhiyyə Nazirliyin mütəxəssis-eksperti Zakir Quliyev aşağıdakıları dedi: “Xəstəliyin əsas simptomları adi qripdə olan üşütmə, titrəmə, qızdırma, burun axması, öskürək, boğaz ağrısıdır. Bundan qorunmaq üçün kondisionerin filtrləri mütəmadi olaraq təmizlənməlidir. Soyuq-isti balansına əməl olunmalıdır, çünki istidən soyuğa və ya soyuqdan istiyə çıxanda bədəndəki istilik mübadiləsinin pozulması nəticəsində xəstəliyin meydana çıxması halları artır”.

Yay qripi halsızlıq, yorğunluq, xırıltılı nəfəsalma, əzələ ağrıları ilə də özünü göstərə bilir. Bədən müqavimətinin zəifləməsinin səbəblərindən biri də çimərlik və hovuzdan sonra gigiyenik qaydalara düzgün əməl edilməməsidir.

“Dənizə gedərkən uzun müddət nəm paltarda qalmaq yay qripi xəstəliyinə yoluxmaq ehtimalını artırır. Hətta qışda da kondisionerdən istifadə edilməsi bədən müqavimətinin zəifləməsi nəticəsində həmin halın yaranmasına, yəni qrip xəstəliyinə səbəb ola bilər”, – deyə mütəxəssis-ekspert bildirir.

Xəstəliyə səbəb olan bakteriyalar əsasən kondisionerlərin filtrlərinin nəm olan yerlərində yerləşir. Hovuzlar və duş başlıqları da təhlükəli sahələrdir. Bütün bunların gigiyenik olması çox vacibdir. Yay qripindən qorunmaq üçün kondisionerin temperaturunu 22-23 dərəcədə saxlamaq, ani isti-soyuq hava dəyişiminin qarşısını almaq, bədənin su balansını tənzimləmək, hovuz və dənizə girdikdən sonra mütləq duş qəbul etmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir