istirahet

Yayda, yoxsa qışda məzuniyyətə çıxaq?

Baxış sayı: 913

Hazırda qızmar yay mövsümünü yaşayırıq. İnsanların böyük əksəriyyəti bu mövsümdə məzuniyyət götürür, istirahətə yollanır. Mütəxəssislər qeyd edir ki, işləyən şəxslər üçün məzuniyyət həm vacibdir, həm də lazım. Bu məsələ Əmək Məcəlləsində (ƏM) də tənzimlənib.

Məcəlləyə görə, əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Bu vaxtdan işçi öz istəyinə uyğun olaraq il ərzində vaxt seçimini özü etməklə yararlana bilər. Amma elə insanlar var ki, fasiləsiz olaraq, heç bir məzuniyyət götürmədən işləyir. Bəzən bununla fəxr edənlərə də rast gəlirik. Mütəxəssislər isə bildirir ki, il ərzində məzuniyyətsiz işləyən şəxslərdə sonradan səhhətlərində problem yaşanmağa başlayır. Məsələn, immun sistemi aşağı düşür, orqanizm adi xəstəliklərə qarşı müqavimətsiz olur, bədəndə xroniki yorğunluq baş qaldırır. Bu zaman şəxslər gün ərzində daim yorğun, halsız və yuxulu olur, görülən iş də effektli alınmır.

 

Bəs yay, yoxsa qış məzuniyyəti daha səmərəli hesab olunur?

Psixoloqlar əsasən yaz ayında, yəni mart ayında məzuniyyət üçün ən uyğun ay olduğunu bildirir. Çünki qış boyu yığılmış yorğunluq yaz aylarında psixoloji nasazlıqlara gətirib çıxardır, yuxusuzluq və əsəbilik yaranır. Mütəxəssislər bu aylarda profilaktika məqsədi ilə məzuniyyətə çıxmağı tövsiyə edir.

qışda məzuniyyət ile ilgili görsel sonucu

Yay istirahəti də çox səmərəli hesab olunur. Məlum olduğu kimi, yayda dənizdə çimmək, qum, Günəş vannası almaq olur. Həmçinin bu mövsümdə meyvə-tərəvəz bol olur. Meyvə-tərəvəzdən istifadə isə immunitetin güclənməsi deməkdir. Həmçinin yay mövsümündə şəhər insanlarının əksəriyyəti rayon və kəndlərə, çaylara, meşələrə üz tutur. Yer dəyişimi, təmiz hava insanın əhvalını yüksək edir. Bu baxımdan yay istirahəti çox dəyərli hesab olunur. Eləcə də qış və payız məzuniyyətləri də faydalı sayılır.

Ötən illərdə amerikalı alimlər bu mövzuda araşdırma aparmışdı. Məlum olmuşdu ki, ümumiyyətlə, ilin dörd fəslində məzuniyyətə çıxmaq lazımdır. Məzuniyyət müddəti isə bir həftədən çox olmamalıdır. Bildirilir ki,  artıq məzuniyyətin 7-ci günü xoşbəxt emosiyalar kütləşməyə doğru gedir. Məhz bu səbəbdən amerikalı alimlər psixoloji rahatlığa görə ildə dörd dəfə mini məzuniyyət tövsiyə edir.

Adil Qeybulla ile ilgili görsel sonucu

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla aşağıdakıları dedi:“Ümumiyyətlə, istirahət mədəniyyəti, hüququ olmalıdır və bunu dövlət tənzimləməlidir. Əmək Məcəlləsinə görə hər kəsin istirahəti haqqı var və istədiyi zaman məzuniyyətə çıxa bilər. Sovet dövründə həmkarlar ittifaqı, putyovkalar, göndərişlər olurdu ki, insanlar bunun sayəsində kifayət qədər istirahət edə bilirdi. Lakin indi bu sistem yoxdur. Digər məsələ ölkəmizdə istirahət zonalarında göstərilən serviz mədəniyyəti ilə bağlıdır. Dəfələrlə şahidi oluruq ki, bu cür yerlərdə xidmət mədəniyyəti aşağı olsa da, qiymətlər buna müvafiq olmayaraq çox baha olur. Məsələn, bölgələrdə 10 gün istirahət etmək Türkiyənin ən məşhur yerlərində istirahət etməkdən daha baha başa gəlir. Buna görə də insanlarımız istirahətə yollana bilmirlər”.

Adil Qeybulla qeyd etdi ki, yay istirahətinin çəkisi qış istirahətindən daha ağırdır: “Çünki bu fəsildə əksər insanlar digər yerlərə, bölgələrə, xarici ölkələrə istirahətə yollanır. Həm də bu mövsümdə istilərlə bağlı əmək qabiliyyəti də aşağı düşür. Qışda isə insanlar daha çox yeni təqvimlə bağlı istirahət etməyə, əylənməyə çalışır”.

Daha bir maraqlı fakt – araşdırma zamanı məlum olub ki, dünyada ən uzun məzuniyyət sahibləri fransızlar, almanlar, ispanlar, danimarkalılar və braziliyalılardır. Ən qısa məzuniyyət günləri isə ABŞ-da (14 gün), Yaponiyada (11 gün), Cənubi Koreyadadır (10 gün).

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir