kastyum

Yayın istisində kostyum “əzabına” dözən məmurlar

Baxış sayı: 1. 195

Ölkədə tədricən kəskin istilər müşahidə olunmaqdadır. Hər kəs havanın hərarətinə uyğun rahat paltarlar geyinməyə çalışır, tək məmurlardan başqa. Bu cür isti hava şəraitində məmurların, eləcə də dövlət idarələrində, özəl sektorlarda çalışan şəxslərin kostyum-şalvar, qalstuk geyindiklərinin şahidi oluruq.

Bu cür üsluba bəzən “dress-kod” deyilir. İlk dəfə bu söz Böyük Britaniyada yaranıb və bütün dünyaya yayılıb. Müasir “dress-kod” qayda və standartlarının bütövlüyü, işgüzar şəxslərin qəbul edilmiş normasıdır. Onun da bir neçə növü var. Məsələn, “Black Tie”, “Cravate Noire”, “Tuxedo” “derss-kod”ları gecə tədbirləri üçün nəzərdə tutulur. Buna uyğun olaraq kişilər cüt və ya tək düyməli “smokinq” geyir. Bu zaman köynək ağ rəngdə, kəpənək qalstuk və ayaqqabı qara rəngdə olur.

Bəzən qeyd edirlər ki, əgər hansısa dövlət qurumunda və yaxud sektorda məsul vəzifə tutan şəxs cins şalvarda, dar köynəkdə və idman ayaqqabısında işə gələ, tədbirə qatılarsa, ictimaiyyət tərəfindən qeyri-ciddi qarşılanar. Eləcə də qalstuk onu geyinən adamın statusunu, zövqünü xarakterizə edir. Bunun üçün işgüzar şəraitdə mütləq şəkildə işgüzar geyimdən istifadə etmək lazımdır.

sıcakta takım elbise ile ilgili görsel sonucu

Əksinə, Avropa və digər inkişaf etmiş ölkələrdə yüksək vəzifəli məmurlar geyimlərində çox sərbəstdirlər. Məsələn, sabiq ABŞ prezidenti Barak Obama prezidentlik dövründə  vaxtaşırı rahat geyimlərdən istifadə edib. Belə ki, o, hakimiyyəti dövründə bir çox hallarda qeyri-rəsmi tədbirlərə köynəyinin qollarını qatlamış vəziyyətdə, qalstuksuz qatılırdı. Onun bu cür üslubunu zamanında bir çox siyasilər də təqlid edirdi. Rəsmi hallarda isə onun şəxsi “derss-kodu” olurdu – birdüyməli pencək, uzun, enli şalvar və ağ köynək. Qalstuklarını isə adətən mavi rəngdə seçirdi.

Bu məqamda qeyd edək ki, hazırda da ABŞ siyasətçiləri üçün parlaq qırmızı qalstuk taxmaq az qala məcburi sayılır.

Yunanıstanın baş naziri Aleksis Çipras isə ilk dəfə olaraq yalnız bu günlərdə qalstuk taxaraq ictimaiyyət qarşısına çıxdı. Buna qədər baş nazir qalstukdan istifadə etməməsi ilə tanınırdı. Baş nazir bunu ölkəsinin kreditorlara olan borcunun çoxluğu ilə əlaqələndirirdi. Çipras yalnız həmin borcu azaltmağa nail olacağı halda qalstuk taxacağına söz vermişdi. Bu sözünə əməl edən hökumət başçısı, nəhayət, qalstuk da taxıb. Beləliklə, Afinada təşkil olunan tədbirdə çıxış edən baş nazir qalstukla ona çətin olduğunu, lakin zamanla alışacağını deyib.

Ä°lgili resim

Eləcə də Böyük Britaniyanın baş naziri vaxtilə qısa şortda küçədə velosipedlə gəzməsi ilə gündəmə gəlmişdi. Fransada, İtaliyada bu günə qədər deputatlar parlamentə qalstuk taxmadan, gündəlik geyimdə gedə bilir.

Lakin bəzi ölkələrdə məmurların geyimləri qanunla rəsmiləşib. Məsələn, qardaş Türkiyədə deputatlar parlamentin daxili nizamnaməsinə əsasən geyinirlər. Bir neçə il öncəyə qədər hətta qadın deputatların şalvar və hicabda parlamentə girişi qadağan idi. Lakin 2013-cü ildə bu qanunlar ləğv edildi və artıq qadınlar islami dəyərlərə uyğun baş örtüsündə və şalvarda parlamentin iclasına qatıla bilirlər.

məmurlar ile ilgili görsel sonucu

Və yaxud Gürcüstanda səfirlər üçün müəyyən tədbirlər, bayramlarda geyinmək üçün milli forma hazırlanıb. Səfirlər mütləq şəkildə bu qaydaya əməl edir.

Ölkəmizdə isə məmurlar üçün geyim normaları müəyyənləşməsə də, qanunla yazılmayan qaydalara riayət olunur. Yuxarıda da qeyd etdiyimiz kimi, havanın temperaturu 40 dərəcə olsa belə məmurlar, dövlət adamları, hətta müəllim, idarə müdirləri rəsmi tədbirlərə, işə əgər kişidirsə, kostyumda, qadındırsa, ətəkdə və pencəkdə gəlir. Yəni “rəsmi geyim” məsələsi hələ ki rəsmiləşməyib, protokolla müəyyən edilməyib. Bu baxımdan bəzən şahidi oluruq ki, parlamentin iclasına bəzi deputatlar qalstuksuz qatılır və sairə.

Bəs rəsmi geyim mütləqdirmi? Tanınmış modelyer Gülnarə Xəlilova mövzu ilə bağlı aşağıdakıları dedi: “Əlbəttə ki, rəsmi tədbirlərə rəsmi geyimlər geyinmək lazımdır. Şənliklər olur ki, orada da səliqəli geyinəndə insan gözəl görünür. Yəni kostyumlar bəylərə daha gözəl, maraqlı yaraşır. Düşünürəm ki, hazırda onsuz da olduğumuz məkanlarda kondisionerlər çalışır və onlar üçün bu geyimlərdən istifadə etmək o qədər də çətin deyil. Əgər başqa məkanlarda olarlarsa, kostyumlarını çıxara bilərlər. Və yaxud isti havalarda pencəyin altından qolu qısa köynəklər geyinmək olar. Lakin ümumilikdə bu məsələyə yay-qış mövsümü ilə bağlı baxmaq lazım deyil. Əgər rəsmi tədbirə rəsmi geyim tələb olunursa, deməli, bu, daha düzgün olanıdır. İşgüzar işlərdə mütləq şəkildə rəsmi geyim geyinmək lazımdır və mən bunu başqa cür qəbul edə bilmirəm. Məsələn, mən dizaynerəm və işə sərbəst geyim geyinə bilərəm. Lakin dövlət strukturunda çalışan şəxslər üçün geyim formatı var və ondan istifadə edilməlidir”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir