xestelik

Yaz aylarında suçiçəyi xəstəlik niyə intensivləşir?

Baxış sayı: 1. 329
Səhiyyə Nazirliyi ölkədə əhali, xüsusilə uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma halları ilə bağlı məlumatlara münasibət bildirib. Trend-in məlumatına görə, nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva ölkədə hazırda suçiçəyinə yoluxma hallarının qeydə alındığını təsdiqləyib. Lakin o bildirib ki, bu il ümumilikdə ölkədə suçiçəyinə yoluxan insanların sayı azalıb. Mərkəz rəsmisinin sözlərinə görə, ötən ilin yanvar-mart ayları ərzində respublikada 6628 suçiçəyinə yoluxma hadisəsi qeydə alınmışdısa, bu ilin 1-ci rübündə belə hadisələrin sayı 5886 olub. Bu isə ötən ilə nisbətən 11,2 faiz azalma deməkdir: “Bu rəqəm bütün respublika üçün çox deyil. Suçiçəyi Azərbaycanda idarə olunmayan infeksiyadır və ona qarşı peyvənd işi aparılmır. Buna görə də biz yalnız əks-epidemik tədbirlər vasitəsilə belə halların sayının azalmasına nail olur, xəstəliyin yayılmasının qarşısını alırıq. Lakin peyvəndlə idarə olunan xəstəliklərin qarşısını ala bilirik”.
A.Əliyeva deyib ki, hazırda suçiçəyi daha çox məktəbyaşlı uşaqlar arasında müşahidə edilir: “Əsasən, məktəblilər arasında, mütəşəkkil kollektivlərdə bu xəstəliklərə rast gəlinir. Bağçalarda belə hallara o qədər də rast gəlinmir. Ancaq heç bir məktəbdə, uşaq müəssisəsində yoluxma sayında artım qeydə alınmır. Xəstəlik tək-tək hallarda qeydə alınır”. Onun sözlərinə görə, suçiçəyinə yoluxma, əsasən, əhalinin sayı çox olan böyük şəhərlərdə, xüsusilə Bakıda rast gəlinir.
A.Əliyeva bildirib ki, ümumilikdə hava-damcı yolu ilə yayılan infeksiyalara yoluxma hadisələri, əsasən, payız-qış aylarında müşahidə edilir: “Amma yay mövsümünə keçən zaman bu xəstəliklərə yoluxma hadisələrinin sayı azalır”.
Bəs görəsən yaz aylarında xəstəlik niyə intensivləşir? Bunun qarşısını almaq üçün hansısa tədbir görülməlidirmi?
Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, suçiçəyi infeksion xəstəlik hesab olunur: “Xəstəliyi keçirən şəxslərdə ona qarşı anadangəlmə immunitet yaranır. Suçiçəyi yoluxucu xəstəliklər qrupuna daxildir və valisella virusları vasitəsi ilə yayılır. Bu xəstəliyə yoluxan zaman çalışmaq lazımdır ki, xəstə yataq rejimində olsun və çoxlu maye qəbul etsin. Xəstələr vaxtında vaksinasiya edildikdə xəstəlik daha yüngül keçir. Xəstəliyin ən çox keçmə yolu hava-damcıdır. Xəstəlik zamanı qızdırma müşahidə olunur. Suçiçəyi zamanı yaranan səpkilərin içində maye olur. Yaxşı olardı ki, həmin səpkilərin üstünə brilliant yaşılı, quruducu antiseptiklər vurulsun. Xəstəlik zamanı yaranan yaranı qaşımaq məsləhət görülmür. Sonradan onun izləri və çapıqları dəridə qalır”.
A.Qeybulla deyir ki, xəstəliyin əsas mənbəyi su çiçəyinə yoluxmuş insandır: “Adətən 6-7 yaş arasında bu xəstəliyə yoluxma ehtimalı daha çoxdur. Amma istənilən yaşda yoluxma riski var. Əgər xəstə digər təhlükəli xəstəliklərə, məsələn QİÇS virusuna yoluxubsa, onun suçiçəyinə təkrar yoluxma ehtimalı istisna edilmir. Yerdə qalan hallarda adətən təkrar yoluxma halları müşahidə olunmur. Əgər xəstə rejimə düzgün riayət etməzsə, onun səhhətində müxtəlif ağırlaşmalar ola bilər. Ona görə də vaxtında profilaktik tədbirlərin görülməsi çox mühümdür. Əgər xəstəliyin qarşısı alınmazsa və biganə yanaşılarsa, xəstə suçiçəyini ayaqüstə keçirərsə, onda beyin iltihabı və ürək qişasının iltihabı ola bilər”.
Həkim-pediatr Kənan Qarayev bizimlə söhbətində bildirdi ki, suçiçəyini varicella zoster virusları törədir: “Bu viruslar əsasən yaz aylarında, qışdan yaza keçid edilən dönəmlərdə daha çox aktivləşir. Ona görə də bu mövsümlərdə xəstəlik adi vaxta nisbətən daha da intensivləşir. Suçiçəyi əsasən hava-damcı və virusa yoluxmuş şəxslə kontakt vasitəsilə yayılır. Sağlam insan virusa yoluxmuş şəxslə kontaktda olduqda suçiçəyi virusları sürətlə yayılır. Kontaktdan 20-23 gün ərzində sağlam insanın da virusa yoluxma ehtimalı riski var. Xəstə insanın bədənindəki viruslar 7 gün sonra yoluxduruculuq ehtimalını itirir. Xəstəlik bədənin kürək və üz nahiyələrindən başlayaraq aşağı nahiyələrə doğru yayılır. Bəzən bunun əksi də ola bilər. Bəzən valideynlər suçiçəyini digər dəri xəstəlikləri ilə səhv salırlar. Bu zaman yaxşı olar ki, həkimə müraciət etsinlər. Əgər xəstənin temperaturu yüksək olarsa, temperatur salıcı dərmanlardan istifadə edilə bilər. Amma yaxşı olardı ki, ev şəraitində çox  müdaxilə edilməsin”.
K.Qarayev bildirdi ki, xəstəlik zamanı bədəndə yaranan suluqlu elementlər (səpkilər) bir neçə gün sonra yavaş-yavaş qurumağa başlayır: “7-10 gün sonra köhnə elementlər quruyub qabıqlayır. Xəstənin tam sağalması və kollektivə buraxılması isə təqribən 21-23 gün çəkir. Sonrakı mərhələdə bəzən valideynlər antibiotiklərdən istifadə edir və ya aspirin tərkibli dərmanlar verirlər. Bunun isə sonradan böyük fəsadları ola bilər. Fəsadların qarşısını almaq üçün xəstə ilk növbədə normal otaq temperaturunda olmalı, vitaminli qidalar qəbul etməlidir. Çünki suçiçəyinə yoluxan xəstənin immuniteti aşağı düşür. Uşağın gigiyenasına, əllərini təmiz saxlamasına diqqət yetirməli, otağın havasını tez-tez dəyişməlidirlər. Bundan sonra xəstədə suçiçəyinə qarşı immunitet yaranır ki, o bir də bu virusa yoluxmur. Suçiçəyinə qarşı uşaqlara hələ kiçik yaşlarından peyvənd iynəsi vurulur. Peyvənd edilmədikdə xəstəlik daha ağır formada keçir. Bəzən uşaqlar peyvənd olunduqdan sonra da xəstəliyə yoluxa bilirlər. Fərq ondadır ki, peyvənd olunan uşaqlar xəstəliyi daha yüngül formada keçirir və əlamətlər daha yüngül olur. Peyvənd olmayan uşaqlarda isə daha ağır fəsadlara gətirib çıxara bilir”.  (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir