keramet boyukcol-aysel elizade

Yazıçılar ənənələri “topa tutdular”: “Bakirəlik boş və mənasızdır”

Baxış sayı: 521

Ziddiyyətli ailələrdə cülüklərin boşanması hüquq elminin ən uğurlu seçimlərindən biridir. İnsanlar bir-birini öldürməsin, inctiməsin, əzab içində yaşamağa davam edərək cəmiyyətə zəhər ötürməsin. Daha önəmlisi isə bu drama şahid olan travmalı uşaqlar yetişməsin deyə dövlətlər rəsmi boşanma aktını düşünüblər. Boşanma hüquqi mədəniyyətdir.

Amma cəmiyyətimizdə boşanan qadınlara münasibət birmənalı deyil. Bəzi qadınlar fiziki, psixoloji, hətta cinsi zorakılıqla üzləşsələr belə boşanmaq üçün addım atmırlar, daha doğrusu ata bilmirlər. Buna isə ilk növbədə sosial-iqtisadi, psixoloji amillər təsir göstərir. Digər tərəfdən cəmiyyətin qınağı da bu işdə böyük rol oynayır. Qadın boşanmaq istəyəndə, hətta öz valideynləri belə buna müsbət yanaşmır. Nəticədə qadınlar məcburi şəkildə zorakılıq hallarına dözməli olurlar.

Mövzu barədə danışan yazıçı Kəramət Böyükçöl qeyd edir ki, Azərbaycanda cəmi 3-4 problem var, qalanları həmin problemlərin törəmələridir:

“Bir insan üçün başqasının şəxsi həyatı niyə maraqlı olmalıdır ki? İş-güc yox, bekarçılıqdır, bilmirlər neynəsinlər, ona görə də başqalarının həyatına burun soxurlar”.

K.Böyükçöl qeyd edib ki, hüquqi bir dövlət olsaq da, əsasən adət-ənənə ölkəsiyik:

“Məsələn, boşanmış qadınlara belə münasibətlər ilk olaraq adət-ənənələrdən qaynaqlanır. Sivil dünya görüşünə malik bir ölkə, cəmiyyət olsaq, belə hallar yaşanmaz. Ölkəmizdə hələ də bakirəlik kompleksi ilə yaşayırlar.

Bunların hər biri şəxsən mənim üçün boş və mənasız şeylərdir. Cismin bakirəliyi olduğu kimi, ruhun da bakirəliyi var. Elə qadınlar var ki, cismən bakirə olsa da, ruhən belə deyil.

Hələ də gəlinin belinə qırmızı lent bağlamaq gündəmdədirsə, boşanmış qadına da münasibət birmənalı olmur.

Bir əhvalat danışım: Təsadüfən məclislərin birində idim, 15-20 nəfər oğlanın hərəsi 15-20 sevgi xatirəsi danışdı. Məsələn, universitetin akt zalında filan qızla filan şeyləri etmişik və.s. Lakin soruşsan hamısının bacısı, xalası qızı namuslu və qeyrətlidir. Bəs, onların xatirəsini danışdıqları qızlar kimin bacısı, əmisi və dayısı qızlarıdır? Bir sözlə çox dəlixana cəmiyyətdir, hərə bir ağıldadır”.

Yazıçı Aysel Əlizadənin sözlərinə görə, nə qədər 21-ci əsrdir desək də, problemlərimiz orta əsrlərdən qalmadır:

“Qədim zamanlarda sivilizasiya qurulmamışdı, istehsalat yox idi, iqtisadiyyat inkişaf etməmişdi, insanlar bekar idilər. Tayfa və qruplaşmalardakı insanlar boşluqdan özlərinə cürbəcür dəyərlər uydururdular, qadın üzərində əxlaq normaları qurulurdu, dini mühafizəkarlıq cəmiyyəti idarə edirdi. Katolik kilsəsindən üzü bu yana cəmiyyəti əldə saxlamağın yolu onun qadınını mühafizə etmək idi”.

Yazar xanımın fikrincə, cəmiyyətimizdə boşanan qadınlara birmənalı münasibətin olmaması insanların boş-bekar olması ilə bağlıdır:

“İnsanların  hər hansı bir peşə-sənət, hədəf və məqsədi olmadıqda ətraflarındakı adamla əlləşirlər və bütün enerjilərini məhz o insana sərf edirlər. Bu enerji isə adətən aqressiv olur.

İnanmıram ki, bir kişinin işi-gücü, hədəfi, böyük arzuları olduğu halda qadını mühafizə etsin, onu boşanmağa qoymasın. Daha çox yoxsul ailələrdə belə problem olur. İnsanlar yalnız ona görə yoxsul olmurlar ki, iş tapa bilmirlər.

Düzdür, işsizlik də önəmli faktordur. Eyni zamanda məqsədsizlik də vacib məqamlardan biridir. Passiv kişilər və arzusu olmayanlar cinayətkara çevrilə bilirlər. Qadını mühafizə edir, döyür və enerjisini ona tökürlər.

Ona görə də insanları məşğul etmək lazımdır. Gərək insanları məqsədə, işə cəlb edək ki, bekar qalmasınlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir