kisi-usaq

Yemək hazırlamaq və ev işlərinin görülməsi zorakı kişilərin rəftarını necə dəyişir?

Baxış sayı: 1. 318

Ruandada yerli icmalar arasında aparılan maarifləndirmə təşəbbüsünün məqsədi məişət zorakılığını azaltmaqdır. Bu proqram çərçivəsində kişilərə gündəlik ev işlərinin görülməsi öyrədilir. Bu yaxınlarda keçirilmiş tədqiqatın nəticələri güman etməyə əsas verir ki, bu təşəbbüs icmalara müsbət təsir göstərir.

 

Muhoza Jean Pierre əvvəllər arvadını döyürdü.

O, arvadına uşaq doğmaq və onlara baxmaq üçün evləndiyi bir qadın kimi yanaşırdı.

“Mən atamın etdiyini edirdim. Mənim atam heç zaman ev işi görməzdi”, o deyib.

“Evə gəlib görəndə ki, hansısa iş hələ görülməyib, mən onu söyürdüm”.

“Mən onu tənbəl adlandırdım, deyirdim ki, fərsizdir, valideynlərinin evinə qayıtmalıdır”.

Lakin sonra nəsə dəyişdi – Jean Pierre özü yemək hazırlamağı və ev yığışdırmağı öyrəndi.

Bu, onun Ruandanın şərqində yerləşən Mwulire adlı kənddə maarifləndirmə proqramının tətbiq edilməsi nəticəsində mümkün olub.

Bu proqramın məqsədi kişiləri, uşaqlara baxmaq da daxil ev işlərilə məşğul olmağa həvəsləndirməkdir.

Jean Pierre deyir ki, “Bandebereho” adlı layihə ona öz davranışını düzəltməyə kömək edib.

O, proqram çərçivəsində yemək hazırlamaqdan evi təmizləməyədək bütün dərs və müzakirələrdə iştirak edib.

“Onlar bizdən soruşanda ki, “kişi evi süpürə bilərmi?”, biz “bəli, bilər” cavabını verirdik”.

“Bunun ardından isə “Sizin aranızda bunu edən varmı” sualı veriləndə isə, aramızda beləsi tapılmırdı”.

Image result for yemək bişirən kişilər

“Əsl kişi yemək bişirməz”

“Bandebereho” proqramından fəallar Jean Pierre-ə arvadının görməli olduğunu hesab etdiyi işlərin öhdəsindən necə gəlməyi öyrədiblər.

“Biz öyrəndiklərimizi, evə gedib orada tətbiq etməliydik”.

“Sonra biz işlədiyimizə şahidlik edən adamlarla qayıtmalı idik və onlar bizim ev işini gördüyümüzü təsdiqləməliydilər”.

“Mən necə yemək bişirməyi bilirəm. Uşaqların paltarını yuyuram, bananın qabığını necə soymağı, quru manioku əzib üyütməyi, una çevirməyi bacarıram”.

Kişi və onun arvadı.

Lakin dəyişiklərə nail olmaq asan iş olmayıb, çünki Jean Pierre-in dostları onu ev işlərini görmək həvəsindən salaraq deyirdilər: “Əsl kişi yemək bişirməz”.

“Ailəm və dostlarım deyirdilər ki, görünür, arvadım mənə dərman verib… (onlar) deyirdilər ki, kişi küçədə odun daşımaz, bunu arvadının təpiyinin altında olan kişilər edər”.

Lakin ailəsi üçün müsbət dəyişikləri görəndən sonra Jean Pierre bu işi davam etdirib.

O deyir ki, indi uşaqları onu daha çox istəyir, arvadı banan biznesilə məşğuldur və bu biznes onlara evlərini təmir etmək imkanı verib.

“Arvadımın mənə indiki münasibəti əvvəlkindən fərqlidir”, o deyib.

“Əvvəllər mənim ona münasibətim pis olduğundan, onun da mənə münasibəti pis idi. Lakin indi biz görəcəyimiz işləri müzakirə edib razılaşdırırıq”.

“Mən onu azad etdim, indi o da işləyir, mən də”.

 

Qorxu və azadlıq

Jean Pierre-in arvadı Musabyimana Delphine deyir ki, əvvəllər qorxu içərisində və azadlığı məhdudlaşdırılmış vəziyyətdə yaşayıb.

“Bəzən mənə elə gəlirdi ki, mən sadəcə fəhləlik edirəm, amma fəhləyə işinə görə maaş verilməlidir”.

“Qadında ona məxsus pulun ola bilməsini heç vaxt təsəvvür edə bilməzdim, çünki bu barədə heç düşünmək imkanımda olmayıb”.

“İndi mən özümü daha azad hiss edirəm, evdən bayıra çıxa bilirəm, hamı kimi pul qazanmaq imkanım var.”

 

Kişi

Bazarda banan satmaq üçün Delphine səhər saat 5-də evdən çıxır, Jean Pierre isə evdə dörd balaca uşaqla qalır.

“Evə gələndə görürəm ki, yemək artıq hazırlanıb”, o deyir.

Bu layihənin tədris planı ilk olaraq Latın Amerikasında MenCare adlı qlobal atalıq təşəbbüsü çərçivəsində hazırlanıb.

Bu təşəbbüs çərçivəsində uşağa baxılması və ev işlərinin təxminən 50 faizinin kişilərin öz üzərinə götürlməsi nəzərdə tutulur.

Ruandada iki il ərzində aparılmış müşahidələr nəticəsində müəyyən edilib ki, uşağabaxma dərslərini keçən kişilərin, həmin dərsləri almayan kişilərlə müqayisədə qadın partnyorları ilə zorakı tərzdə rəftar etmək ehtimalı daha aşağı olur.
Ruandanın Milli Statistika İnstitutunun 2015-il üçün məlumatına görə, ölkədəki kişilərin 52 faizi partnyorlarına qarşı zorakı hərəkət etdiyini etiraf edib.

Ruandanın Kişi Resurs Mərkəzi ölkənin bütün bölgələrində “Bandebereho” proqramının tətbiq edilməsini istəyir.

“Ruandada kişilərin qadınlara qarşı etdiyi zorakılıq hələ də yüksək səviyyədə qalmaqdadır”, – Mərkəzin rəhbəri Fidele Rutayisire hesab edir.

“Ənənəyə görə, burada kişilər uşağa baxmırlar. Cinsi həyat, resurslar, qərar verilməsi ilə bağlı məsələlərdə hələ də kişilər başlıca rol oynayır”.

“Kişilər uşağabaxma işlərinə aktiv olaraq cəlb ediləndə, onların genderlərarası münasibətlərə yanaşması da müsbət istiqamətdə dəyişir, onlar gender bərabərliyinin dəyərini anlamağa başlayırlar”.

Delphine və Jean Pierre üçün bu proqram təkcə ailələrinə yox, bütövlükdə icma üçün də faydalı olub.

“Bizim üçün bal ayı indi başlayıb – toyumuzdan 10 il sonra”, Jean Pierre deyir.

“Qonşularımızda münaqişə və ya təhlükəsizliklə bağlı problemli bir vəziyyət yarananda, bizim məsləhətimizi böyük hörmətlə qəbul edirlər, çünki görürlər ki, biz ailə olaraq öz evmizdə problemsiz dolanırıq”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir