evlilik

Yeni bəla: oğlanlar evlənməyə qız tapmayacaq

Baxış sayı: 1. 445
Rəsmi statistikada qızların sayının oğlanların sayına nisbətdə artması müşahidə edilir.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev məlumat yayıb.
Belə ki, 1986-1990-cı illərdə doğulanlarda hər 1000 kişiyə 1020 qadın, 1991-1995-ci illərdə doğulanlarda hər 1000 kişiyə təxminən 978 qadın, 1996-2000-ci illərdə doğulanlarda hər 1000 kişiyə 922 qadın, 2001-2005-ci illərdə doğulanlarda hər 1000 kişiyə 880 qadın, 2006-2010-ci illərdə doğulanlarda hər 1000 kişiyə 872 qadın, 2011-2014-ci illərdə doğulanlarda hər 1000 kişiyə 859 qadın düşür. Beləliklə də oğlanların sayı qızlara nisbətən 15 faiz artıb.
Daha bir məqam kənd yerlərində doğulan oğlan uşaqlarının sayı şəhərə nisbətən daha çoxdur. Məsələn, 2013-cü ildə şəhər yerlərində doğulan oğlan uşaqlarının sayı qızlardan 11,8 faiz çox olduğu halda kənd yerlərində bu göstərici 15,2 faiz təşkil edib.
Ekspert Nübar Seyidova isə virtualaz.org saytına deyib ki, oğlan uşaqlarının sayının artmasının əsas səbəbi qız uşaqlarının abort edilməsidir: “Qız uşaqlarının azalmasının başlıca səbəblərindən biri uşağın cinsiyyəti bəlli olandan sonra onların abort edilərək götürülməsidir. Rəsmi statistikaya görə, il ərzində 25-33 min uşaq abort etdirilir. Lakin qeyri-rəsmi statistikada ildə 100 mindən çox uşağın abort olunduğu bildirilir. Doğulan uşaqlar arasında gender disbalansı yaranması ciddi demoqrafik problemə səbəb olacaq. Yəni vəziyyət bu cür davam edərsə, cəmiyyətimiz yaxın 10-15 ilə ciddi problemlə qarşılaşacaq. Mövcud normaya görə, hər doğulan 106 oğlana 100 qız uşağı olmalıdır”.
Xatırladaq ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanuna əsasən, ciddi göstəriş olmadığı halda ultrasəs müayinəsi aparılması qadağan edilir.
“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna görə isə hamiləliyin süni şəkildə pozulması hamiləliyin 12-ci həftəsinə qədər olmalıdır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir