Yeni diridoğulma meyarlarının tətbiqi başlanıldı

Baxış sayı: 1. 243

2015-ci il yanvarın 1-dən Azərbaycanda yeni diridoğulma meyarlarının tətbiqinə başlanılıb. Bu da ölkədə çox az çəkili yeni doğulmuşların yaşamasına ümid verir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeni diridoğulma meyarlarının müvəffəqiyyətlə tətbiqi üçün aidiyyəti tibb müəssisələri, səlahiyyətli və qərar qəbul edən strukturlar buna dair məlumatlı olmalı, lazımi dəstək göstərməlidirlər.

Eyni zamanda belə bir məsuliyyətli, çətin işin təşkili və icrasında yalnız səhiyyə qurumlarının deyil, digər sektorların, o cümlədən kütləvi informasiya vasitələrinin birgə səyləri vacibdir.

Bu məqsədlə 2016-cı il yanvarın 27-də saat 10.00-dan 12.00-a kimi kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq təşkil olunacaq. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) 6-cı mərtəbəsində keçiriləcək brifinqdə diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar ölkədə həyata keçirilən tədbirlərdən söhbət açılacaq, ana və uşaqların sağlamlığının qorunması sahəsində rast gəlinən problemlər müzakirə ediləcək.

Brifinq sayəsində media nümayəndələri ana və uşaqların sağlamlığının qorunması, vaxtından əvvəl doğuşların qarşısının alınması üçün reproduktiv yaşda olan qadınların diqqət yetirməli olduqları vacib məqamlar barədə məlumatlar veriləcək. Bu da onların ictimaiyyətə çatdıracaqları mesajların müəyyənləşməsinə öz müsbət təsirini göstərəcək.

Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. Azərbaycanda səhiyyə xidmətlərinin inkişafı, tibb müəssisələrinin yeni avadanlıqlarla təchiz edilməsi, tibb işçiləri tərəfindən müasir texnologiyaların mənimsənilməsi, perinatal mərkəzlərin yaradılması doğuşayardım xidmətlərinin gücləndirilməsinə şərait yaradıb.

Yeni uşaq xəstəxanalarının tikilməsi, yenidən qurulması və digər tədbirlər bu sahəyə göstərilən xüsusi qayğının nümunəsidir. Respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.

İSİM tərəfindən də mütəmadi olaraq ana və uşaq sağlamlığının qorunması istiqamətində ictimai maarifləndirmə işləri aparılır, mövzu ilə əlaqədar maarifləndirmə materialları hazırlanır. Diridoğulmanın beynəlxalq meyarlarına keçidlə bağlı tədbirlər çərçivəsində ali təhsil müəssisələrində tələbə heyəti, qadın məsləhətxanalarının həkimləri və hamilə qadınlar ilə İSİM-in həkim və kommunikasiya mütəxəssislərinin görüşləri keçirilib.

Proses davam edir. <p”>Fəaliyyət çərçivəsində hazırlanmış videoçarx telekanallar vasitəsilə yayımlanacaq, mütəxəssislərin çıxışları təşkil olunacaq, reportaj və süjetlər hazırlanacaq. Ana və uşaqların sağlamlığının qorunması məqsədilə hazırlanacaq videoçarxın ictimai yerlərdə nümayişi də nəzərdə tutulub. <p”> <p”>

Bu ictimai maarifləndirmə tədbirləri “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına və Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi arasında imzalanmış birgə Fəaliyyət Planına müvafiq olaraq həyata keçirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir