sahile

Yeni don – HEKAYƏ

Baxış sayı: 1. 577

Qaçqınlar kəndi də özləri ilə gətirmişdilər həyətlərinə. Binaların ətrafındakı boş sahələri çəpərləyib, bağ düzəltmiş, ağac əkmiş, hin tikib toyuq-cücə tökmüşdülər içinə.

Yağış yağmışdı. Sulu asfalta yapışıb qalmış sarı payız yarpaqları ağacda duruş gətirəcək qədər güclü olmasalar da, hələ canısulu idilər. Köhnə asfalt çatlarına dırmaşıb çölə çıxan otlar yuyunub təmizlənmiş,  rəngi-rufu açılmış qarajların çoxu maşınsız idi. Bəzi qonşular kasıbçılıqdan maşınlarını satmışdılar. Bəziləri isə şəhərin mərkəzindəki evlərini əcnəbilərə kirayə verib qıraq yerdə yaşamağa başlamışdılar deyə, ayaqlarını yerdən ayıran dəmir arabalarını da sürüb özləri ilə aparmışdılar. Əcnəbiləri xidməti maşınlar aparıb-gətirirdi. Bir-iki qaraja isə qaçqınlar sığınmışdı. Məsələn, Arzunun təzə dostlaşdığı qızın altı nəfərlik ailəsi yataqxana tapmadığından, qaraja sığmışdı. İcra hakimiyyətindən demişdilər yayı keçinin, görək qışı neyləyirik.

Dərzi qız həmişəki kimi qapını özü açdı, Arzunu qarşılamağı isə fərqli oldu. Qızın canfəşanlığı Arzunu çaşdırdı. Adətən, paltarölçdüyə gələndə dərzi qızla çox az danışırdı. Danışmağı sevsə də, dərzisinin evinə çökmüş sükut Arzunu elə boğurdu ki, istəsə də səsini bərkdən çıxara, ağzını tez-tez açıb-yuma bilmirdi. Elə bil evin içində səssizlik toru toxunmuşdu, qapıdan girən kimi onun ortasına düşür, əl-qolu bağlanır, ağzı yumulurdu. Dərzi qız divanda oturur, Arzunu o tərəf-bu tərəfə çevirir, əlində təbaşir-iynə parçanı dəqiqliklə işarələyir, qızın ölçüsünə uyğunlaşdırır, yaxud hansısa küncü bənd eləyirdi.  Onların ünsiyyəti üçün söz çox az rol oynayırdı.

Dərzi qız Arzuya qatıq gətirdi. Dedi ki, özü çalıb. Arzu qatığa ötəri nəzər salıb, darıxqanlıqla tül pərdədən görünən səmanı izlədi. Həyətdən uşaq səsləri gəlirdi. Üzlüyü köhnə binalardan yellənən paltarlar cansıxıcı günə bir az hərəkət qatırdı.

Arzu son düzəlişlərin edilməsi üçün paltarı geyindi. Dərzi qız paltarın oturuşunu bəyənib, fərəhlə gülümsədi. Arzu ilk dəfə dərzisini başqa cür gördü. O, cəld və həmişəkindən həlim idi. Dörkünc quruluşlu üzü kədərsiz də deyildi. Həvəslə kədər qarışımlı üz qəşəng sayıla bilərdi – Arzu ilk dəfə bunun fərqinə vardı. Qızın qəşəng olduğunu əvvəllər görmədiyi üçün xəcalət çəkdi. Sonralar Arzu dərzisini xatırlayanda onun üz ifadəsi üzərindətəkrar-təkrar dayanacaq, onu heç nəyi diqqətdən qaçırmadan xatırlamağa çalışacaqdı. Qızın qəşəngliyiningörünməməsi onu düşündürəcək, rahatsız edəcəkdi. Ətli burun, nazik dodaqlar, bir-birindən uzaq, amma gözlərə yaxın qaşlar, solğun çillər, balaca alın dörbucaq böyük üzə səliqə ilə düzülmüşdü. Yerləri dar deyildi, həm də kifayət qədər qabarıq idilər. Elə isə niyə insanlar dərzi qızın qəşəngliyini görmürdü?..

Dərzi danışmaq istəyirdi. Arzu sonralar onunla daha yaxşı dialoqa girmədiyi üçün özünü qınadı, həm də dərzi qıza çox danışmaq üçün imkan verdiyini düşünüb təsəlli tapdı. Arzu dərzi qızla olan söhbəti bütün təfərrüatı, hər sözü, hər tonu ilə xatırladı. Hər xatırlamasında sözlər, intonnasiya dəyişirdi elə bil. Bəzi xatırlamalarda qız kədərli, bəzisində əksinə, sevincli olurdu. Bəzisində qız sönük, bəzisində əksinə, çox işıqlı görünürdü. Elə bil dərzi qız zamanda səyahət edirdi.  O gah yaşlı, gah cavan kimi tərpənir, gah gündüzdə, gah gecədə danışırdı. Arzu dərzi qızla olan söhbəti hər dəfə bir çalarda görür, fərqli səslərdə eşidirdi. Hərdən qızın səsi qulağına bərkdən, amiranə və qəti, hərdən tərəddüdlü və məyus gəlirdi. Hərdən güclü, hərdən zəif eşidilirdi qızın sözləri xatirələrdə. O deyirdi:

“Bir dəfə nişanlı olmuşam. Məni tez-tez sevmirlər. Nişanlım uzaq qohumuz idi. Məni sevib-sevmədiyini dəqiq bilmirəm. Zavodda işləyirdi. Tez-tez ekspedisiyaya gedirdi. Gələndə mənə hədiyyələr alırdı. Bir dəfə ev çəkmələri almışdı, bir dəfə də ağcaqanaq öldürən aparat. O vaxt heç kimdə yox idi. Çox sevinmişdim. Məni sevdiyini demirdi, amma əlimdən tuturdu. Ovcu nəm olurdu, həyəcanlanırdı, görünür. Sonra cəbhəyə getdi. Sonra öldü. Arada eşitdim, köhnə qonşumuz dedi,zavodda bir rus qızla sevgili imiş. Qonşumuz dedi məni evimə görə almaq istəyirmiş. Biz nişanlananda anam təzə ölmüşdü, bacım da bilirsən, ruhi xəstədi. Qonşumuz deyir bacımı dəlixanaya göndərəcəkdi. Mən inanmadım. Mən onu xatırlayıram. Bilirsən, mən çox oxudum. Əllərin içi tərləyirsə, adam həyəcanlanır demək. Bir də ki, axı mən də onu sevmirdim, ərə getmək istəyirdim. Əlbəttə, mən sadiq həyat yoldaşı olacaq, onun dediklərini sorğulamadan yerinə yetirəcəkdim. Amma mən də riyakarlıq eləyirdim. Bacımla tək qalmaq məni qorxudurdu. Mən bacımdan qaçmaq istədiyim üçün ailə qurmaq istəyirdim. Çox ola bilsin ki, o da evimə görə mənimlə evlənməyə həvəslənmişdi. Mənim onu qınamağa haqqım yoxdu. Bilirsən, mən bu şeyləri o qədər düşündüm ki, axırda onun sevgilisi olması fikri məni sevindirdi. Onun sevgilisi olmasaydı, nə qədər az şey yaşayıb öləcəkdi. Mən ona unudulmaz anlar yaşatmamışdım, mən bunu necə eləmək lazımdı bilmirdim. Bunların lazımlılığını mənə heç kim deməmişdi. Çox güman, o bunları mənimlə yaşamaq istəmişdi, amma bacarmamışdı. Mən soyuq və uzaq görünürəm. Amma onun əlləri tərləmişdi. Mənim uzaq və soyuq görünməyim onu mənimlə rahat olmağa qoymamışdı. Hə, mən sevinmişdim, mən qərara almışdım ki, onun ölməzdən qabaq sevgilisi olmağı yaxşı haldı. O sevgili də olmasa, onun həyatı lap sönük və mənasız görünər. O sevgilini çıxsaq, bu həyat bir düşmən gülləsinin ilişib qaldığı ünvandan  savayı bir yer sayılmaz. Onu vuran adam durub deyər ki, tutalım, müharibədə iki nəfər öldürmüşəm.O iki nəfərdən biri bu olar. Onu öldürən adam qurbanının adını və kimliyini belə bilməz. Yox, yox… Doğuldu və müharibədə öldü. Necə də axmaq doğum və ölüm… Yaxşı ki, onun sevgilisi olub. Mən əminəm, belə daha yaxşıdı.”, qız nəhayət susdu.

Arzu dərzi qızı maraqla dinləyirdi. Dərzinin səsi qızı sehirləmişdi. Arzu dərzinin hərəkətlərini izləyir, söhbət ovuc tərləməsinə gələndə öz əllərinə baxır, onların quruluğunu yoxlayırdı.

“Anam özünü öldürüb. Hamı belə bilir. Hə, o bir dəfə buna cəhd eləyib. Amma sonra eyvandan yıxılıb ölüb. Mən onun özünü öldürmədiyindən əminəm. Bir dəfə uğursuz intihar cəhdi edən adam adətən,buna yenə çalışır, bilirəm.Onlar onun əvvəlki intihar cəhdini eşidən kimi dərhal hökm oxudular, əminliklə dedilər ki, intihardı. Mənsə əminəm, onun ayağı sürüşüb…Bir dəfə intihar cəhdin olubsa, nəslində özünü öldürən varsa, çox şey araşdırılmır, o dəqiqə qərar verilir. Məni bir rəssam da bəyənib. O, məni metroda gördü. Yaxınlaşdı, üzümün maraqlı olduğunu dedi. Sonra emalatxanasına dəvət elədi. Mən iki dəfə onun emalatxanasına getdim. Açığı, mən elə bildim, o, məni sevəcək. Amma o, şəklimi çəkdi vəhər kəsin görə bilmədiyi gözəlliyim olduğunu deməklə kifayətləndi. Sonra mən bir oğlana paltar tikdim. Onun kişi dərziyə verəcək pulu yox idi. Mən ona pulsuz paltar tikdim. Arada mənə elə gəldi ki, o, məni bəyənir. Lakin o, hörmətlə paltarını aldı, dəfələrlə təşəkkür edib getdi. Sonra mən… Sonra məni…”

 

Arzu dərzinin evindən qəribə bir ağırlıqla çıxdı. Ona elə gəldi ki, dərzi qız anasının, atasının, hətta tanıdığı hər kəsin bilmədiyi nəyisə bilir. Qızda o nəyisə axtarmaq istəyi yarandı. Lakin bu istək tezliklə keçdi. O, anasının istəyini xatırladı – qonşudan onlara çatacaq səməni halvasını götürdü, sinif yoldaşından “oxu kitabı”nı aldı, evdə bir kilo fındıq sındırıb təmizlədi, ard-arda bu şeylərə oxşar nələrsə etdi. Yuxuya gedənə qədər bircə dəfə də olsun dərzi qızı xatırlamadı. Sonralar etdiklərini, dərzi qızla ayrıldıqdan sonra baş verənləri təkrar-təkrar yada salanda onu bircə anlıq belə düşündüyünü xatırlamağa ümidləndi. Hərdən ona elə gəldi ki, həqiqətən qızı xatırlayıb, guya onu düşünüb–lakin tezliklə aldadıcı qənaətini kənara qoyub dərzi qızla sağollaşandan sonraonu dərhal unutduğunu etiraf elədi. Arzu, sən də onu unutdun. Başqa şeylər yaşadın və yatdın. Səhər açıldı…

Arzu səsə ayıldı. Nə isə baş verdiyini anladı.Gözlərini ovuşdura-ovuşdura pəncərəyə yaxınlaşdı – həyət qonşularla dolmuşdu. Uzaqda təcili yardım maşınının gedişi izlənirdi. Anası otağa girib əlindəki bağlamanı çarpayıya qoydu, sanki yükdən qurtulmaq üçün tələsik izah elədi: bir şey deyəcəm, həyəcanlanma. Olur belə şeylər. Onların nəslində var idi. Genetikdi. Anası da elə ölüb. Dərzi qız özünü öldürüb. Qazı açıq qoyub. Yaxşı ki, bina partlamayıb. Boğulub ölüblər – o da, bacısı da.

Arzu xəbəri zahirən müdrikcə və təmkinlə qarşıladı. Anası gedəndən sonra gözləri yaşardı. Lakin qız dəqiq xatırlayır, o, kədərlənmirdi, bədənini bürüyən gərginlik üzüntü ilə bağlı deyildi. O, qəzəbli idi. Onu izaholunmaz bir gücdə hiddət dövrələmişdi. Qıza elə gəldi ki, bu hiddətlə nəhəng dünyanı cəzalandıra bilər. Dərzi qızı görmədiyi, onun həyatını maraqlı eləmədiyi üçün dünyaya və onun içindəki adamlara acığı tutdu, qəzəbdən bədəni titrədi. Kənardansa heç nə görünmürdü, təmkinli və dinməz idi.Səliqə ilə paketlənmiş donuna baxdı, geyinib yoxladı. Sonra dərzinin evinə getdi. Gizlənə-gizlənə adamların arasından sivişib içəri keçdi. Mətbəxə girib, soyuducunu açdı: dünən ona təklif olunan qatıq səliqə ilə elə stəkandaca turşu balonlarının qabağına qoyulmuşdu.Qız qatığı birnəfəsə içdi. Soyuq boğazında hiss olunduqca, içindəki yanğın sönməyə başladı. Nəhayət o, qatığın son qurtumunu uddu.

Qız üç gün gözlədi, amma boğazı ağrımadı. Arzunun dərzi qızla bağlı hadisə yaratmaq istəyi baş tutmadı, onun planı pozuldu.Qız xəstələnmədi, o, dərzi qızın çaldığı qatıqla olay yarada bilmədi. Qız xəstələnəcəyinə, bununla dərzinin həyatına hadisə daşıyıb tökəcəyinəümid eləmişdi. Heç olmasa, bir hadisə, kiçik və əhəmiyyətsiz görünsə də, əlavə nəsə…

Arzu günlərlə iştahsız yaşadı. O pis yeyir, az gülürdü. Gözləri çuxurlanmış, biləyi əvvəl görülməmiş qədər nazilmişdi. İştahaçıcı siroplar, əhvalını düzəltmək üçün borc bahasınaalınan kağızı bəzəkli şirniyyatlar onu əvvəlki özünə geri qaytarmırdı. Lakin bir dəfəqızın ağlına qəribə bir təsəlli gəldi. O, qərara aldı ki, dərzi qızı sevməklə onun həyatını mənalandıra bilər. Arzu qərar verdikdən sonra dərzi qızı sevməyə başladı. Hər gün bir az çox, hər saat daha artıq. Sevgi o qədər böyüdü ki, qız dərzisinin tikdiyi donu geyməkdən qorxmamağa başladı.Özünü öldürən əllərin tikdiyi don onu vahimələndirmədi. Qız dərzisini və onun tikdiyi donu sevdi. Həyat eşqi geri döndü. Arzu bir anın içində böyüdü. Zaman saatlardan, dəqiqələrdən təmizləndi, bütöv məkana çevrildi. Arzu o məkanda cəsarətli addımlar atdı, müxtəlif donlargördü,geyib yoxladı: sadə və sevimli, həm qısa, həm uzun, kədərli və sevincli, rəngsiz, həm də rəngliləri. Arzu həyatının ən vacib dərsini aldı – həyata don geydirməyi öyrəndi. Dərzisinə oxşamadı. Çox, çoxlu yaşadı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir