yeni il

Yeni il dünyada necə qeyd edilir?

Baxış sayı: 1. 557

Yeni il bütün dünyada eyni vaxtda – dekabrın 31-də keçirilsə də, adətləri bir-birindən xeyli fərqlənir. Hətta yeni ildə açılan süfrələr belə bir-birinə bənzəmir. Biz də Yeni illə əlaqədar maraqlı və qeyri-adi adət-ənənələri olan bir sıra ölkələri araşdırıb maraqlı faktları sizə təqdim etmək qərarına gəldik. Öncə Yeni ilin əsas atributu olan yolkadan başlayaq.

Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacsız təsəvvür etmək qeyri-mümkündür. Bir çox yerlərdə Yeni ildə bəzədilən yolkanı xristianlıqla əlaqələndirsələr də, tarixə nəzər salsaq onun heç də xristianlığa bağlı olmadığını görərik. Belə ki, yolkanın bəzənməsi xristianlıqdan əvvəl başlayıb və heç bir dinlə əlaqəsi yoxdur. Hələ Miladdan çox-çox əvvəl qədim Misir sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirlərmiş. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi sayılırmış. Romalılar isə “əkin allahı”nın şərəfinə evlərini yarpaqlarla bəzəyiblər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.

Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya – Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ Evin qarşısında bu mərasim keçirilir. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb.

Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl 1-ci Pyotrun əmri ilə qoyulub. Rusiyada Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, piroqlar qoyulur. Süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Süfrəyə quş ətindən heç nə qoyulmur. Çünki onlar hesab edir ki, evdən xoşbəxtlik uça bilər. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacağı atır, pəncərə və güzgülər parıldayana qədər silinir. Müxtəlif karnavallar, ballar təşkil olunur, hamı səhərə kimi rəqs edir.

Yaponlar ilin sonuncu günündə “Oshogatsu” festivalı keçirir. Yaponiyada evlər təmizlənir və müqəddəs sayılan əşyaların köməyi ilə oradakı pis ruhlar qovulur. Dekabrın 31-də insanlar diləklərini taxta lövhələrə yazaraq həyətdə ipdən asırlar. Həmçinin Yaponiyada budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.

Almaniyada bayram axşamı gələn ilin bütün aylarında havanın necə olacağını müəyyənləşdirirlər. Onlar gələcək ilin ayları timsalında 12 ədəd baş soğan götürüb alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni vuran kimi soğanlara baxırlar. Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalanları isə quraqlıq keçəcək.

Şotlandlar isə Yeni il gecəsi məşəl yandıraraq pis ruhları qovmaq üçün əllərində alovla gəzirlər. Onlar bayram gecəsi edilən evlilik təklifinin uğursuzluq gətirəcəyinə, yeni ildə evə ilk girən şəxsin isə özü ilə uğur və ya kədər gətirəcəyinə inanırlar. Əgər bu adam tünd saçlı və əli hədiyyəlidirsə, ev sahibləri onları qarşıda uğurlu il gözlədiyinə inanırlar.

Zəngin və qədim adət-ənənələri olan Hindistanda Yeni il fərqli şəkildə qeyd edilir. Bu bayramın zənginlik və gözəl bir gələcək gətirəcəyinə inandıqları “tanrıya” ibadət etmək və hər yerdə işıqlar yandırmaq hindlilərin adətidir. İtalyanlar isə yeni ildə lazımsız köhnə əşyalarını eyvandan çölə atırlar. Onların inancına görə, təzə ildə köhnə hər şeylə vidalaşmaq lazımdır. Yeni il gecəsi Fransanın küçələrində maskarad kostyumunda olan çoxlu insan görmək olar. İtaliyada il təhvil olanda küçələrdə adamlar çox ehtiyatlı davranmalıdırlar. Çünki italyanlar Yeni il axşamı lazımsız, köhnə əşyaları, hətta mebelləri belə pəncərələrdən küçəyə tullayırlar.

Kubada Yeni il axşamı hamının süfrəsində mütləq üzüm olmalıdır. Hər kəs saatın zəngləri gecə yarısını vurduqda on iki gilə üzüm yeməlidir. Bu, o deməkdir ki, ilin on iki ayında sənin həyatın üzüm kimi şirin olacaq. Rumıniyada Yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisinə daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Kimin bəxtinə nə çıxdı, çıxdı. Bəxtinə istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.

Azərbaycanda Yeni il süfrəsində hansı qidaların olması ilə bağlı inanclar yoxdur. Amma Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Macarıstanda Yeni il axşamı milli paltar geymiş cavanlar küçələrə çıxıb musiqi çala-çala gəzməyə başlayırlar. Dəstəbaşı təntənəli surətdə elan edir ki, köhnə ili “dəfn” eləyib yenisini qarşıladığımız üçün hamı yeyib-içib şənlənməlidir. Küçələri gəzən cavanlar hansı evin qabağında dayansalar ev sahibi mütləq onları ləzzətli yeməklərə və şəraba qonaq etməlidir. Macarlar Yeni il süfrəsinə qaz, ördək, toyuq bişirib qoymazlar. Guya Yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar bu adətə daha çox riayət edirlər ki, yeni ildə ərə gedə bilsinlər. Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə, ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır.

Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Dəhşətli hadisə, çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirlər görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özü ilə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.

Yeni ildə İslandiyada kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda, bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir