makiyaj

Yeni il gecəsi üçün 7 fərqli makiyaj ideyası

Baxış sayı: 1. 662

Yeni İl gecəsi hər kəs ətrafa işıltı yaymaq istəyir. Məhz buna görə də bu gecə daha çox parıltılı makiyaja üstünlük verilir. Necə makiyaj seçirsiniz, seçin ilk öncə dərinizi düzgün tonlaşdırın. Gecə uzun olacağı üçün dəriniz qurudursa nəmləndirici,  yağlıdırsa  matlaşdırıcı vasitədən istifadə edin. Tonal vasitəni də dərinizə  uyğun seçin ki, gecəboyu dərinizdə qalıb ağırlaşmasın. Dəriniz yağlıdırsa matlaşdırıcı tonal vasitədən va ya kirşandan istifadə edin ki, arzuolunmaz parıltı sizi narahat etməsin.Makiyaj obrazınızı seçərkən getdiyiniz məkanı və geyiminizi mütləq nəzərə alın. Geyiminiz parıltılıdırsa makiyajda mat və neytral çalarlardan istifadə edin.

 

1. Qızılı gözlər və nyud dodaqlar

Dior vizajistləri  iddia edirlər ki, Yeni İl  gecəsi üçün ən ideal seçim qızılı gözlərdir. Bu rəng istənilən gözrənginə rahatlıqla uyğunlaşır. Nyud dodaqlar isə qızılı makiyaja zəriflik qatacaq. Bu çalarlarda makiyaj istənilən rəngdə geyimlə uyğunlaşacaq.

 

2.  Qotik çalarlar

Açıq mürəkkəb rəngli dodaq boyasını istifadə etməyə hər kəsin cəsarəti çatmasa da onunla çox orijinal Yeni İl obrazi yarada bilərsiniz. Dodaq boyasının mat olmasına diqqət edin, gözlərinizə isə yüngül boz və ya qara göz kölgəsi etməyiniz kifayətdir. Ənlik olaraq isə açıq çəhrayı rəngdən azacıq istifadə edə bilərsiniz.

 

3. Tünd dodaqlar

Tünd dodaq boyaları aktual olduğunu bilməyən yoxdur. Yeni İl gecəsi isə bordo, tünd bənövşəyi dodaq boyasıyla ediləcək makiyaj daha effektli görünəcək. Tünd dodaqlarla adətən sadə göz makiyajı etməyə çalışırıq amma Yeni il gecəsi tünd dodaq boyasıyla parıltılı göz makiyajı etsəniz heç də şit görünməyəcək. Odur ki, cəsarətli olun! Amma bu zaman çalarların düzgün seçilməsinə diqqət edin, əgər dodaq boyanızı bordo seçirsinizsə gözlərinizi parlaq qəhvəyi və ya qızılıya boyaya bilərsiniz. Dodaqlarınızı tünd bənövşəyiyə boyayacaqsınızsa  gözlərinizə gümüşü, parıltılı boz göz kölgəsi vura bilərsiniz.

 

4. Rəngli gözlər

Mövsümün ən aktual trendlərdən biri də parıltılı göy və yaşıl göz kölgələridir. Bu rənglərdən istifadə edərkən mat üz tonu yaratmağa çalışın. Dodaqlarınıza isə mütləq nyud dodaq boyası vurun.

 

5. Qlitter

Bayram günü də qlitter vurmayıb nə vaxt vuracaqsınız?! Qlitteri göz qapaqları, göz ətrafı və hətta dodağınıza da vura bilərsiniz. Amma bu zaman geyiminizin parlaq olmamasına diqqət edin.

 

6. Qırmızı dodaqlar

Yeni İl obrazını qırmızı dodaq boyası olmadan təsəvvür etmək çətindir. Məsələ burasındadır ki, onu vuran kimi makiyajımız tamamilə dəyişir və bayram makiyajına çevrilir. Qırmızıdan istifadə edərkən önəmli olan, məhz özünüzə yaraşan qırmızı çaları seçməkdir.

 

7. Bənövşəyi gözlər

Bənövşəyi gözlər mövsümün daha bir sevilən trendidir. Bənövşəyi rəng göz kölgələri bütün göz rənglərinə yaraşır. Amma bu çalarlarda göz makiyajı ilə eyni rəngli dodaq boyası vurmağı ağlınızdan belə keçirməyin. Bənövşəyi çalarlarda göz makiyajına təbii çəhrayı, kərpici tonlarda dodaq parıltıları xüsusilə yaraşır.

Nigar Xəlilova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir