yeni il hediyyeleri

Yeni il hədiyyələri doğurdanmı təhlükədir?

Baxış sayı: 1. 980

Hazırda bütün mağazaların, marketlərin vitrinlərini bəzəkli yeni il hədiyyələri bəzəyir. Uşaqlar cəlbedici qutuları çox arzulasalar da, hədiyyəni açdıqdan sonra dərhal maraqları itir.

Yeni il hədiyyəsi qutusu nə qədər gözəl və cəlbedici olsa da, içindəkiləri nə uşaqlar yeyə bilir, nə də böyüklər. Qurumuş peçenyelər, keyfiyyətsiz konfetlərə uşaqlar çox vaxt sadəcə baxmaqla kifayətlənir. İçərisində 4-5 çeşid şirniyyat olsa da, bir dənə dadlı, cana xeyri dəyəcək şirniyyat tapmaq olmur. Ekspertlər bildirirlər ki, bu cür hədiyyələrdəki qida məhsulları uşaq orqanizmi üçün təhlükəlidir.

Valideyn Səma Quliyevanın sözlərinə görə, uşaqların istəyi ilə hər il yeni il hədiyyəsi almalı olur: “Nə qədər yeni il hədiyyəsi alsam da, heç birinin içərisində keyfiyyətli şirniyyat, konfet və s. olduğunu görməmişəm. Bu hədiyyələrin içərisinə nə gəldi qoyurlar. Yeni il hədiyyələrinin necə və hansı şəraitdə hazırlanması məlum deyil. Qutularda elə qida məhsulları olur ki, adi gündəlik həyatda onları uşaqlara qadağa etmişəm. Çünki uşaqlar üçün zərərlidir. Amma bu hədiyyələrdə nəyə desən rast gəlinir. Bəzi hədiyyələrin qutularının üzərində onun tərkibindəki şirniyyatların siyahısı verilsə də, həmin məhsulların yararlılıq müddəti göstərilmir. Yeni il hədiyyəsini alsam belə, uşaqlara qorxa-qorxa verirəm”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun dediyinə görə, qurumlarına yeni il hədiyyələrinin keyfiyyətsizliyi ilə bağlı daim şikayət zəngləri gəlir: “Bu gün də üç nəfər zəng vuraraq yeni il hədiyyələrinin keyfiyyətsizliyindən şikayət etdi” deyən müsahibimiz bildirir ki, şirkətlər yeni il hədiyyələri alınsın deyə, uşaqların, eləcə də böyüklərin diqqətini çəkmək üçün cəlbedici qutulara qoyurlar. “Əksər hallarda yeni il hədiyyə qutularının içərisinə isə arzuolunmaz mallar yığılır. Əvvəllər bununla bağlı vəziyyət daha acınacaqlı idi. Zəhərlənmə halları olurdu. İldən-ilə yeni il hədiyyələri ilə bağlı vəziyyət yaxşılaşır. Amma problemlər yenə də var”.

E.Hüseynov bildirib ki, yeni il hədiyyələri ilə bağlı problemlər adətən bayramdan sonra başlayır: “Zəhərlənmə olarsa, bu, özünü bir neçə gündən sonra da göstərir. Əhali bilməlidir ki, yeni il hədiyyələri qutularının üzərində yararlılıq tarixi yazılmalıdır. Amma yararlılıq tarixi yazılıbsa və bu tarix bitməyibsə belə, arxayın olmaq olmaz”.

AİB sədri yeni il hədiyyələrini açıb içərisinə baxmağı məsələhət görür: “Əgər orda heç olmasa bir qida məhsulunun, şirniyyatın üstündə yararlılıq müddəti qeyd olunmayıbsa, elə hədiyyələri almasınlar, uşaqlara verməsinlər. Əgər qutunun içərisindəki malların üzərində yararlılıq malları göstərilibsə, belə hədiyyələri istifadə etmək olar”.

Hüseynov vurğulayıb ki, valideynlər uşaqlara hazır yeni il hədiyyələrini verdikdə ehtiyatlı olsunlar: “Yeni il hədiyyəsinin 14 gün müddətində yararlılıq müddəti keçməyibsə də uşaqlar üçün nəzərdə tutulduğuna görə diqqətli olsunlar”.

Onun dediyinə görə, bayramdan istifadə edərək işbazlar istehlakçıları aldadırlar: “Yeni il hədiyyələrinin qiymətləri tərkibi ilə müqayisədə şişirdilmiş, yalançı olur. İstehlakçılar yeni il hədiyyəsinin tərkibi ilə maraqlansınlar. Görsünlər verilən pul ona dəyər, yoxsa yox. Yeni il hədiyyələrində onları satanlar 60 faizə qədər qazanc əldə edirlər. Yeni il hədiyyələrini baha qiymətə satırlar”.

Tibb sahəsi üzrə ekspert, həkim-terapevt Hüseyn Mehdiyevin bildirdiyinə görə, uşaqlar üçün yeni il hədiyyələrinə ciddi nəzarət olmalıdır: “Çox vaxt Şaxta babanın gətirdiyi hədiyyələr uşaqları sevindirmək əvəzinə onlara və valideynlərinə böyük stresslər yaşadır. Onların içərisində olan müxtəlif konfetlər, şirniyyatların bəzilərinin istifadə müddəti bitir və ondan qurtulmaq üçün işbazlar onu hədiyyə qutularına doldurub satırlar”.

Onun bildirdiyinə görə, qutusunun cəlbedici görünüşünə aldanıb hədiyyələri alıb uşaqlara verənlər çox vaxt bunun acınacaqlı nəticələrini düşünmürlər. “Bunun nəticəsidir ki, yeni il bayramından sonra uşaqlarda allergiyaların və zəhərlənmə hallarının sayı artır”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir