sufre

Yeni il süfrəsi hazırlayarkən diqqətli olun – DİETOLOQ MƏSLƏHƏTİ

Baxış sayı: 1. 242

Yeni ilin gəlməsinə bir neçə gün qalır. Sözsüz ki, bayram günü hər kəs süfrəsini müxtəlif, dadlı təamlarla bəzəmək istəyir. Tətil günlərində də qonaq-qaralı evlər çeşidli süfrələrlə bəzəkli olur. Lakin bu süfrələrdəki təamlardan elə dadmaq lazımdır ki, bayram və tətil günlərindən sonra peşman olmayasan. Buna görə də dietoloqlar bayram süfrələrində balanslı və nizamlı qidalanmağı məsləhət görür. Türkiyəli dietoloq Berna Ertuğ isə zəngin süfrələrə əyləşən zaman xüsusilə yağlı yeməklərdən uzaq dayanmağı və şirniyyat yeyərkən diqqətli olmağı xəbərdar edir. “Gencaile.az” mütəxəssisin yeni il günü sağlam qidalanmaq üçün məsləhətlərini təqdim edir.

İnsanların çoxu 31 dekabr günündə axşamkı qonaqlığı gözlədiyi üçün bütün günü ac qalır. Dietoloq bunun səhv olduğunu deyir. Əksinə, məhz həmin gün günə səhər yeməyi ilə başlamaq lazımdır: “Ara paylarını da təxirə salmayın. Axşam isə zəngin süfrəyə əyləşəcəyiniz üçün günorta yeməyində tərəvəz ağırlıqlı yeməklər yeyin. Yaşıl yarpaqlılar, yaşıl tərəvəzlər, pendir, pomidor, xiyar, qırmızı turp, kök, qırmızı kələm, rəngli bibərlərdən hazırlanmış və üzərinə bol limon sıxılmış salat hazırlayaraq yeyə bilərsiniz. Tərkibində qatıq olan salat isə antioksidatn xüsusiyyəti baxımından Yeni il süfrəsinin sağlamlıq qaynağı olar. Salatları mümkün qədər limon və sirkəylə bol edin. Xüsusilə mayonez və souslarla zəngin yemək və salatlara isə diqqət etmək əhəmiyyətlidir”.

Yeni il süfrəsində aclıq hissini idarə edə bilmək ən vacib məqamlardan biridir. Yalnız aclıq səbəbindən deyil, gecənin əhval-ruhiyyəsinə qapılaraq həddindən artıq yemək səhəri gün ishal, mədə bulanması, qida zəhərlənməsi, köp, həzmsizlik və qan şəkərinin yüksəlməsi kimi sağlamlıq problemlərinə səbəb ola bilər: “Yeni il süfrələrində bitənə qədər yeyilən, kiçik olsa da, enerji dəyəri yüksək olan çərəzləri yeyərkən diqqətli olun. Kiçik bir qab götürün, içinə qoz, fındıq, fıstıq, badam, quru ərik, kişmiş kimi çərəzlərin hərəsindən bir neçə dənə qoymaqla özünüzə pay müəyyən edin və onu az-az, fasilə ilə yeyin”.

Dietoloq bildirir ki, bütün təamlardan az-az yemək vacibdir. Bununla yanaşı müəyyən bir saatdan sonra yeməyi dayandırmaq şərtdir: “Axşam yeməyinə əvvəlcə yüngül bir şorba və ya pendir, pomidor, xiyar və qatıqla hazırlanmış salatla başlaya bilərsiniz. Qırmızı ət əvəzinə daha az yağlı balıq, hinduşka və toyuq əti seçin. Qırmızı ət yeyəcəksinizsə, qızartma əvəzinə sobada bişirilmiş və ya qril formada yeyin. Ana yeməyin yanında sobada və ya buxarda bişirilmiş tərəvəzlər, zeytun yağı ilə hazırlanmış tərəvəz salatı yeyə bilərsiniz”.

Yeni il süfrəsində xəmirli şirniyyatlar əvəzinə südlü və ya meyvəli şirniyyatlara üstünlük verin. Yeməklər yavaş-yavaş yeyilməli, yeni il süfrəsi çox gec saatlara qədər açıq qalmamalıdır: “Süfrədə məzə və yemək növləri çoxdursa, hər birindən ən çox 1-2 qaşıq yeyin. Plov və ya makaron varsa, çörəkdən imtina edin”.

B. Ertuğ Yeni ilin ilk gününü gümrah keçirmək üçün məsləhət də verib. İlk şərt Yeni il gecəsi yatmazdan əvvəl bol su içməkdir: “Günə naharla başlayın. Tərəvəz və meyvə ağırlıqlı qidalanın. Gün ərzində maye qəbulunu artırın. Maddələr mübadiləsini sürətləndirmək üçün gün ərzində 2 fincan bitki çayı için. Antioksidantla zəngin qidalar isə yorğunluq, halsızlıq kimi problemlərin təsirini azaldacaq. Nar, kivi, qreypfrut, portağal, naringi kimi meyvələr yeyin. Mümkündürsə, yüngül idman edin və açıq havada sürətlə yeriyin”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir