yeni il

Yeni il tətilinə ən çox azərbaycanlılar pul xərcləyir?

Baxış sayı: 1. 288

Bu günlərdə xüsusən gənclər yeni il tətili üçün planlar qururlar. Ölkə xarici, ölkə daxili turlar isə sözün həqiqi mənasında “əl yandırır”. Ailələr üçünsə bu tətil məsrəfləri az qala sərvət dəyərindədir.

Bəzi ölkələrdə, eləcə də daxildə təşkil olunan yeni il turlarını yada salaq. 30 dekabrdan 11 gecə 12 günlük Yeni İl Avropa turundan başlayaq. Tur zamanı İtaliya,Fransa , Belçika, Hollandiya, Almaniya (Milan – Berqamo – Strasburq – Paris – (Disneyland – Brussel – Amsterdam – (Volendam ) – Franfurt Mayn –Munhen – Verona – Milan) ölkələrini gəzmək təklif olunur. 999 avroluq tur paketinin qiymətinə aviabilet (Bakı -Milan-Bakı),otellərdə gecələmə, şəhərlərarası nəqliyyat, aeroport -otel-aeroport transferi, qidalanma (səhər yeməyi), rus dilli bələdçi xidməti və şəhərlərdə ekskursiyalar daxildir. Qiymətə daxil olmayan detallar isə aşağıdakılardır: otel vergiləri, viza rüsumu, avtobusda qulaqcıqlar üçün 15 avro, muzeylərə giriş biletləri.

 

Yeni ili Tiflisdə keçirmək istəyənlər üçün də ilginc qiymətlər var. “188 dollara yeni ili Tiflisdə keçirmək” anonsuna aviabilet, 3 gecə, 4 günlük otel məsrəfləri daxildir.

Ölkə hüdudları daxilində də yeni il turları var. Bunlardan biri də Qax-Şəki-Qəbələ turudur. 30 dekabrdan 1 yanvara qədər nəzərdə tutulan turun qiyməti 189 manatdır. 2 gecə 3 gün nəzərdə tutulan turda qidalanma da tam nəzərdə tutulub. Bu, 3 dəfə səhər yeməyi, 3 dəfə nahar yeməyi və 2 dəfə şam yeməyidir. Bundan başqa, turda  Şəki- Şəki Xan sarayı, Karvansaray, Halvaçı dükanları, Tacirlər küçəsi
– Qax- Ram-Rama şəlaləsi ( hava şəraitindən asılı olaraq, Ulu körpü, Sumuq Qala, İçəri bazar, Səngərqala )
– Qəbələ – Qəbələ – Tufandag Yay Qış İstirahət Kompleksi, Nohurgöl gəzintisi nəzərdə tutulub.

Amma ən “maraqlı” təklifi hər il olduğu kimi bu il də Quba Rixos Hoteli təklif edib. 5 ulduzlu oteldə 31.12.2017-03.01.2018 tarixlərində, yəni,  3gecə 4gün  boyunca istirahət etmək üçün adambaşına 1000 manat ödəmək lazımdır. Belə ki,  Deluxe Dağ Mənzərəli Otaq – 1000 AZN, Deluxe Göl Mənzərəli  Otaq – 1050 AZN, Junior Suite – 1100 AZN.

Düşünün ki, bu qiymətlər bir nəfər üçün nəzərdə tutulanlardır. 4 nəfərlik azərbaycanlı ailəsi bu qiymətlərlə tətilə çıxmaq istəsə, ailə büdcəsində ciddi şəkildə problem yaranar. Amma bayram tətilindən söhbət gedirsə, bunu dünyanın bütün ölkələrində, bütün insanlar edirlər və səyahətə, qış turizminə vəsait xərcləyirlər. Bizdən daha çox, ya daha az?  Beləliklə, ilginc rəqəmləri təqdim edir.

 

Çinli turistlər 2016-cı ildə xarici ölkələrə səyahətlərdə keçən dönəmə nisbətən 12 faiz artıq xərcləyiblər.

BM Dünya Turizm Təşkilatı (UNWTO) tərəfindən açıqlanan 2016-cı il rəqəmlərinə görə, dünyada beynəlxalq turizm xərcləmələrində 12 faiz artım ilə Çin ilk sırada yer aldı. Bu ölkəni ABŞ, Almaniya, İngiltərə və Fransa izlədi.

2016-cı ildə 135 milyon çinli turist xaricdə etdiyi səyahətlərdə yüzdə 12 artımla 261 milyard dollar xərclədi. Xarici ölkə səyahətlərində Asya bölgəsindən Koreya, Honq Konq, Avstraliya da ən çox xərcləyənlər siyahısında yer aldı.

Koreya, Avstraliya və Honq Konqdan xarici ölkə səyahətlərinə 24-26 milyard dollar miqdarında xərcləmələr edib.

Çinin ardınca ikinci sırada yer alan ABŞ əhalisi ümumən tətilə 121 milyard dollar xərc çəkib. Almaniya 81, İngiltərə 64, Fransa isə 41 milyard dollar məbləğində tətil səyahətlərinə pul xərcləyib.

Tətildən qayıdanda bir çox insanı gözlədiyindən daha yüklü kredit kartı xərcləri gözləyir. 2017-ci ildə aparılan bir araşdırmaya görə, amerikanların yüzdə 74-ü tətildən qayıdanda 1100 dollardan çox borc ödəmək durumunda qalırlar.

İngiltərədə isə daha tətilə çıxmadan öncə adambaşına 700 dollardan artıq bir xərcləmə edilir.

Bəs insanlar səyahət edərkən niyə xərcləri üzərindəki nəzarəti itirir? Psixoloqlar bunun arxasında şüuraltı səbəblərin olduğuna inanır. Birincisi, ölkələr arasındakı valyuta fərqi insanı xərcləyəcək daha çox pulu olduğu qənaətinə itələyə bilər.

Bundan başqa, səyahətə çıxanlar xərcləyəcəklərindən daha az, ya da daha çox pul ayıraraq real olmayan, hər istiqamətə çəkilə biləcək büdcələr yaradırlar. Bu durum xərcləmə istəyini güclədirir. Bunun səbəbi də odur ki, xərclərimizi dəqiq bir büdcəyə bağlı olaraq yox, o ankı duruma görə gerçəkləşdirə biləcək şəkildə hazırlamağa cəhd göstərməməmizdir.

Məsələn, plana görə, gündə 100 dollar xərcləməyimiz lazımdırsa, yemək-içməyi ayrı bir kateqoriya olaraq görüb, 30 dollar ekstra xərcləmə edə bilirik.

Amma az xərcləmək hər zaman işə yaramaya bilər. Məsələn, bir həftəlik tətil üçün 1000 dollar ayrılmışsa və tətil bitərkən hələ də 500 dollar pulunuz qaldığını görürsüzsə, dönüşdə əvvəl özümüzə bəhanə yaradıb daha çox pul xərcləməyimiz mümkündür.

Arizona Universitetində turizm mütəxəssisi Deepak Chhabra isə hesab edir ki, vaxtın azlığı “ya indi, ya da heç” duyğusu yaradaraq xərcləmələrə təsir göstərə bilər.

Bundan başqa, tətildə edilən xərcləmələr də ölkədən-ölkəyə dəyişir. Səyahət saytı Expedia tərəfindən 2016-cı ildə aparılan bir araşdırmada amerikan, yapon və güney koreyalıların avropalılarla müqayisədə icazələrini bir dəfədə istifadə ehtimalı daha aşağıdır.

İllik tətili daha az olanların pul xərcləməyə daha meylli ola biləcəyini deyir.

Dostlar tətillərinizi sosial mediadan izləyirsə, bu da insanda bir başqa cür fürsət qaçırma qorxusu yaradır. Bu, xüsusən də gənc tətilçilərdə özünü göstərir. Nəzərə alaq ki, gənc nəsil digərlərinə görə yeni şeyləri sınaqdan keçirməyə daha çox əhəmiyyət verir. Başqalarını tətildə pul xərcləyərkən görmək reklamlardan daha təsirli olur və geridə qalmamaq üçün insanları daha çox xərcləmələrə itələyir.

 

Nə etməli?

Mütəxəssislər məsləhət görür ki, bir tətil üçün xüsusi bir büdcə hazırlamaq yerinə, tətili də gündəlik həyatınıza görə düşünməniz məsləhətdir. Xarici bir ölkəyə gedirsinizsə, o ölkənin pul vahidini tanıyıb, alacağınız şeylərin ümumi məbləğini səyahət öncəsində öyrənməyə çalışın.

Nəqliyyat, yemək və əyləncə məsrəfləri ilə bağlı məlumat topladığınız zaman səyahətiniz sırasında qiymətlər sizə daha tanış gələcək və əziyyət çəkməyəcəksiz. Xərcləmə büdcənizi həftəlik yox, günlük olaraq müəyyənləşdirin. Beləcə ipin ucunu qaçırmaq daha çətin olar.

Son olaraq da tətil xərclərinizi kredit kartına borclanaraq edirsinizsə, bunu geri ödəmək üçün qarşınıza qısa müddətli bir hədəf qoyun. İş uzandıqca hesaba nəzarət etmək də çətinləşir.

 

Sevinc TELMANQIZI

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir