hediyye

Yeni ildə nə hədiyyə edək?

Baxış sayı: 305

Artıq yeni ilin ilk günüdür. Bu isə bayram günlərini yaşamağımız anlamına gəlir. Təbii ki, bu günlərdə insanlar bir-birilərinə hədiyyələr verib, gələn ilin onlar üçün daha uğurlu olmasını diləyirlər. Həqiqətən də hədiyyə vermək və almaq insana çox xoş duyğular yaşadır. Amma bəzən insanlar hədiyyə seçimində bir az çətinlik çəkirlər. Ona görə də, bu yazımızda müəyyən qədər də olsa, seçimdə yardımçı olmağa çalışacağıq.

Yeni ildə nə hədiyyə edək?

1) Heç vaxt dəbdən düşməyən, qışı daha isti keçirməyə kömək edən hədiyyələr ilk sırada yer alır. Məsələn, şal, şərf, dəri əlcək, papaq ən yaxşı seçimdir. Bu hədiyyələr bütün qışı, sevdiklərinizlə birlikdə olacaq.

2) Yeni ili yeni qoxu ilə qarşılamaq da maraqlı olar. Parfüm, klassik, amma hər dövrdə aktual olan hədiyyələrdəndir. Qış mövsümündə yüngüldən çox, ekzotik qoxulara üstünlük verməyiniz daha yaxşı olar. Çünki bu qoxular istənilən zövqü oxşaya bilir.

3) Günlük istifadə edilən və insana zamanın dəyərini daim xatırladan ən gözəl hədiyyə qol saatıdır.

4) Hədiyyə alacağınız şəxs azyaşlı uşaqdırsa, bu zaman seçiminizi maraqlı oyuncaqlardan savayı etməyiniz məsləhət görülür. Oyuncaq seçimi zamanı isə uşağın cinsinə, yəni qız, yoxsa oğlan olduğuna diqqət etməlisiniz. Çünki onların maraq dairələri fərqlidir.

5) Hər qadının xoşuna gələ biləcək hədiyyələrdən biri də zərif və incə işləmələri olan qızıl və gümüş boyunbağıdır.

6) Əgər hədiyyə alacağınız şəxs bəydirsə və bir az yaşlıdırsa, ona bəzəkli muncuqlardan yığılmış təsbeh hədiyyə edə bilərsiniz.

7) Son dönəmlər dəbdə olan hədiyyələrdən biri də elektron qolbaqlardır. Hansı ki günümüzdə gənclər onlardan daha çox istifadə edirlər. Belə ki, bu qolbaqlar həm saatı, həm ürəyin döyünmə sayını, həm də gün ərzində atılan addımların miqdarını göstərir.

8) Cinsindən asılı olmayaraq, hər kəsə edilə biləcək hədiyyə sırasında isə “brelok”, fincan və pulqabı dayanır. Təbii ki, həmin hədiyyələrin sıradan olması deyil, hədiyyə ediləcək şəxs üçün xüsusi dizayn edilməsi daha çox göz oxşayar.

9) Hədiyyə edəcəyiniz şəxsin incəsənət zövqünə bələdsinizsə, Yeni il ərəfəsində nümayişdə olunacaq filmə və ya konsertə bilet hədiyyə edə bilərsiniz. Bu, onu həqiqətən çox xoşbəxt edər.

10) Son olaraq, əgər hədiyyə almağı düşündüyünüz şəxs sözün əsl mənasında “kitabqurdu”dursa ona mütləq kitab hədiyyə edin. Amma əvvəlcə hansı janrda olan əsərləri bəyəndiyini öyrənin.