saxta baba

Yeni ildə uşaqlarımızı hara aparaq?

Baxış sayı: 838
Yeni il yaxınlaşdıqca uşaqları bir sual düşündürür: “Tətil vaxtını necə keçirəcəm?” Elə valideynlər də uşaqların bu sualına cavab axtarmağa başlayırlar. Artıq mədəniyyət qurumları uşaqların Yeni il şənliyi ilə bağlı plan hazırlayırlar. Biz də valideynlərə bu barədə məlumat vermək istədik ki, uşaqları düşündürən əsas suala rahatlıqla cavab tapa bilsinlər. Bunun üçün mədəniyyət ocaqlarımızın “Yeni il planları”nı öyrəndik.
“Barboskinlərin Yeni il sərgüzəştləri”
Heydər Əliyev Sarayı hər il uşaqların Yeni il şənliyi üçün maraqlı repertuar təqdim edir. Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə bizimlə söhbətində qeyd etdi ki, Yeni ildə 3  maraqlı layihələri ilə tamaşaçılarla görüşəcəklər: “Dekabrın 25-də “Barboskinlərin Yeni il sərgüzəştləri” adlı uşaq tamaşası təqdim edəcəyik. Burada “özəl teatr” yeni texnologiyalar, başgicəlləndirici effektlər, rəqslər və mahnılardan istifadə etməklə maraqlı musiqili-şou təqdim edəcəyik. Tamaşanı “Barboskinlərdə Yeni il” və “Barboskinlər kiber məkanda” kimi hitlərin rejissorları təqdim edəcək. Kompüter qrafikası,  rəngarəng geyimlər, ifaçıların zərif incəsənəti ilə ahənglik təşkil edən sirayətedici mahnılar bayramın bütün qonaqlarına xoş təəssüratlar bəxş edəcək. Tamaşada sirk artistləri və bütün uşaqların sevimli personajları olan Barboskinlər iştirak edirlər!
Nağılın orijinal süjeti şounu Yerdəki ölkələr üzrə virtual səyahətlər karnavalına çevirir. Qış tətilləri zamanı Barboskinlərin mehriban ailəsi Şaxta baba səltənətində peyda olur. Füsunkar Yeni il möcüzəsi bayramına amansız Epidemiya Oznobovna və Nasmork Virusoviç qorxu salırlar. Bütün dünyanı tutmaq istəyən hər iki cani Şaxta babanın əfsanəvi nəqliyyat vasitəsindən istifadə edirlər. Amma sonda onları zərərsizləşdirmək mümkün olur”.Qeyd edək ki, sözügedən tamaşaya biletlərin qiyməti 5 – 49 manat civarında dəyişir. Tamaşa iki seans olmaqla saat 12:00 və 15:00-da başlayacaq.
“Yeni ilin mübarək, Luntik!”
Qurumun sözçüsü deyir ki, “Yeni ilin mübarək, Luntik!” adlı ikinci tamaşa dekabrın 27-də təqdim olunacaq: “Luntik artıq xeyli müddətdir günəş tarlasında yaşayır və oranın bütün sakinləri ilə dostlaşmağa vaxt tapıb. Və budur, Luntik üçün ilk qış mövsümü başlayır və onu yeni açılışlar və tanışlıqlar gözləyir. Təbii ki, Luntikin dostları ona qışı bütün gözəlliyi ilə görməyə kömək edəcəklər. Tamaşaçıları beş ibrətamiz qış əhvalatı gözləyir. Əhvalatlarda onlara fəal rol verilib, axı uşaqlar qışı yaxşı tanıyırlar və çətin vəziyyətdə kömək edə biləcəklər”.
Bu tamaşanın da biletləri 5-49 manat civarındadır. Tamaşa iki seans olmaqla, saat 12:00 və 15:00-da başlayacaq.
“Küpəgirən qarının hiyləsi”
Sarayda nümayiş olunacaq üçüncü proqram dekabrın 28-də nümayiş ediləcək “Küpəgirən qarının hiyləsi” nağıl-tamaşasıdır. Yanvarın 2-3-4-də uşaqlar üçün musiqili-əyləncəli “Qar dənəcikləri” adlı Yeni il şənlikləri təqdim olunacaq: “Nağıl-tamaşada həmçinin, Yeni ilin sevilən personajları – Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirəcək”. “Küpəgirən qarının hiyləsi” nağıl-tamaşa iki seans olmaqla, saat 13:00 və 16:00-da başlayacaq. 2, 3, 4 yanvar Yeni il şənlikləri isə saat 13:00-da başlayacaq”. Biletlərin qiyməti 5- 15 manat təşkil edir.
Kuklaçılar “Yeni il nağılı” vəd edir
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün ənənəsinə sadiq qalaraq, qarşıdakı yeni il tətilini də daimi tamaşaçıları üçün yaddaqalan və maraqlı etməyə çalışıb. Belə ki, balacalar üçün yeni və fərqli səhnə işləri hazırlayan teatrın yaradıcı heyəti bu dəfə onlara unudulmaz “Yeni il nağılı” vəd edir. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bizimlə söhbətində qeyd etdi ki, klassik və müasir yozumlu pyeslərdən seçmələrlə səhnə həlli verilən tamaşada balacalar dünya və milli nağıl qəhrəmanlarını bir arada görmək şansı qazanacaqlar: “Bununla yanaşı, onlar sevimli personajlarının oyununda ibrətamiz, eyni zamanda komik hadisələri eşidib, izləmək imkanı qazanacaqlar. Tamaşada uşaqlara  paxıllıq, yalançılıq, oğurluq kimi mənfi xüsusiyyətlərə nifrət, personajların düşdüyü komik situasiyalarla izah olunur. Bayram əhvallı tamaşanın əsas qəhrəmanları Şaxta baba, Qar qız və uşaqların sevimli dostu Dovşandır”.
Teatrın rejissoru Anar Məmmədovun ssenari müəllifi olduğu və quruluş verdiyi tamaşada yaxşıların qələbəsi, dürüstlüyün zəfəri və bağışlamağın ən üstün keyfiyyət olması diqqətə çatdırılır. Maraqlı dekorasiyası, nağılvari tərtibatı ilə seçilən tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. Ritmik musiqilərlə müşayiət olunan xareoqrafik elementlərlə zəngin tamaşada balacalar artıq onlara çoxdan tanış olan nağıl qəhrəmanlarını  da (Küpəgirən, Qarğa, İfrit, Pirat və s.) izləmək imkanı qazanacaqlar. Tamaşada əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elmira Hüseynova, Elxan İsmayılov, Elnur Xəlilov, Cavid İbrahimov və başqaları ifa edəcəklər.
Balacaların Yeni il istirahətini daha da maraqlı edəcək səhnə əsəri 30 dekabrdan 8 yanvaradək hər gün dörd seans  (saat 12.00, 14.00, 16. 00 və 18:00) olmaqla nümayiş olunacaq.
Gənc Tamaşaçılar Teatrında “Qrinç”  göstəriləcək… 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı  məktəblilərin qış tətili günlərində nümayiş olunmaq üçün yeni tamaşanın hazırlanmasına start verib. “Kaspi”-yə verilən məlumata görə Teodor Syuz Qeyzelin “Yeni ili oğurlayan Qrinç” kitabının motivləri əsasında Ron Hovardın ekran həyatı verdiyi “Qrinç” bu dəfə gənc rejissor Elşad Rəhimzadənin (səhnə redaksiyasının müəllifi) quruluşunda  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş etdiriləcək. Beləliklə, məktəblilərin qış tətili günlərində Dövlət Gənc Tamaşaçılar Teatrının öz izləyicilərinə ən gözəl hədiyyəsi “Qrinç” (“Yaşıl adam”) olacaq. Yeni il tamaşasının quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rəqslərin quruluşçusu Yelena Volkova, rejissor assistenti Sevda Hacışəmiyevadır.
Tamaşada Kalmıkiya Respublikasının əməkdar artisti İlham Əsədov, aktyorlar Günel Məmmədova, Zümrüd Quliyeva, Ramil Məmmədov, Ceyhun Məmmədov, Eşqin Quliyev, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova, Vahid Orucoğlu, Mirzəağa Mizəyev, Natiq Fərzəliyev, Bəhram Həsənov, Nuriyyə Əliyeva, Venera Abbasova, Könül Əbilova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Nuranə Hüseynova, Ramiq Nəsirov, Yusif Dadaşov iştirak edəcəklər.
Yeni il tamaşası dekabr ayının 29-dan yanvar ayının 5-dək 12.00, 14.00, 16.00 və 18.00-da nümayiş etdiriləcək.
Bakı Dövlət Sirkində  “Hindistan fili və dostları”
Bakı Dövlət Sirki də maraqlı şou vəd edir. Belə ki, qurumun mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov bildirdi ki, Bakı Dövlət Sirkində hər zaman olduğu kimi, möhtəşəm proqram hazırlanıb: “Bu il də tamaşaçılarımıza maraqlı repertuar hazırlamışıq. Dekabrın 25-dən yanvarın 10-a qədər “Hindistan fili və dostları” adlı proqramla çıxışımız olacaq. Bu proqrama Macarıstanın Sirk ulduzları, Kenquri ilə boks, at rəqsləri, dəvəquşu və meymunlar, attraksionlar, ekvilibristlər,  hava gimnastları,  qeyri adi lazer və işıq effektləri,  şən klounlar olacaq. Yeni ildə və qış tətili günlərində saat 12:00-da, 15:00-da və 19:00-da nümayişlərimiz olacaq”.
Mahir Hümbətov qeyd etdi ki, Yeni il şousunda Şaxta baba və Qar qızı da iştirak edəcək. Qiymətlər isə 15 manatdır. Əziz valideynlər, yəqin ki, uşaqlarınızı maraqlandıran əsas suala cavab tapdınız. Amma övladlarınızı yalnız bayram günlərində deyil, hər gün sevindirməyə çalışın. Unutmayın ki, onların günlərinin əyləncəli olması yalnız sizin əlinizdədir.  Övladlarınızı bu imkandan məhrum etməyin!



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir