imtahan

Yeni imtahan modeli nə vəd edir?

Baxış sayı: 1. 293

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli açıqlanıb. 9 illik təhsil bazasında buraxılış imtahanları ilkin mərhələdə 3 saat, ikinci mərhələdə 2 saat 15 dəqiqə olmaqla iki mərhələdə keçiriləcək. Birinci mərhələdə maksimal 30, ikincidə isə 70 bal olmaqla Azərbaycan dili, riyaziyyat və xarici dil fənnindən imtahan veriləcək. 11 illik təhsil bazasında isə maksimal bal 100 olmaqla, 3 fəndən (Azərbaycan dili, riyaziyyat və xarici dil), yalnız bir mərhələdə imtahandan keçəcəklər (https://az.trend.az/azerbaijan/society/2962446.html).

Yeni modelə əsasən, qəbul imtahanında abituriyentlər 5 yox, 3 fəndən imtahan verəcəklər. 1-ci ixtisas qrupunda riyaziyyat, fizika, kimya, 2-ci qrupda riyaziyyat, coğrafiya, tarix, 3-cü qrupda azərbaycan dili, ədəbiyyat, tarix, 4-cü qrupda isə biologiya, kimya, fizika fənlərindən suallar olacaq.

Əvvəlki illərin məzunları isə seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı, buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Yeni imtahan modelini abituriyentlərin qabiliyyətini, bilik və bacarığını müəyyən etmək üçün məqbul hesab etmək olarmı? Bu suala mütəxəssislərdən cavab aldıq.

Təhsil Eksperti Nadir İsrafilov bu dəyişikliyin labüd olduğunu bildirdi: “Əslində, qaydaların tez-tez dəyişdirilməsinin o qədər də tərəfdarı deyiləm. Çünki bu kimi dəyişikliklər təhsil alanlar, onların valideynləri, bütövlükdə təhsil ictimaiyyəti arasında müəyyən çaşqınlıq və narahatçılıq yaradır, təhsilin bir sistem kimi oturuşmasına müəyyən əngəl yaradaraq onun inkişafını ləngidir. Amma bununla belə, bu dəyişiklik labüd idi. Hər şeydən əvvəl ona görə ki, 2008-2009-cu tədris ilindən başlayaraq respublikamızın orta ümumtəhsil məktəblərində kurikulum standartlarına uyğun həyata keçirilən təhsil prosesi və buna müvafiq qurulan sistem şagirdlərin yalnız bilik səviyyəsini müəyyən etməyə imkan verirdi, digər bacarıqlarını yoxlamaq isə testin imkanı xaricində idi. Bu isə öz növbəsində səriştəyə əsaslanan təhsil ideyasının həyata keçirilməsinə və əmək bazarına səriştəyə malik kadrların çıxarılmasına əngəl idi”.

Ekspert qeyd etdi ki, imtahanların yeni forması gələcəkdə təkpilləli vahid imtahan sisteminə keçid üçün zəmin yarada bilər: “Yeniliyin bir müsbət cəhəti də ondan ibarətdir ki, buraxılış imtahanının nəticələri də universitetə qəbul üçün əsas götürüləcək. Bu da ali məktəblərə qəbula birtərəfli yanaşmaya son qoymaqla yanaşı, həm də bu prosesdə orta məktəbin də rolunun və xüsusi çəkisinin artırılması, bu vaxta qədər mövcud olan buraxılış və qəbul imtahanlarının nəticələrinin proporsional bölgüsündəki ziddiyyətlərin aradan qaldırılması deməkdir. Təqdim olunan fənlər üzrə yalnız qapalı testlər deyil, yeni növ tapşırıqların da əksini tapacağı halda, təkcə məntiqi təfəkkür yox, həm də yazı vərdişlərinin inkişafı və digər bacarıqların qiymətləndirilməsi mümkün olacaq. Belə bir modeli tətbiq etmək və daha da təkmilləşdirməklə, yaxın gələcəkdə təkpilləli vahid imtahan sisteminə keçidə zəmin yarada bilərik. Əlbəttə, tam dəqiqləşdirilməyə ehtiyacı olan müəyyən məqamlar da var ki, bunlarla əlaqədar daha konkret fikir söyləmək bir az çətindir. Hər halda, yeni modeli, tam təkmil olmasa da, əvvəlki qaydalarla müqayisədə daha sadə, müasir və mütərəqqi hesab etmək olar. Sadəcə olaraq, bununla bağlı proseslərə hazırlıq məqsədilə, maarifləndirici xarakterli seminarlar, müşavirələr, sınaqlar davam etdirilməlidir”.

Təhsil üzrə psixoloq Hüseyn Həsənov deyir ki, açıq tipli sualların olması əzbərçilikdən uzaqlaşıb praktik qabiliyyətlərin inkişafına müsbət təsir göstərəcək: “Buraxılış imtahanlarının yeni modelində fənlərə və sual tiplərinə nəzər yetirsək, görərik ki, əsas məqsəd şagirdlərin qavrama səviyyəsini ölçməkdir. Təhsil və tədrisin dövrün tələblərinə uyğunlaşdırılması baxımından, sualların qoyulma şəkli əvvəlki illərə nəzərən qənaətbəxş sayılır. Uzun illərdir ki, test tipli sualların qazandırdığı əzbərləmə, ancaq qavramama vərdişləri yeni model vasitəsi ilə mahiyyətini itirəcək və şagirdlər qavrayaraq öyrənməni vərdiş halına gətirəcəklər. Bu da öz növbəsində, kitaba, mütaliəyə olan ehtiyacı və marağı artıracaq. Müasir dövrün tələblərinə uyğun olaraq, təfəkkür və təxəyyülün inkişafı zamanla formalaşacaq. Xüsusilə, riyaziyyat fənni kimi məntiq yönümlü bir ixtisasda açıq tipli sualların olması əzbərçilikdən uzaqlaşıb, praktik qabiliyyətlərin inkişafına müsbət təsir göstərəcək. Xarici dil fənnindən də açıq sualların olması sadəcə qrammatik qaydaları yox, dilin əsl məqsədi olan dialoq bacarığını da ölçməyə imkan verəcək”

Həsənov buraxılış imtahanına aşağı bal limitinin qoyulmasını təklif edir: “Qəbul imtahanda açıq tipli sualların olması, əslində yenilik sayılmaz, çünki əvvəlki illərdə də açıq tipli suallara yer verilirdi. Şəxsən istərdim ki, gələcəkdə təfəkkürü, təxəyyülü və məntiqi ölçən sual tipləri daha çox yer alsın, nəinki çoxdan seçməli sual tipləri. Yeni modeldə əsas diqqətimi çəkən və xoş təsir bağışlayan odur ki, şagirdlərin məktəbdə keçirilən buraxılış imtahanına olan diqqətləri məcburən artacaqdır. O imtahanların tələbi də qavrama olduğu üçün mütaliəyə ayrılan zaman çoxalacaq. Beləliklə, məktəblərin cəmiyyətdəki yeri bir az daha müsbətə doğru irəliləyəcək. Bir məsələni də qeyd edim ki, keçid balı 400-ə yaxın olan ixtisaslara yönələn abituriyentlərin sadəcə, ikinci mərhələyə fokuslanmamaları üçün birinci mərhələdə toplanılacaq bala aşağı limit qoyulması, zənnimcə, məqsədəuyğun olardı”.

Həmsöhbətim təhsil sistemində edilən bu dəyişikliyin zamanla müsbət nəticələr verəcəyini düşünür: “Ümumiyyətlə, hər bir dəyişikliyin xitab elədiyi kütləyə verdiyi bir həyəcan, çəkingənlik vardır ki, bu da, normaldır. Xüsusilə də bu dəyişikliklə ilk dəfə üzləşəcək şagirdlər müəyyən çaşqınlıqlar yaşaya bilərlər. Amma imtahanın bu növü bir müddətdən sonra  müsbət təsirini göstərəcək. Əlbəttə, sistemin, illərdir daşlaşmış vərdişlərin bir anda dəyişməsini təmin oluna bilməz, ancaq zamanla məqsədyönlü dəyişikliklər öz bəhrəsini verəcək”.

imtahan

Təhsil eksperti, pedaqoji elmlər doktoru Hümeyir Əhmədov da dəyişikliklərin müsbət nəticələri olacağını düşünür, amma bir məsələ ilə bağlı iradını da bildirdi: “Əlbəttə, yeni model şagirdlərin bilik və bacarığını yoxlamağa imkan verəcək. Xüsusilə də açıq tipli suallardan istifadə edilməsi olduqca müsbət haldır. Amma düşünürəm ki, 3-cü ixtisas qrupunda xarici dil fənnindən imtahan olsaydı, daha məqbul olardı.  Düzdür, buraxılış imtahanında xarici dil fənnindən imtahan var, amma bu qrupda ixtisas olaraq xarici dil müəllimliyi olduğu üçün, məncə, abituriyent bu fəndən də xüsusi olaraq imtahan verməlidir. Yəni azərbaycan dili və ədəbiyyatdan sualları birləşdirib, yerinə xarici dil fənninin suallarını salmaq olar”.

 

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir