qrip

Yeni yayılan qrip virusları ilə necə mübarizə aparmalıyıq?

Baxış sayı: 1. 734

Azərbaycanda bu ilin 9 ayı ərzində kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azalıb. Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, oktyabrın geridə qalan 2 həftəsi ərzində də xəstələnmə səviyyəsi ötən ilin müvafiq dövründəki səviyyə ilə eyni olub: “Respublika üzrə qeydə alınan yoluxma hadisələri barədə mərkəzə məlumatlar verilir. Məlumatların təhlili göstərir ki, kəskin respirator virus infeksiyalarının artımı hələ müşahidə olunmur, vəziyyət stabildir. Yəni, xəstəlik sayı mövsümi qaydada qeydə alınır. Buna baxmayaraq, profilaktik, müşahidə tədbirləri aparılır, dezinfeksiya tədbirlərinin gücləndirilməsi üçün işlər görülür”.

A.Əliyeva bildirib ki, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasında aparılan laborator müayinələr zamanı Azərbaycanda qrip virusu aşkarlanmayıb: “Xəstəliyə o zaman qrip deyilə bilər ki, nümunələrdə hər hansı virus aşkarlanır və bunun da əsasında qrip diaqnozu qoyulur. Amma daxil olan nümunələrdən aydın olur ki, insanlarda müşahidə edilən xəstələnmələr soyuqdəymələr və kəskin respirator virus infeksiyalarıdır. Bunlar da mövsümi xarakter daşıyan xəstəliklərdir”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2017-2018-ci ilin payız-qış mövsümündə qripin növbəti ştamlarının – qrip B-Brisben, qrip A-H3N2 (Honkonq) və H1N1-Miçiqan qriplərinin üstünlüyünü proqnozlaşdırıblar.

Bəs görəsən son dövrlərdə yayılan bu qripin əsas səbəbi nədir? Yeni yayılan qrip virusları ilə necə mübarizə aparmalıyıq?

Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı deyir ki, bu viruslar mövsümi xarakter daşıyır: “Yaz-payız aylarında fəslin dəyişikliyi və temperaturun anidən dəyişməsi, günəş intensivliyinin azalması, nəmliyin çoxalması insan orqanizmində kəskin fərq yaradır. Bu fərq isə yuxarı tənəffüs yollarında virusların aktivləşməsinə səbəb olur. Eyni zamanda, bu il yaydan-payıza keçid mərhələsi olmadı. Yəni, temperaturun birdən-birə kəskin dərəcədə aşağı düşməsi müşahidə olundu. Bu zaman insanlar daha çox isti paltar geyinmək məsələsində çətinlik çəkirlər. Adətən hava birdən-birə dəyişəndə geyim seçmək çətin olur. Qripə qarşı mübarizənin ən effektiv yolu bioloji immun sisteminin gücləndirilməsidir. Orqanizmin viruslara qarşı dözümlü olması üçün yaydan başlayaraq hazırlıq görməliyik. Bunun üçün çoxlu günəş şüası qəbul etməli, dənizə getməli, bol-bol meyvə-tərəvəz yeməliyik. Bundan başqa, şirniyyat və digər karbohidratlardan uzaq durmaq lazımdır. Orqanizmi vitaminlərlə zənginləşdirmək lazımdır ki, qripə qarşı dözümlü olsun. Bəzən kollektivdə bir nəfər qripə yoluxan zaman xəstəlik digərlərinə də keçir. Çünki qrip hava-damcı vasitəsilə yayılan xəstəlikdir. Bu viruslar hətta bir müddət qaldıqdan sonra insanlara yoluxa bilir. Əlləri tez-tez yumaq, otağın havasını dəyişmək lazımdır. Ailədəki xəstə insanın təcrid olunması lazımdır.  Çünki virusa yoluxan şəxs daşıyıcıya çevrilir”.

Həkim-terapevt Məlahət Abbasova bildirdi ki, builki qrip virusları keçən ilkilərlə müqayisədə daha təhlükəlidir: “Qrip hər il modifikasiya olunaraq öz formasını dəyişə bilən xəstəlikdir. Məsələn, xəstəlik qarına, ağciyərə, beyinə, mədə-bağırsaq sisteminə təsir göstərə bilir. Ona görə də hər il fərqli qrip virusları ilə rastlaşırıq. Lakin bütün bu qrip virusları ilə mübarizənin ən effektiv üsulu və qızıl standartı bədənin immun sistemini gücləndirməkdir. Bunun üçün meyvə-tərəvəzdən və meyvə şirələrində çox istifadə edilməlidir. Bundan başqa, xəstəlikdən qorunmaq üçün isti geyinmək lazımdır. Havanın temperaturu birdən-birə aşağı düşdü. Bu da viruslar üçün əlverişli şərait yaradır. Çünki bədən tam olaraq adaptasiya ola bilmir. Kiçik bir soyuqdəymə nəticəsində orqanizmdə olan qrip virusları aktivləşir və  xəstəliyə yoluxa bilirsən. Builki qrip virusları keçən ilkinə nisbətən daha təhlükəli və aqressivdir. Hətta deyərdim ki, builki viruslar orqanizmdə daha böyük fəsadlara yol aça bilir. Xəstəlik daha çox güclü öskürəklə müşahidə olunur və getdikcə astma şəkilli öskürək-tutmaya çevrilir. Düzdür, keçən ilki virusun yayılma arealı geniş olsa da, çox ağır virus deyildi. Uşaqlarda daha çox qarın ağrısı ilə müşahidə edilirdi. Builki virus isə burun-boğaz infeksiyası ilə müşahidə edilir və  müxtəlif  ağciyər xəstəlikləri törədir. Bu viruslar bəzən hətta uşaqlarda pnevmoniya da yarada bilir. Ona görə də bu il daha ehtiyatlı davranmaqda fayda var”

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir