qiyamet

Yenidən başlayan dünyanın sonu panikası, “qiyamət günü”nə hazırlaşan zənginlər və 80 min dollarlıq ev

Baxış sayı: 1. 720

Türkiyə mətbuatı 5 fevral tarixində İngilis mətbuatına istinadən maraqlı xəbəri oxucularına çatdırmışdı. Xəbərə görə, ABŞ-ın Kaliforniya ştatında yerləşən və dünyadakı texnologiya istehsalının mərkəzi qəbul edilən Silikon Vadisindəki milyonerlərin böyük bir qismi dünyada yaşana biləcək böyük bir fəlakətə qarşı hazırlıqlara girişiblər.

Buna görə də texnologiya milyonerləri dünyanın fərqli bölgələrində hazırladıqları sığınma evlərinə özlərini qorumaq üçün odlu olan və olmayan silahlar yığırlar. Multi-milyonerlərin ilk növbədə seçdikləri yer isə Yeni Zelandiyadır. Bu ölkənin Cənubi Koreyadan, terror təşkilatı İŞİD-dən, Avropa və ABŞ-dakı sosial gərginlikdən uzaqlığı ölkəni sığınmaq üçün ideal yer halına gətirir. Milyarderlər bu ölkədə hazırladıqları sığınma yerlərini kapital kimi görürlər.

 

Varlı-kasıb müharibəsi?

 

Amma bununla belə, dünyanın sonu ilə bağlı şayiələr çox da geniş yayılmayıb. Bu səbəbdən də varlıların nədən ehtiyatlandıqları da maraq mövzusudur. Amma ehtimal edilir ki, varlılar daxili müharibədən, nüvə silahlarından, sosial çöküşdən narahatlıq keçirir. Silikon Vadisindəki insanların ən çox qorxduqları şey isə yeni texnologiya ilə birlikdə dünya iqtisadiyyatının da alt-üst olması, bunun ardınca varlılarla yoxsullar arasında böyük bir mübarizənin başlanacağıdır. Keçmiş Facebook rəhbəri olan Antonio Garcia Martinez Sakit okeandakı bir adada torpaq satın alaraq, onun üzərində generatorlar və günəş batareyaları ilə təchiz olunmuş bir ev inşa edib. Bundan başqa, o, həmin evdə çoxlu sayda silah satın alıb. Oracle-ın qurucusu Lerri Ellison da Havayda bir ada satın alıb. Yahoo-nun rəhbərliyindəki eks komandanın üzvü Marvin Liao oxatma dərsləri alır və odlu olmayan silahlardan ibarət kiçik bir cəbbəxana qurub.

Amma sığınacaq variantları bununla yekunlaşmır. Amerika ordusunun silah-sursat saxlamaq üçün istifadə etdiyi sığınacaqlar 1967-ci ildə boşaldılıb. Uzun müddət boş qalan sığınacaqlar 2016-cı ildə “Vivos Group” tərəfindən satın alınıb.Mümkün bir qiyamət günündən qurtulmaq üçün ərazidə yaşayş məntəqəsi yaradılması nəzərdə tutulub.

575 sığınacağın olduğu Cənubi Dakodadakı bu təsisatda əvvəlcədən qiyamət günü sağ qalmaq üçün yer sifariş edə bilərsiniz.

1942-ci ildə Amerika ordusunun silah-sursat anbarları kimi istifadə edilən sığınacaq “Vivos xPoint” adlanır.

Dünyanın ən böyük sağ qalma təsisatı da adlandırılan sığınacaq 220 tonluq partlayışa hazırdır. Polad və betondan tikilən sığınacaqların hər birində 10 nəfərin yaşaması üşün şərait var.

 

Bu binanın sakinləri tərəvəz və balıq yetişdirməklə dolanacaqlar

 

ABŞ-ın Kanzas şəhərində soyuq müharibə dönəmindən qalmış bir ərazidə (adı açıqlanmır) qiyamət günündən qorunmaq üçün özəl bir bina hazırlanır. Yerin 53 metr dərinliyində olan bina 14 mərtəbəli olacaq. İçində kino zalı, hovuzu və kitabxanası da olan binanın 7 mərtəbəsi ev kimi düzənlənəcək. Yerin altına doğru enən lift isə barmaq izləri ilə işləyəcək. Bəs burada yaşayanların qidalanması məsələsi?

Məlum olub ki, 70 nəfərin tərəvəz və balıq yetişdirərək həyatda qala biləcəyi binanın bir mərtəbəsi 2 milyon dolardan satışa çıxarılıb. Proyekti hazırlayan Larry Hall deyib ki, müharibə, günəşdəki partlamalar, iqtisadi çöküş, qida sıxıntısı və terror hücumlarından qorxanlar binaya maraq göstərirlər.

 

80 min dollar ver, sığın bu evə

 

Yevgeni Ubiyko adlı rusiyalı mühəndis isə sel, zəlzələ, yanğın və terror hücumlarına davamlı sığınacaq hazırlayıb. Daha əvvəl “Qiyamət sığınacağı» adı verilən icadının maketini nümayiş etdirən Yevgeni Ubiyko bu dəfə işini yekunlaşdırıb və sığınacağın əslini ictimaiyyətə təqdim edib. Mühəndis burada 4 nəfərin rahat yerləşə biləcəyini deyib. Onun sözlərinə görə, insanlar 40 gün ərzində burada terror hücumları və təbii fəlakətlərdən qoruna bilər. Mühəndis sığınacağın güllə keçirməz və yanğına davamlı olduğunu deyib. Sığınacağı 80 min dollara satmağı nəzərdə tutan Yevgeni Ubiyko buna oxşar modelin ABŞ-da da hazırladığını, lakin öz icadının müqayisədə daha təkmilləşdirilmiş olduğunu bildirib. Mühəndis 2012 filminə baxdıqdan sonra təsirləndiyini və belə bir sığınacaq yaratmaq qərarına gəldiyini deyib. “İllərdir 2012 filmindəki kimi fəlakətlərin olacağından bəhs edən filmlər çəkilir. Mənim icadım isə bu qorxulu fəlakətlərdən necə qorunmağa cavabdır», – deyə rusiyalı mühəndis bildirib.

 

Ev demək olmaz, bunun adı sığınma gəmisidir

 

Hollandiyanın Schagen şəhərindən gələn, Hollandiyalı dizayner Johan Huibers, İncildə söylənilən Nuhun gəmisinin 1/5 böyüklüyündəki, müasir dövrün Nuhun Gəmisinin eynisini düzəltmək üçün olduqca çox vaxt və təxminən olaraq 1.2 milyon dollar xərcləyib. Johan Huibers bu layihəyə, 1992-ci ildə və ölkəsinin qlobal istiləşməyə görə, tamamilə sular altında qala bilmə ehtimalı olduğu fikrinə əsaslanaraq başlayıb. Bu fikir, hər nə qədər zaman keçdikcə məşhurluğunu itirsə də, Johan Huibers bu fikri mənimsəməyə və bu səbəbdən, işlərini davam etdirməyə davam edib. Buna görə 70 metr uzunluğunda, 9.5 metr enində və 13 metr yüksəkliyindəki gəmisi üzərində işə 2005-ci ildə başladı. Bu işlərini, banklardan aldığı kreditlər ilə tamamladı və bu anda gəmisi, Hollandiyanın bütün daxili quru sularında olan körpülərin, altından keçə biləcək şəkildə yüksəkliyi nizamlandı və suya enməyə hazır bir şəkildə gözləyir.

 

Ev varsa, anbar da olmalıdır

 

Evlərlə yanaşı, qiyamət anbarı da var. Daha öncə də yazdığımız kimi, bu anbara dünyanın bütün zənginləri qatılıb. Başda Bill Qeyts olmaqla zənginlər uzun illərdir ki, dağın altında anbar yaradır. Anbarda dünyadakı bütün bitki toxumlarından var. “Qlobal Toxum Anbarı” layihəsi 1983-cü ildən bəri Norveçdə həyata keçirilir. Anbar əgər bir gün qiyamət qoparsa, “Nuhun gəmisi” rolunu oynamalıdır.

Norveçin şimalındakı Şpitsbergen adasında, buzlaqların arasında nəhəng bir dağın 130 metr dərinliyində tikilən və 9 milyon dollara başa gələn “Svalbard Qlobal Toxum Anbarı” 2008-ci ilin mart ayından bəri fəaliyyət göstərir. Divarları nüvə bombalarına qarşı belə dözümlü olan anbarda dünyanın dörd bir tərəfindən gətirilən təxminən 4 milyon ədəd müxtəlif toxum saxlanır. Anbar dünyada nüvə müharibəsi, qlobal istiləşmə kimi hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etməsi üçün yaradılıb.

Şimal Qütbündən 1000 kilometr aralıda, BMT Qida və Əkinçilik Təşkilatı ilə Beynəlxalq Biomüxtəliflik araşdırma qrupunun yaratdığı Qlobal Məhsul Müxtəlifliyi Təşkilatı və Norveç hökuməti tərəfindən yaradılan anbarda havanın hərarəti bəzi toxumların 1000 il yaşaya bildiyi mənfi 18 dərəcəyə qədər aşağı salınıb.

Layihənin arxasındakı beyin və Qlobal Məhsul Müxtəlifliyi Mərkəzinin (GDTC) rəhbəri Cary Fowler anbarın əhəmiyyəti barədə belə deyib: “Qlobal toxum anbarı, əkinçilik müxtəlifliyimizin yox olmasına mane olmaq üçün sonuncu müdafiə tədbirlərindən biridir. Həqiqət budur ki, insanlar dinozavrların nəslinin tükəndiyindən xəbərdardır, ancaq çox təəssüf ki, heç kim əkinçilikdə də məhsul müxtəlifliyinin kütləvi tükənmə ilə qarşı-qarşıya qaldığının fərqində deyil. Yığılan məhsul müxtəlifliyi, qida ehtiyacımızın qarşılanması baxımından həyati əhəmiyyət daşıyır. Bizim bu anbara ehtiyacımız var. Çünki əkinçiliyin, iqlim dəyişməsinə, zərərli böcəklərə, xəstəliklərə, quraqlığa qarşı adaptasiyanı təmin etmək və fermerlərə kömək əlimizi uzatmaq məcburiyyətindəyik”.

Qlobal Məhsul Müxtəlifliyi Təşkilatı anbarı illik 125-150 min dollar arasında maliyyə yardımı ilə təmin edir. ABŞ, İngiltərə, Norveç, Almaniya, İsveçrə və Kanadanın dövlət fondlarından da buraya pul köçürülür.

 

Almanlar qiyamət iqamətgahı tikiblər

 

2015-ci ildə isə Almaniyanın Rothenşteyn bölgəsində bir kənddə Qiyamət iqamətgahı tikilib. Tikilinin inşasına 1 milyard dollar vəsait sərf edilib. Yalnız milyonçular üçün tikilən sığınacaqda Qiyamət günü gəldiyində bir il boyunca heç çölə çıxmadan yaşamağın mümkünlüyünü ehtimal edirlər. Hovuzlar, teatrlar, fitnes salonları, restoranlar və hətta helikopter xidmətinin təklif edildiyi bildirilir. Varlıların bu xidmətlərdən nə qədər məbləğ qarşılığında faydalanacağı isə hələ açıqlanmayıb.

Sonda… Gördüyünüz kimi, ortada dünyanın sonu, qiyamət günü ilə bağlı hər hansı anons, həyəcanlı xəbər olmasa da, varlılar indidən işlərini ehtiyatlı tutublar. Onların anbarı da var, iqamətgahı da, hətta dünyanın sonu çatsa, yeyib-içmə bazası da. Bizim kimi dünyalılar həyatını məvacibdən-məvacibə planlaşdırdığı halda, pulu çox olanlar baş verə biləcək qiyamət gününə indidən hazırlaşırlar. Varlının pulu kasıbın təkcə çənəsini yormur, həm də onu həyatda qalma mübarizəsində məğlub edir.

 

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir