YOLKA

Yenil ili harada keçirək?

Baxış sayı: 1. 406

Qarşıdan Yeni il gəlir. Kiçikdən böyüyə hamımızın həsrətlə gözlədiyi bu bayrama hərə öz büdcəsinə görə hazırlaşır. Kimisi xarici ölkəyə səyahət planlayır, kimisi isə ölkə daxilində müxtəlif otel və restoranların bayram şənliyi proqramlarına qatılır. Bunları edə bilməyənlər isə öz evində paytaxt salatı hazırlayır və narıngi soyaraq 2020-ni qarşılamaq niyyətindədir. Bununla yanaşı, Yeni il ərəfəsində ölkəmizə böyük turist axını olur. Hər il olduğu kimi, bu il də bayram günlərində ölkəmizə müxtəlif ölkələrdən turistlərin axını gözlənilir. Bəs görəsən ölkə daxilində hansı tədbirlər və proqramlar var? Turizm şirkətləri və otellər Yeni ilə necə hazırlaşır?

“Millenium Turizm Konqres DMC” şirkətinin rəhbəri, turizm eksperti Ruslan Quliyev deyir ki, turizm sənayesi və turizm şirkətləri Yeni il ərəfəsində çeşidli proqramlar hazırlayıb: “Yeni il proqramlarına hələ iki ay əvvəldən hazırlıqlar görülüb. Yeni il bayramında Azərbaycanda əsasən Quba, Qusar, Şəki, Qəbələ rayonlarında intensivlik müşahidə olunur. Daxili və xarici turistlərin əksəriyyəti bu regionlara üz tutur. Bu ərazilərdə infrastruktur işləri başa çatıb və hər şey yüksək səviyyədədir. Cənub bölgəsi üzrə yol infrastrukturunun tamamlanması Lənkəran, Astara, Lerik regionlarına da böyük turist axını olacağından xəbər verir. İlbəil xarici ölkələrdən regionumuza axın edən turistlərin sayı artmaqdadır. Yeni ilə hələ bir qədər qalsa da, artıq indidən böyük turist axını gözlənilir. Yəqin ki, bu il rekord göstəricinin şahidi olacağıq. Şahdağ və Tufandağda qış mövsümü artıq açıq elan edilib. Daxili turistlərin sayı günü-gündən artmaqdadır. Bayrama yaxın müddətdə xarici turistlər də bu istirahət zonalarına üz tutacaq. Artıq Bakıda müəyyən ənənələr formalaşıb. Avropada və MDB ölkələrinin paytaxtlarında olduğu kimi, Bakıda da Yeni il xüsusi qeyd olunacaq. Turistlərə və o cümlədən yerli əhaliyə möhtəşəm proqramlar təqdim olunacaq”.

“Luna Travel” turizm şirkətinin direktoru Rəhman Quliyev qeyd etdi ki, Yeni il bayramına hazırlıq müştərilərin tələblərinə uyğun olaraq aparılır: “Çalışırıq ki, daha çox tələbat olan məqamları nəzərə alaq. Ölkəmizə gələn xarici və eləcə də yerli turistlərin diqqətini cəlb edəcək tədbirlər təşkil olunur. Turizm şirkətləri öz işini əsasən bu istiqamətdə qurur. Bizim üçün önəmli olan müştərilərin məmnuniyyətidir. Hər il olduğu kimi, bu il də müştərilər üçün müxtəlif yeniliklərimiz var. Regionlarda yerləşən otellərin qiymətinin sabit saxlanılması, rəqabətlilik çox önəmlidir. Otellərlə əməkdaşlıq edərkən biz bu məqamlara diqqət edirik. Qiymət siyasəti ilə bağlı müəyyən danışıqlar aparırıq ki, müştərilərin məmnuniyyətini qazana bilək. Turizm şirkətləri otel və turist arasında lokomativ rolunu oynayır. Qiymət siyasətini elə aparmaq lazımdır ki, ölkəyə gələn turist bir də gəlsin. Bu barədə otellərlə əməkdaşlıq edərkən öz tövsiyələrimizi verir, qiymət müqayisələri aparırıq. Yeni il elə bir ərəfədir ki, təkcə xarici turistlər deyil, eləcə də daxili turistlər müxtəlif proqramlara qatılır. Ona görə də müəyyən məqamlar nəzərə alınmalıdır. Hər il olduğu kimi, bu il də artıq əksər yerlər indidən bron edilib. Təəssüf ki, bizdə əsasən yüksək kateqoriyalı otellər üstünlük təşkil edir. 4-5 ulduzlu otellərin sayı 1-2 ulduzlu otellərdən və hostellərdən çoxdur. Bu isə o deməkdir ki, ekonom büdcəli turistlər Yeni ildə qalmağa yer tapmaqda çətinlik çəkir. Biz ekonom büdcəli otellərin sayını artırmalıyıq ki, bu ərəfələrdə daha çox turist qəbul edə bilək. Sahibkarlara şərait yaradılmalıdır ki, onlar öz işini qura bilsin. Əgər məqsədimiz ölkəyə gələn turist sayını artırmaqdırsa, belə məqamlara diqqət etməliyik. Yerli turistlərimiz Yeni ildə müxtəlif ölkələrə üz tutur. Qiymət siyasətini balanslaşdırsaq, ölkədən valyuta çıxmasına ehtiyac qalmaz. Ekonom büdcəli otel və hostellərin tikilməsi həm də regionlarda sosial, işsizlik problemlərinin aradan qalxması baxımından faydalıdır. Biz öz siyasətimizi bu istiqamətdə aparmalıyıq. Yeni il bayramında ölkəmizə müxtəlif ölkələrdən turist axını olduğuna görə, onların maraq dairələri müxtəlif və genişdir. Çünki hər bir ölkənin mədəniyyəti və mentaliteti fərqlidir. Əlamətdar günlərin necə və harada keçirilməsi turistlər üçün çox önəmlidir. Otellər, istirahət mərkəzləri öz Yeni il proqramını hazırlayarkən bu məqamlara diqqət etməlidir. Adətən bayram tədbirlərinin çox olduğu otellərə daha çox üstünlük verilir. Bayramda turistlər gəzmək yox, əylənmək istəyir. Tədbirlər təşkil olunarkən elə məsələlər göz önünə gətirilməlidir”.

 

Qalaaltı Hotel Kompleksindən aldığımız məlumata görə, bayram günü müştəriləri rəngarəng Yeni il əyləncələri gözləyir: “Bayram münasibəti ilə 31 dekabr – 2 yanvar günlərini əhatə edən Yeni il paketi təqdim olunacaq. Üç gün, iki gecəlik bu paketdə gələn qonaqlarımıza Yeni il proqramı da daxil olmaqla, müxtəlif əyləncələr təqdim edilir. Qonaqlarımız üçün qidalanma açıq bufet olacaq. Həmçinin onlar üçün müxtəlif əyləncəli proqramlar təşkil olunacaq. Burada təkcə böyüklər deyil, uşaqlar üçün də xüsusi əyləncəli tədbirlər təşkil ediləcək. Bayram axşamı müxtəlif tədbirlər, viktorinalar müştərilərimizin bu bayramını yaddaqalan edəcək”.

 

Şəbnəm




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir