Nezrin Hesimzade

Yeniyetmə və valideyn münaqişəsi – “QƏBUL OTAĞI”

Baxış sayı: 552

Yeniyetməlik fiziki, koqnitiv, psixo-sosial və emosional dəyişikliklərin yaşandığı və uşaqlıqdan yetkinliyə keçid dövrüdür. Lakin yeniyetməlik dövrünün başlamasına və qurtarmasına dəqiq sərhəd qoymaq olmaz. Həmin yaş dövrü bir il tez və ya gec başlaya bilər. Bu dövrün bitməsi hər fərddə individualdır. Yavaş-yavaş özünü dərk edən gənc xarici görünüşünə diqqət yetirməyə, kimlik yaratmağa, “mən də varam” deməyə, özünü sübut etməyə çalışanda “ Bu uşaq neyniyir belə?! , heç bir sözə qulaq asmır!, burnunun dikinə gedir!” kimi sözləri deməyə valideynlər başlayırlar.

Bu dövrdə fərdlər uşaqlıq vərdişlərindən əl çəkirlər, hormonal dəyişikliklərə ayaq uydururlar, özlərini tanıyırlar, müxtəlif mövzülarla maraqlanırlar. Yeniyetmələr bu dövrdə böyüdüklərini, yetkinləşdiklərini, valideynlərin onlara uşaq kimi baxmamalı, daha azad olmaları lazım olduğunu düşünürlər. Valideynlər isə böyüyən övladlarından daha yetkin davranışlar göstərmələrini və sözünün üstündə durmalarını gözləyirlər. Yeniyetmələrin və valideynlərin fərqli gözləntilərə sahib olması münaqişələrə gətirib çıxarır.

Valideynlərin yeniyetməlik dövründə fərdlərin göstərdiyi davranışları tam bilməməsi səbəbindən yeniyetmə-valideyn münaqişələri yarana bilər. Bu dövrdə yeniyetmə nəinki öz bədənində böyük dəyişikliklər yaşayır, həm də daha fərqli düşünməyə başlayır. Bədənindəki dəyişikliklərə öyrəşməyə çalışarkən, dəyişən zehni quruluşu ilə nəyi sevdiyini və nə istədiyini anlamağa çalışır.

valideyn

Yeniyetmələr və valideynlər arasında münaqişə yaradan məsələlər nələrdir?

Yeniyetmə-valideyn ziddiyyətləri adətən yeniyetmənin azadlıq və hüquq istəkləri, valideynin isə yeniyetmədən öhdəliklərlə bağlı gözləntiləri olduqda yaranır. Yeniyetmələr bu dövrdə daha çox azad olmaq, evdən kənarda və dostları ilə daha çox vaxt keçirmək istəyirlər və bunun onların ən təbii haqqı olduğunu düşünürlər. Yeniyetmə, məktəbdə və evdə öz məsuliyyətlərindən qaçır və bu vəzifələri yerinə yetirmədiyi üçün valideynləri ilə böyük münaqişələrə girə bilər.

valideyn

Yeniyetməlik dövründə valideynlər nə etməli və necə davranmalıdırlar?

Valideynlərin yeniyetmə ilə ünsiyyət qurması, yeniyetməlik dövrünün xüsusiyyətlərini nəzərə alması, daha diqqətli olması ilə yeniyetmə-valideyn münaqişəsinin qarşısını almaq olar.

Buna görə də valideynlər övladları ilə ünsiyyət qurarkən aşağıdakılara diqqət yetirməlidirlər:

* Valideynlər övladlarının daxil olduğu yeni dövr, yəni yeniyetməlik dövrü haqqında daha çox məlumat əldə etsələr və yeniyetmələrin bu dövrdə ümumiyyətlə necə davrandıqlarını öyrənsələr, bu dövrə uyğun olaraq uşaqları ilə ünsiyyət qura bilərlər.

* Fərdlər yeniyetməlik dövründə bir dəyişiklik prosesinə girirlər. Bu səbəbdən uşaqdan əvvəlki kimi davranmasını gözləmək lazım deyil. Uşaq dəyişir, davranışı dəyişir, istəkləri dəyişir, ona görə də valideynlər ayaqlaşmalıdır.

* Yeniyetmənin nəyi sevdiyini, istədiyini, maraqlarını və ehtiyaclarını bilmək, yeniyetmə və valideynləri daha da yaxınlaşdıracaq və daha yaxşı ünsiyyət qurmağa kömək edəcək.

*  Yeniyetmənin dediklərinə ciddi yanaşmaq, onunla maraqlanmaq, fikirlərinə önəm vermək onu valideynlərinə daha yaxın hiss etdirəcək.

* Valideynlər övladlarına nəsihət vermək əvəzinə, təmkinli danışsalar, onun yanında olduğunu, başa düşdüyünü hiss etdirsələr münasibətləri üçün daha faydalı olar. Çünki bu dövrdə yeniyetmə valideynlərinin nəsihətlərinə qulaq asmaq istəmir, valideynlərinin dediklərinin əksini etməyə meyllidir.

* Yeniyetmələri sərt tənqid etməyin. Onun səhvlərini tənqid edə bilərsiniz, ancaq onun şəxsiyyətini deyil, davranışını səhv hesab etdiyinizi söyləyin. Davamlı olaraq onu tənqid etsəniz, o, dəyərsiz olduğunu düşünəcək.

 

Qeyd etmək istəyirəm ki, valideynin,uşağa nisbətən daha təcrübəlidir. Və o bilməlidir ki, övladından yüksək tərbiyə, hörmət, sevgi,anlayış gözləyirsə ilk növbədə özü övladına bu keyfiyyətləri göstərməlidir.

 

Nəzrin Həşimzadə

Yeniyetmə psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir