abort

Yeniyetmələr arasında abortlar niyə artır?

Baxış sayı: 1. 400

Statistik məlumatlar yeniyetmə qızlar arasında abort faktlarının artdığını göstərir. Ekspertlər bunu qız və oğlanların erkən yaşlarda cinsi həyata meyl göstərməsi, həmçinin erkən nikahların da rol oyandığını bildirirlər.

Son statistik məlumata görə, Azərbaycanda ötən il ölü doğulanlar da daxil olmaqla 142,7 min doğuş qeydə alınıb. 2016-cı ildə bu rəqəm 158,1 min olub. Həmin müddətdə 37,618 min nəfər (2016-cı ildə 34 569 min) abort etdirib. Abortların ümumi sayından 12,3 mini (2016-cı ildə 10,5 min) mini-abortların payına düşüb.

Məlumatda bildirilib ki, ötən il abort etdirənlər arasında 15-19 yaşlı qadınların sayı 1605 təşkil edib (2016-cı ildə isə 1 261 qadın abort etdirib), onlardan da 15-17 yaşında olan qızlar arasında 46 nəfər abort edib. Onu da qeyd edək ki, 2016-cı ildə 15-17 yaş arasında olan qızlardan cəmi 19 nəfər abort etdirib. 2017-ci ildə 18-19 yaşlı olanlar arasında isə 1 559 nəfər abort edib, 2016-cı ildə isə bu yaşda abort etdirənlər 1 242 nəfər olub.

abort

Psixoloq Aydan Nəzərova bildirir ki, qızların erkən yaşlarda abort etdirməsi əslində bu günün ən aktual problemlərindəndir: “Elə qızlarımız var ki, yeniyetməlik dövründə vətəndaş nikahına meylli olurlar ya da kimlərləsə gizli münasibət qurur, görüşürlər. Bizdə cəmiyyət tərəfindən belə qızlar qınanılır. Onu da qeyd edək ki, yeniyetmələr sosial şəbəkələr üzərindən yaşlarına uyğun olmayan videolara baxır, bu onlara maraqlı gəlir və fəsadlarını düşünmürlər. Yeniyetməlik dövründə “Biz bir-birimizi sevirik” deyə səhv edənlər də olur. Hamiləlik də baş verəndə atasından, anasından gizlətmək üçün, cəmiyyətdə qınaq obyektinə çevrilməmək üçün abort edirlər. Bunlar yoverilməz hallardır”.

A.Nəzərova hələ də qızların erkən yaşlarda ərə verilməsi probleminin qaldığını da vurğulayıb: “Biz istəməzdik ki, qızlarımız erkən yaşda cinsi həyata başlasın, ailə qursun. Əvvəllər rayon yerlərində qızların erkən nikaha daxil olması daha çox yayılmışdır. Belə nikahlar rəsmi qeyd edilmirdi, sadəcə kəbin kəsilirdi. Son illərdə bu bəzi yerlərdə yığışdırılıb. Təəssüflər olsun ki, bu gün də bəzi valideynlər qızlarını erkən yaşlarda ərə verirlər. Erkən nikahlar qızlara həm psixoloji, həm də fizioloji cəhətdən zərərlidir. Onların qadın orqanizmi həmin dövrlər üçün tam formalaşmayıb. Psixoloji cəhətdən də ailənin nə olduğunu, necə olduğunu anlamırlar. Qızlar erkən yaşlarda toya əyləncə kimi baxır, ailə quracağını dərk etmir. Ailə problemləri ilə üzləşəndə artıq psixoloji travma yaşayır, depressiyaya düşür, stres yaşayırlar.

Təcrübəmdə olub ki, qız 16 yaşında erkən nikaha daxil olub və hamilə qalıb. Hamiləlik müddətində psixologiyasında ciddi problemlər yaşanıb. Qız gecə yarısında evdən çıxmağa, qaçmağa başlayıb. 16 yaşında qız tam şəkildə onunla nə baş verdiyini ifadə edə bilmir. 15-17 yaşda qızlar bədənində olan dəyişikliyi, hamilə olduqlarını dərk edə bilmirlər və bununla bağlı ciddi problemlər yaşayır, gərgin olurlar, təbii ki, abortlara əl atırlar. Bəzi hallarda qızların keçirdiyi psixoloji sarsıntı o həddə çatır ki, məcburi abort edirlər ki, psixoloji sarsıntı aradan götürülsün və sonra buna hazır olduqda hamilə qalsınlar”.

Bununla bağlı Nəzərova bildirir: “Yaxşı olar ki, biz qızlarımıza təhsil verək, əlinə peşə verək, ailənin nə demək olduğunu, ailənin nə üçün qurulduğunu başa salaq. “Qızı ərə verdim, getdi” kimi yanaşmayaq. Sonra nə olacaq? Sabah bilinmir ki, onun ərinin başına nə gələcək? Qız övladı gələcəkdə öz ayaqları üstündə dura biləcəkmi? Yoxsa əlində uşaqla acınacaqlı durumda qalacaq?”

Psixoloq bir nüansı da qeyd edir ki, 15-17 yaşlarda, ola bilər ki, qız həm psixoloji, həm də fizioloji cəhtdən ailə qurmağa hazır olsun, uşaq da dünyaya gətirsin: “Amma onun hələ öz dünya görüşü yoxdur, tam formalaşmayıb. O, necə uşaq tərbiyə edəcək? Təbii ki, səhvlərə yol verəcək. Nəticədə cəmiyyətimiz üçün yanlış bir şəxsiyyət, davranış pozuntulu şəxsiyyət dünyaya gətirəcək”.

Qızların erkən yaşlarda ana olması ilə bağlı mama-ginekoloq Naibə Həsənova “Ekspress”ə bildirib ki, yeniyetmələr arasında abortların artması Azərbaycanda cinsi tərbiyənin, cinsi maarifləndirmənin zəif olduğunun göstəricisidir: “Mövcud vəziyyətdən çıxış yolu 7-8-ci sinifdən etibarən sırf cinsi tərbiyə mövzusunda dərslərin keçirilməsidir. Qızlar və oğlanlar üçün bu dərslər ayrı-ayrılıqda da keçirilə bilər. Bu cür dərslərdə nə maraqlı sualları varsa, şagirdlər birbaşa həkim ginekoloqlara verə bilər. Şagirdlər bu haqda doğru məlumat almalıdır. “Cinsi əlaqə necə olmalıdır?; Neçə yaşdan sonra cinsi həyata başlamaq olar?; Hansı yollarla hamiləlikdən qorunmaq mümkündür?; Erkən yaşlarda hamiləliyin fəsadları nədir?” kimi mövzularla bağlı yeniyetmələr məlumatlandırılmalıdır”.

N.Həsənovanın sözlərinə görə, qadın bədəni abortdan sonra yenidən qurulur: “Həkimin abortu necə aparmasından asılı olaraq qadının orqanizmində müəyyən fəsadlar ola bilər.

İlk abortlar xüsusilə təhlükəlidir. İlk abortlar adətən hamiləliyin ilk 6-7 həftəsinə kimi edilir və mini abortlar adlanır. Fəsadı odur ki, həkim tərəfindən müəyyən kobud manipulyasiyalar mənfi izlər buraxar, daha dərin qaşıntı, uşaqlıq boşluğunun daxili divarları zədələnə bilər. Sonradan qadın uşağa qalmaya bilər. Bu da ona görə baş verir ki, dediyim yanlışlıqla yerinə yetirilən abortdan sonra aybaşının pozulması ehtimalı yaranır. Aybaşı pozuntusu olanda da qadın necə uşağa qalsın? Ya da uşaqlıq boşluğu tam təmizlənmir. Onun nəticəsində də uşaq olmaya bilər. Təəssüf ki, həkimin abortu düzgün etmədiyi üçün sağlam qadınlarda abortdan sonra fəsadlar qalar”.

 

AYNURƏ MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir