narkomaniya

Yeniyetmələrdə narkotikaya aludəçilik niyə artır?

Baxış sayı: 167

Son vaxtlar Azərbaycanda narkotiklərdən istifadəyə meyllilik artıb və bu, özünü gənclər, eləcə də yeniyetmələr arasında qabarıq şəkildə göstərir. Getdikcə daha çox yeniyetmələr esrar və digər yüngül narkotik vasitələrdən istifadə etməyə başlayırlar.

Psixiatr Denis Rzayevin bildirdiyinə görə, gənclərin çoxu yüngül narkotik maddələrin zərərsiz olduğunu və bundan bir neçə dəfə istifadə etsə, heç bir zərərin olmadığını düşünür: “Belə yanlış fikirlər çox vaxt gənclərin narkotik maddələrə aludə olmasına gətirib çıxarır. Bu risk qrupuna daha çox özünə qapanan, öz fikir və düşüncələrini, problemlərini ətraf mühitdən gizlədən yeniyetmə və gənclər daxildir”.

D.Rzayev qeyd edib ki, gənclərin narkotik maddələrə meyl etməsinin səbəbləri müxtəlifdir: “Niyə yeniyetmələr esrar və başqa narkotik maddələrdən istifadəyə maraq göstərir? Bu sualı narkotik maddələrdən asılılıqdan əziyyət çəkən gənclərə verəndə əksər hallarda belə cavab verirlər: “Esrar mənə stresdən kömək edir”. Gənclərə narkotik maddələr əsl psixoloji problemlərdən azad olmaq üçün asan yol kimi görünür. Lakin onlar narkotik maddələrə qurşanmaqla daha böyük bəlalara düşəcəklərinə inanmırlar”.

Həmsöhbətimiz deyir ki, əksər hallarda yeniyetmələr özləri də bilmədən valideynlərinə esrardan istifadə etdikləri barədə məlumat verirlər. Bu, onlardan gələn spesifik iy və ya otaqda yaddan çıxıb qalmış kül ola bilər. Psixiatr bunu artıq valideynlər üçün uşaqların daha çox qayğı və diqqətə ehtiyacları olduğu haqda bir siqnal sayır: “Belə yeniyetmələr hesab edirlər ki, narkotik maddələr onları daha sərbəst və xoşbəxt edir. Onların fikrincə, bu vasitə ilə öz adi yaşayış tərzini daha maraqlı və daha fəal edə bilərlər. Narkotik maddələrin insanı xoşbəxt, qayğısız və rahat etməsi kimi fikirlər adətən onlarda asılılığa gətirib çıxarır. Belə vəziyyətdə övladlarını bu fikirdən yayındırmaq kimi böyük məsuliyyət valideynlərin üzərinə düşür. Çıxış yolu tez tapılmasa, yeniyetmələr özlərinə daha çox qapanacaq və ya ancaq onlar kimi düşünən insanlarla ünsiyyət qurmaq səviyyəsinə enəcəklər”.

Rzayev diqqətə çatdırır ki, adətən narkotik maddələrə aludə olanlar bunu istədikləri vaxt ata biləcəklərini düşünürlər: “Bəzən insanlarda esrar, heroin və ya spirtli içkilər asılılıq yaratmır kimi fikirlər yaranır. Lakin valideynlər belə hallarda daha diqqətli olmalı və narkotik maddələrdən istifadənin yaxşı nəticələnməyəcəyini izah etməlidirlər. Belə hallarda valideynlər uşaqların narkotik maddədən necə istifadə etməsi barədə məlumat toplamağa başlamalıdırlar. Misal üçün, gündə neçə dəfə narkotik maddədən istifadə etməsi, hansı gənclərlə görüşdüyü zaman nakotik maddəni qəbul etməsi və ya mütəmadi hal alıb-almaması, bu narkotik maddələrin necə əldə edilməsi kimi məlumatları toplayıb təhlil etmək lazımdır. Uşaqlarla bu vasitələrdən istifadənin necə nəticələnəcəyi barədə ətraflı söhbət etmək, narkotik maddələrin təsirindən görmə qabiliyyətinin azalmasını, beynin fəaliyyətinin zəifləməsini və gələcəklərinə böyük zərbənin vurulması haqda izah etmək lazımdır”.

Psixiatr bildirir ki, narkotik maddələrdən istifadə edən yeniyetmələr zehni fəaliyyət və ya idmanla məşğul olmaqdan imtina edir və əksər hallarda əvvəlki ətraf mühitlərindən, dostlarından üz çevirirlər: “Əgər sizin uşağınız belə vəziyyətə düşübsə, onunla daha çox vaxt keçirin. Onda narkotik maddələrdən istifadəni atmağa maraq oyadın. Belə vəziyyətlərdə ona sağlamlığı və taleyi haqqında fikirləşməsi üçün şərait yaradın və övladlarınıza sizin üçün çox dəyərli olduqlarını tez-tez deyin. Uşağa imkan yaradın ki, özü belə vəziyyətin onun üçün təhlükəli olduğunu və narkotik maddələrin təsirinin neqativ tərəflərini dərk etsin”.

D.Rzayev əlavə edib ki, əgər yeniyetmə belə vəziyyətlərdə sizinlə razılaşmırsa və ya cavabında sizin də istifadə etdiyiniz spirtli içkinin və ya tütün məmulatlarının da orqanizm üçün zərərli olduğunu deyirsə, nümunəvi valideyn olmaq üçün bu məhsullardan istifadəyə son qoymağınız məsləhətdir: “Bunu etdikdən sonra övladınız sizin sözlərinizə daha çox inanacaq və onun gözündə hörmətiniz qalxacaq. Nəticədə, o, sizdən nümunə götürərək bu vasitələrdən istifadəni dayandıra biləcək”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir