Yeniyetmə övladı olan valideynlər oxusun! – Psixoloq məsləhəti

Baxış sayı: 6. 050

“Gencaile.az” “dushunce.az” saytına istinadən “Narınc” Uşaq Psixologiya Mərkəzinin yeniyetmələrlə iş üzrə mütəxəssisi Vəfa Rəşidovanın müsahibəsini təqdim edir. Vəfa xanım yeniyetmə mərhələsinin özəllikləri, yeniyetmə psixologiyası, bu dövrdə valideynlərin övladlarına yanaşma tərzi və s. barədə geniş danışıb.

– Yeniyetmə mərhələsinə qədəm qoymuş övladı olan çox ailələr üçün problemlər başlamışdır deməkdir. Niyə valideynlə övladı arasındakı ən böyük anlaşmazlıqlar məhz bu dövrə təsadüf edir?

– Bildiyiniz kimi, yeniyetməlik ən həssas yaş dövrlərindən biridir. Bu dövr yeniyetmə üçün heç də asan bir dövr sayıla bilməz. Buna görə də övladı yeniyetməlik dövrünə qədəm qoyduqda valideynlərdə qeyri-ixtiyarı bir qorxu baş qaldırır. Toplumun beyninə yeridilmiş ümumi fikir var – uşaqlar bu yaş dövrünə gəldiyi zaman çox diqqətli olmaq lazımdır, övladım kiminlə dostluq edəcək, hara gedəcək, hardan gələcək, nə kimi işlərlə məşğul olacaq və s. kimi fikirlər valideynlərdə aşırı qorxuya səbəb olur. Və valideyndən övladına qarşı diqqət getdikcə artmağa başlayır. “Birdən mən uşağıma yaxşı diqqət edə bilmərəm, nəzarət altında saxlaya bilmərəm, gedər başqa adamlara qoşular” və s. düşüncələrlə daha mühafizəkar davranmağa başlayır. Valideynin bu mühafizəkar davranışı get-gedə təzyiqə çevrilir ki, çox yeniyetmə də bunu qəbul edə bilmir. Çünki belə vəziyyətdə yeniyetmə özünü sıxılmış, daima nəzarət altında hiss edir və bundan şikayətlənməyə başlayır, rahatlığı isə onu anlayan “dostlarda” tapır. Və beləcə də valideynlə övladı arasında anlaşmazlıqlar, problemlər başlamış olur.

Biz yeniyetmələrlə konsultasiya prosesində hər iki tərəfi dinlədiyimiz zaman görürük ki, valideyn də bunu bilərəkdən etmir. O, sadəcə övladı üçün ən yaxşısı olsun düşüncəsiylə hərəkət edir və ən yaxşısını etdiyini düşünür.

Yeniyetməni dinlədiyimiz zaman isə görürük ki, o, bütün bunları ayrı cür dəyərləndirir. Mənim valideynlərim məni başa düşmür, heç vaxt da başa düşməyəcək, ailəm mənə inanmır və s.

– Bu qədər aqressiv və laqeyd bir görünüşün ardından nəzər salsaq, yeniyetmə əslində nə hiss edir və onunla necə davranılmasını istəyir?

– Ümumiyyətlə, yeniyetmə deyərkən insanların gözünün önündə aqressiv bir fərd, aqressiv bir şəxsiyyət gəlir. Əslində isə onları bir dinləsək görəcəyik ki, həqiqətdə göründükləri kimi deyillər, çox daha yumşaq, çox daha mülayim xarakterə malikdirlər.  Bütün aqressivliklərinin kökündə əsasən özgüvənlərinin aşağı olması, yaşadıqları daxili qorxular dayanır. Onların daha çox dinlənilməyə, daha çox sevgiyə və qayğıya ehtiyacları var əslində. Hansı ki, diqqətlə baxsaq görərik ki, bütün problemli yeniyetməlik keçirən uşaqlar əslində ailələrində sevgi doyumsuzluğu və qayğı əskikliyi içərisində böyüyüblər.

– Yeniyetməlik dövründə ünsiyyət problemləri necə həll edilə bilər?

 

– Yeniyetmələr sadəcə ailəsiylə deyil, dostları, yaxınları, ətrafında olan digər insanlarla da ünsiyyət qırıqlıqları yaşaya bilirlər. Çünki bu yaş dövründə onlar məğlubiyyəti qəbul etmək istəmirlər, qəbul edə bilmirlər. Onlar üçün məğlubiyyət böyük bir tragediya, həyatlarında böyük bir travma sayılır. Onlara aşılamaq lazımdır ki, insan məğlubiyyəti də qalibiyyət kimi normal qəbul etməyi bacarmalıdır. Yeniyetmələri kim formalaşdırır? Böyüdüyü ailə və valideynlər! Burada da iş birbaşa valideynlərin üzərinə düşür. Bu fikirlər əslində ta uşaqlıq yaşlarından onun şüuraltısına aşılanmış olmalıdır. Bir psixoloqun üzərinə düşən əsas iş isə bu kimi vəziyyətlərdə  yeniyetməyə proseslərə birtərəfli deyil, bütöv bir şəkildə baxa bilməyi təmin etməkdir. Psixoloq bir güzgü rolunu oynamalıdır. Onu kənardan özünə göstərməyi bacarmalıdır. Ona tənqidlə yox, ittihamla yox, anlayışla, empati quraraq, “Mən səni anlayıram” mesajını ötürərək yanaşmaq lazımdır.

– Yeniyetməlik dövründə uşaqların ən sıx qarşılaşdıqları psixoloji problemlər hansılardır?

– Ən sıx qarşılaşdığımız psixoloji problemlər yenə də qeyd edirəm ki, ilk növbədə valideynlərlə, ailə ilə əlaqədar olur. İkinci növbədə isə sevgi və sevgidə uğursuzluq. Bilirsiniz, bu yaş dövründə yeniyetmələrin gözündə sevgi anlayışı sanki bir etalon olur. Düşünürlər ki, bu dəfə alınmadısa demək ki, bitdi hər şey, bir daha ondan idealın tapa bilməyəcəm və s. Gözləntiləri hədsiz dərəcədə çox olur. İlk sevgisini o qədər böyüdür, o qədər ilahiləşdirir ki, bunun fonunda itirmə qorxusu yaranır. Və hansısa bir uğursuz münasibət kifayət edir ki, bütün həyatlarını alt-üst etsinlər. Sonda ümumiləşdirərək deyə bilərik ki, ən sıx rastlanan psixoloji problemlər sevgidə uğursuzluq, valideynlərlə anlaşmazlıq, özgüvən əskikliyi, aqressiya, davranış pozuntularıdır

– Uşaqları pis vərdişlərdən və təhlükəli dostluqlar qurmaqdan necə qorumaq olar?

– Yeniyetmələr valideynlərin himayəsində olur deyə onların davranışında, xarakterinin formalaşmasında həlledici rolu valideynlər oynayır. Ona görə də ən böyük məsuliyyət də elə valideynlərin üzərinə düşür. Valideynlər uşağın ehtiyacı olan isti ocağı, isti mühiti öz evlərində yaratmağı bacarmalıdırlar ki, uşaqlar da ətrafa çox meyl etməsinlər, rahatlığı və hüzuru evdən kənarda  hansısa dırnaq arası dostluqlarda, düzgün olmayan mühitlərdə axtarmağa cəhd etməsinlər.

– Yeniyetmələrlə bağlı müraciətlər ən çox hansı ilkin simptomlarla olur? Yəni valideyni nə narahat edir ki, onlar psixoloqa müraciət etmək zərurəti hiss edirlər?

– Valideyn deyir ki, mənim övladım artıq vaxtının çoxunu internetdə, telefonda keçirməyə başlayıb, son zamanlarda hədsiz dərəcədə özünəqapanma halları müşahidə edilir, daim öz otağına çəkilmək, tək qalmaq istəyir, ailə fərdləri ilə ünsiyyət sıfır dərəcəsinə enir, ailəyə və ətrafına qarşı aqressiv münasibət bəsləyir, dərslərinə qarşı diqqəti və marağı azalıb, davranış pozuntuları müşahidə edirəm. Bunlar ilkin simptomlardır.

– Təcrübəniz dövründə yeniyetmələrlə bağlı ən yadda qalan hadisə nə olub?

– Təbii ki, çox maraqlı hadisələr olur. Ancaq heç unutmadığım bir hadisəni danışacağam sizə, təbii ki, anonimliyi qorumaq şərtilə.

Bir yeniyetmə pasientim vardı. Anası ilə aralarında hədsiz insident və problemlər var idi. Əsası evdən qaynaqlanan bir sıra problemlər üzündən bu xanım emolar qrupuna yönəlmişdi. O qədər onunla empati qurmuşdum, səbrlə dinləmişdim ki,  bir gün mən onu yola salarkən, məni möhkəm qucaqladı və kaş ki, mənim anam da sizin kimi olaydı”, – dedi. nun bu cümləsi mənə daha çox şeyləri anlatdı əslində. Və çox şükür ki, daha sonrakı seanslarda uğurlu nəticələrimiz oldu. Nəhayət, son seans günü yaşanan səhnəni heç vaxt unutmuram. Yanıma aralarında, ünsiyyət qurma prosesində böyük uçurumlar yaranmış şəkildə gələn bu ana və qız, son seansda elə möhkəm qucaqlaşmışdılar ki… Bu mənim üçün dünyalara bədəl bir hiss idi, inanın… Sanki uzun illərin ayrılığından sonra yenidən qovuşmuş kimi idilər. Elə ana özü də dedi ki, “Vəfa xanım, siz sanki mənə övladımı yenidən qaytardınız!”

– Vəfa xanım, son olaraq bu dövrdə ailənin üzərinə düşən vəzifələr nələrdir, valideynlər necə davranmalıdır?

– Valideynlər bir az daha diqqətli olmalıdırlar bu yaş dövründə. Təzyiqdən, basqıdan vaz keçməlidirlər. Bunlar istənilən münasibəti korlayan ünsürlərdir. Hər şeydən öncə valideyn öz övladını tanımalıdır, hansı xarakterə, hansı xislətə malik olduğuna bələd olmalıdır. Bələd olmağı üçün də onunla ünsiyyətə daha çox meyl etməlidir. Onu görmək istədiyi kimi yox, əslində olduğu kimi qəbul etməyi bacarmalıdır. Hansısa bir problem, yanlış olduğu zaman bir başa ittihamlamaq, “Sən niyə yanlış etdin”, “Mənim sənin kimi övladım yoxdur artıq” və s. kimi ifadələr işlətmək yerinə etdiyi səhv haqda danışmaqla, müzakirə etməklə, ona günahkarlıq duyğusunu aşılamaq daha doğru olar. Yetər ki, balans qoruyub saxlanılsın. Valideyn nə çox yumşaq olmalı, nə də çox sərt olmalıdır. Bu ikisi arasındakı o qızıl ortanı qoruduğunuz təqdirdə hər şey öz axarında gedəcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir