motosiklet

Yollarımız motosiklet sürmək üçün yararlıdırmı?

Baxış sayı: 1. 299

Yol hərəkəti iştirakçıları arasında motosiketlərin idarə olunması yenicə kütləvi hal almağa başlasa da, yol infrastrukturumuz, motosikl, eləcə də digər nəqliyyat vasitələri sürücüləri buna hazır deyil. Ekspertlərin fikrincə, yollarda yaranan sıxlıq və tıxaclar motosikl və ya velosiped istifadəsini zəruri edir. Lakin bu növ nəqliyyat vasitələri cəmiyyətimizdə birmənalı qarşılanmır.

Qeyd edək ki, bu ilin altı ayı ərzində Azərbaycanda 20 motosiklet qəzası baş verib. Bu barədə məlumat verən Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin sözlərinə görə, baş vermiş motosiklet qəzaları nəticəsində 9 nəfər ölüb, 14 nəfər yaralanıb. Əliyev qeyd edib ki, motosiklet qəzalarında ölüm hallarının əsas səbəbi təhlükəsizlik qaydalarına düzgün əməl etməməkdir: “Motosikleti başa “kasqa” taxmadan idarə edirlər, yolun əks istiqamətində hərəkət edirlər və ya işıqlandırma sistemi nasaz olan motosikletlərlə yola çıxırlar. Belə pozuntular çoxdur və nəticədə əziyyət çəkən də motosiklet sürücüləri özləri olurlar”.

Dediyinə görə, motosikletlərin qayda pozuntusunu yalnız arxa hissədən çəkmək mümkündür: “Çünki onlara bir ədəd dövlət nömrə nişanı verilir, o da arxada olur. Buna görə də qayda pozuntusunu ön hissədən çəkdikdə bunun kimin tərəfindən törədildiyini dəqiq müəyyən etmək mümkün deyil. Avropa ölkələrinin əksəriyyətində də motosiklet sürücülərinin törətdiyi qayda pozuntuları ilə bağı problem dövlət nömrə nişanlarının arxada olması və onların kamera və radarlardan kənarda qalması ilə bağlıdır” (“Trend”).

“Təhlükəsiz Yol Alyansı”nın koordinatoru Şahin Camalov bildirir ki, cəmiyyətimizdə motosikl və velosiped sürmək hələ də yaxşı qarşılanmır. Onun fikrincə, motosikllərin qəzaya uğramasının əsas səbəbi yollarımızın bu nəqliyyat vasitəsini idarə etmək üçün yararlı olub-olmaması deyil: “Motosikllərin qəzaya uğraması bizim cəmiyyətdə motosikl sürənlərə yol hərəkəti qaydalarının digər iştirakçılarının münasibətindən irəli gəlir. Çünki motosikl bizim cəmiyyət üçün yeni bir nəqliyyat vasitəsidir. Yəni motosikl sürməyin kütləviləşməsi bizim üçün yenilikdir. İnsanlar sürətli motosikl sürməyə meyl etməyə başlayır. Motosikllərin qəzaya uğramasının əsas səbəbi ətrafdakı sürücülərin bu növ nəqliyyat vasitəsini anlamamasıdır. Bu ciddi həyəcan siqnalı verir”.
Camalov əlavə edib ki, dünyanın heç bir yerində motosikllər üçün xüsusi bir yol yoxdur və onlar yol hərəkətinin digər iştirakçıları ilə birgə hərəkət edir. Müsahibimiz qeyd edib ki, bizim bir sıra yollarımız nəinki motosikl, avtomobil idarə etmək üçün də yararsızdır: “Yollarımızda nasazıqlar, gözlənilməyən quyular çoxdur. Bununla yanaşı işarələnmə problemi mövcuddur. Bunlar yolda problemlərin yaranmasına səbəb olan əsas amillərdəndir”.
Onun sözlərinə görə, bir çox kafe və restoranların sifarişlə yemək çatdırılması üçün son zamanlar motosikllərdən istifadə geniş yayılmaqdadır: “Bu nəzarət tələb edən ciddi bir məsələdir. Bu tip iş yerlərinin çoxunda motosikl idarə edən gənclərdir. Onların böyük əksəriyyətinin motosikl sürmək üçün xüsusi sürücülük vəsiqəsi də yoxdur. Aidiyyatı qurumlar bu məsələyə ciddi yanaşmalı, motosikl sürücülərini yoxlamalıdırlar. Eləcə də, motosikllərin böyük əksəriyyəti yararsız vəziyyətdədir, onları sürən gənclərin də, əminəm ki, çoxunun motosikl sürmək üçün sürücülük vəsiqəsi yoxdur. Həm aidiyyəti qurumlar, həm də mətbuat bu məsələni diqqətdə saxlamalıdır. Dövlət qurumları nəzarəti gücləndirməlidirlər ki, gələcəkdə belə qəzaların sayı azalsın. Belə iş yerlərində motosikl sürücülərini işə götürərkən rəhbərlik məsuliyyət hiss etməlidir. Sürücülük vəsiqəsi olmayan insanların motosikl sürücüsü kimi işə götürülməsinə yol verməməlidirlər. Bunu bilməlidirlər ki, hər şey bir tərəfə, vətəndaş məsuliyyətsizliyinə yol açmamalıdırlar. Diqqətlə bu məsələləri izləməlidirlər. Bacarıqlı şəxslərə bunu həvalə etməlidirlər. İnsan həyatı ilə risk etmək olmaz”.

Ş.Camalov deyir ki, motosikl sürücülərinin təhlükəsizlik qaydalarına əməl edib-etməməsi daim diqqətdə saxlanılmalıdır: “Azərbaycanda bahalı şəxsi sürətli motosikl idarə edənlərin böyük əksəriyyəti təhlükəsizlik qaydalarına riayət edir. Xüsusi “kasqa”lar, əlcəklər, geyim formaları olur və onlardan istifadə edirlər. Xüsusilə qoruyucu “kasqa”ların olması çox vacibdir. Amma biz yemək sifarişlərinin çatdırılması üçün nəzərdə tutulan motosikl sürücülərinin başında “kasqa”lar və digər qoruyucu vasitələrdən istifadə etdiyini görürükmü” Xeyr görmürük. Olsa da, bu cüzi təşkil edir”.

Ekspert vurğulayır ki, motosikl sürücüləri təhlükəsizlik qaydalarına riayət etməlidir: “Motosikllərin ətrafı açıqdır. Kiçik qəza anında belə sürücünün ciddi zədə alma ehtimalı var, hətta ölümlə də nəticələnir”.

Onun sözlərinə görə, yollarda sıxlıq və tıxacların mövcud olması vətəndaşlarda bu günləri motosikl və velosipedlərdən istifadə etməyə tələbat yaradır: “Dünyanın hər yerində motosikllər üçün olmasa da, velosipedlər üçün ayrıca yollar mövcuddur. Bildiyiniz kimi, velosipedlərin manevr imkanları daha zəifdir. Həm də sürət hədləri digər yol hərəkləti içtirakçılarına mane olmasın deyə, onlar üçün yolun ayrılması vacibdir. Təəssüf ki, Azərbaycanda yollarda velosiped sürmək üçün heç bir imkan yoxdur. Yollarımız tamamilə bunun üçün yararsızdır. Yollar ətrafında olan piyada yolları, bardurlar da velosiped sürməyə imkan vermir. Lakin velosiped və motosikllər tıxacdan canımızı qurtarmaq üçün mühüm vasitə ola bilər. Bu nəqliyyat vasitələrinin istifadəsi üçün geniş imkanlar yaradılarsa, yollar çəkiləndə bunlar nəzərə alınarsa, yollarda motosikl və velosiped sürənlərə daha tez-tez rast gələrik”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir