yuxu

Yuxusuzluq hansı xəstəliklərə yol aça bilər və bu problemlə necə mübarizə aparmaq lazımdır?

Baxış sayı: 1. 282
Hazırda insanların üzləşdiyi ən böyük problemlərdən biri yuxusuzluqdur. Müasir dövrdə insanların həyat tərzi, iş rejimləri və ictimai problemləri onların yuxu rejimlərinə mənfi təsir edir. İlk baxışdan adi hal kimi görünən bu problem əslində insan həyatını risk altında qoyan ən böyük xəstəliklərdən biridir. Araşdırmalara görə, dünyada ən çox yayılan və qarşısı alına bilməyən xəstəlik məhz yuxusuzluqdur. Belə ki, dünyada hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir. Araşdırmalar nəticəsində sübut edilib ki, mütəmadi şəkildə 7-8 saatdan az yatmaq bir müddət sonra orqanizmdə ciddi xəstəliklərin yaranmasına səbəb olur. Bəs yuxusuzluq hansı xəstəliklərə yol aça bilər? Bu problemlə mübarizə aparmaq üçün nə etmək lazımdır?
 
 
Yuxusuzluğun yol açdığı xəstəliklər
 
Dünyada aparılan araşdırmalara görə, yuxusuzluq qandakı şəkərin miqdarını sürətlə artırır və şəkərli diabet xəstəliyini yaradır. Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq nəticəsində qlükozanın qanda yığılması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir. Yuxu insulini normada saxladığı üçün insan yuxusuz olduqda normadan artıq insulin ifraz olunur. Bununla yanaşı yuxusuzluq cinsi pozğunluğa və astma xəstəliyinin yaranmasına gətirib çıxarır. Yuxusuzluğun yaratdığı digər bir fəsad isə xərçəng xəstəliyidir. Həkimlər həyəcan təbili çalır ki, yuxu pozulmasına qarşı tədbir görülməzsə, bu, sonda ölümlə nəticələnə bilər.
 
 
“Yuxusuzluq orqanizmi zəhərləyir”
 
Yuxusuzluqla bağlı daha bir maraqlı araşdırma isə türk mətbuatında yer alıb. Belə ki, fərdin sağlam olmasına ən böyük töhfəni yuxunun təmin etdiyinə diqqət çəkən , yuxu üzərində araşdırma aparan psixiatr Yavuz Selvi yuxusuzluğun həm fiziki, həm insanların ruh sağlığını təhdid edən ən böyük problem olduğunu vurğulayıb: “Yuxusuz qalmaq, orqanizmin immunitet sisteminə ziyan verərək bir çox xəstəliyin meydana gəlməsi üçün zəmin yaradır. Ürək damar xəstəliklərindən psixoloji problemlərə qədər bir çox xəstəlik yuxusuzluqla birlikdə şiddətlənir. Yuxusuzluq, eyni zamanda yorğunluq, halsızlıq, istəksizlik, əsəbiliyə səbəb ola bilir”. Onun sözlərinə görə, yuxusuzluğun yaratdığı ən böyük problem onun bədəni zəhərləməsidir. Belə ki, professorun araşdırmalarında, yuxusuzluqdan əziyyət çəkən şəxslərin bədənlərində olan toksinlərin normal yatanlarla müqayisədə daha yüksək olduğu təsbit edilib. Toksinlər yuxu ilə təmizlənə bildiyi üçün lazım olan qədər yuxunu almadıqda bu maddələr orqanizmin zəhərlənməsinə səbəb olur.
 
 
“Yuxusuzluq spirtli şəkildə avtomobil sürmək qədər təhlükəlidir”
 
Mərkəzi Klinikanın Yuxu Mərkəzinin müdiri Yusif Nağıyev mövzu ilə bağlı açıqlamasında yuxudan doymayan insanların orqanizmində yaranan fəsadlarla bağlı məlumat verdi. Onun sözlərinə görə, normal yuxu almayan insanlar həyatlarının 15-20 faizini itirmiş olurlar: “Azərbaycanda orta yaş həddi 75-dirsə belə insanlar, xüsusilə kişilər bu xəstəliyə məruz qalırlar və həyatının 15 ilini bu xəstəliyə görə itirirlər. Çünki, insan gün ərzində yorulur, yuxuculluq simptomları olur, iclasda yatır və ən qorxulusu odur ki, yuxusuz insan sükan arxasında da yata bilər. Ağır yol qəzalarının da əsas səbəbi sükan arxasında yatmaqdır. Avtomobil qəzalarında yuxusuzluq, spirtli şəkildə avtomobil istifadə etmək qədər təhlükəlidir. Araşdırmalara görə, yalnız İngiltərədə hər il 45 min adam yuxusuz sürücülərin yol açdığı avtomobil qəzalarında həyatını itirir və ağır yaralanırlar”.
 
 
Psixoloji fəsadlar
 
Psixoloq Elçin Nağıyev bizimlə söhbətində yuxusuzluğun yaratdığı psixoloji fəsadlardan danışdı. Onun sözlərinə görə, yuxusuzluq yalnız fiziki cəhətdən deyil, psixoloji cəhətdən də insan orqanizmində ciddi fəsadlar yaradır: “ Hər bir insan normal olaraq 7-8 saat yuxu yatmalıdır. Yuxusunu normal ala bilməyən şəxslərdə yuxu onların beynində dağıdıcı xəstəliklər kimi davranaraq qavrayış, yaddaş və diqqət problemləri yaradır. Çünki, insan orqanizmində ehtiyac, hərəkət, duyğu, düşüncə və davranışların əmr mərkəzi olan beyin, yuxusuzluq səbəbindən həddindən artıq yüklənir və vəzifəsini sağlam şəkildə görməkdə problem çəkir. Yuxusuz insanlarda gün boyu yuxulu gəzmək, danışarkən doğru sözü tapmaqda çətinlik çəkmə, məcbur edilmə, dəqiq bir şəkildə düşünməmək, konsentrasiya müddətində azalma, hərəkətlərdə koordinasyonsuzluk müşahidə olunur. Yuxusuzluq insanda özünü öldürmə həddinə də gətirib çıxarır. Uşaqlarda isə bu problem daha çox əsəbilik və qəzəb, məktəbdə müvəffəqiyyətsizlik kimi hallar yaradır”. Psixoloqun sözlərinə görə, yuxusuzluq əsəb, həzm sisteminin pozulması, başgicəllənmə, ətrafdakı insanlarla normal münasibət qura bilməmə kimi problemlərə də səbəb olur: “Psixi problemlərin əksəriyyəti yuxu sisteminin pozulmasından dolayı baş verir. Bütün bunlar gətirib ən sonda ölümə və bir çox psixartik xəstəliklərə gətirib çıxara bilər”.
 
 
İnsanlar niyə az yatır?
 
E.Nağıyev bildirdi ki, əvvəlki illərlə müqayisədə son zamanlar insanlar daha az yatmağa üstünlük verirlər: “Son zamanlar insanların az yatmalarının səbəbi evlərdə video, televiziya izləmək, internet ilə məşğul olmaq, gecələri çölə çıxma imkanlarının və əyləncə növlərinin artması insanların yuxu rejiminə ciddi təsir etməyə başladı. Yuxu rejimi ilk dəfə 70-ci illərdən sonra Qərbdə yaşayan insanlarda pozulmağa başlamışdı. Daha sonra isə texnologiyanın sürətli inkişaf etməsi ilə normal yuxu almama xüsusilə gənc və yeniyetmələrdə özünü göstərməyə başladı”.
 
Qeyd edək ki, araşdırmalara görə, şirin yuxunun mənbəyi olan və xoşbəxtlik hormonu adlanan “Serotanin” axşam saat 11-dən 1-ə qədər ifraz olunur. Məhz həmin ərəfədə yatmayanların sonrakı saatlarda yuxusu qaçır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir