temizleyici

Zərərli kimyəvi məhsulları hansı təbii vasitələrlə əvəz etmək olar?

Baxış sayı: 1. 030

Şamaxı rayonunda baş verən hadisə bir daha xlor tərkibli təmizlik vasitələrinin nə dərəcədə təhlükəli olduğunu gündəmə gətirdi. Belə ki, bu rayonda evdə təmizlik işləri görən qadın kimyəvi zəhərlənmədən vəfat edib. Mətbuatda yayılan xəbərə görə, Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini 1986-cı il təvəllüdlü Səbinə Musayeva kimyəvi zəhərlənmə diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasında daxil olub və orada ölüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, S. Musayeva mayın 13-də yaşadığı evdə “ACE” kimyəvi təmizləyici maddədən istifadə edərək evin mətbəxini təmizlədikdən sonra özünü narahat hiss edib və axşam saatlarında xəstəxanaya yerləşdirilib. Mayın 14-də səhərə yaxın saat 04 radələrində isə dünyasını dəyişib. S.Musayevanın ölümünün müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib, rayon prokurorluğunda araşdırma aparılır.

Bəs görəsən, sözügedən təmizlik vasitələrinin, “Domestos”, “Ace”, “Comet” kimi mütəmadi istifadə etdiyimiz mikrob öldürən xlorlu məhsulların, eləcə də ağardıcı və yuyucu tozların orqanizmimizə təsiri necədir?

Mütəxəssislər hesab edir ki, bu təmizlik məhsulları ilk növbədə insanın tənəffüs yollarına, ağciyərinə ziyan vurur. Belə ki, sözügedən məhsullardan  mütəmadi istifadə insana gündə bir paket siqaret çəkmək qədər zərər verir.  Bu barədə Norveçin Bergen Universitetinin elm adamları bildiriblər. Araşdırmaçılar təqribən 20 ildir təmizlik vasitələri istifadə edən, 34 yaşlarında 6 min nəfəri yoxlayıb. Nəticədə mütəmadi olaraq təmizlik vasitələrindən istifadə edənlərdə gündə 20 siqaret çəkən insan kimi ağciyər funksiyasının azaldığı görünür. Bundan başqa, astma halları daha sıx rast gəlinib. Elm adamları kimyəvi maddələrin yerinə mikrofiber bezlər, su, sirkə kimi təmizləyici istifadəsini tövsiyə edirlər.

Xüsusi qeydimiz isə odur ki, bu məhsullardan istifadə edərkən uşaqların evdə olması məsləhət görülmür. Çünki orqanizmi tam formalaşmamış körpələrə kimyəvi tərkibli, xlorlu yuyucu vasitələr hədsiz dərəcədə ziyan vurur. Kanadada alimlər evdəki yuyucu vasitələrin uşağın səhhətinə necə təsir etdiyini müəyyən etmək üçün araşdırma aparıb və  3-4 aylıq uşaqların qatıldığı araşdırmada bağırsaq florasının evdəki dezinfeksiyaedici və yuyucu vasitələrdən nə qədər zərər gördüyü araşdırılıb. Daha sonra uşaqların 1-3 yaşlarındakı çəkiləri dəyərləndirilib.

Dezinfeksiyaedici vasitələrdən istifadə edərkən, evdə azyaşlı uşaq varsa, diqqətli olmağınız tövsiyə edilir. Təmizlik məhsullarının xərçəng yaratması da ən çox müzakirə olunan  məsələdir. Çünki insan sağlamlığı üçün təhlükəli olan məhsulların başında tərkibində xlor olanlar gəlir. Xüsusilə belə məhsulun dəri ilə təması yolverilməzdir. Bu səbəbdən qoruyucu əlcəklərdən istifadə edilməlidir. Həmçinin uzun müddət qoxusuna məruz qalmaq da insanlar üçün zərərlidir. Bununla yanaşı təmizlənən otaq havalandırılmalıdır. Mütəxəssislərin apardığı araşdırmalara görə, bu qədər təhlükəli olmasına səbəb tərkibindəki karbon və kloroform kimi kimyəvi maddələrdir. Belə maddələrin xərçəng xəstəliyini yaratmaq riski isə yüksəkdir.

Ä°lgili resim

Bütün bu informasiyaların KİV-də yayılması və maarifləndirmə işlərinin davam etdirilməsi ilə kimyəvi təmizləyici məhsullar getdikcə populyarlığını itirir və təbii alternativlərlə əvəz olunur. Başqa sözlə, yaxın zamanda bütün sahələrdə gündəmə gələn “təbii məhsullara geri dönüş” tendensiyası təmizləyici məhsullarla bağlı da müşahidə edilir. Bunun əsas səbəbi kimyəvi təmizləyici məhsulların insan sağlamlığına mənfi təsiridir.

Digər tərəfdən, bu kimyəvi maddələrin yalnız insan sağlamlığına zərər verdiyini söyləmək yanlış olardı. Çünki bu məhsullarda təbiətdə parçalanmayan və bərpa edilə bilməyən maddələr var. Məsələn, qab şampunlarının tərkibində  yüksək səviyyədə fosfat və xlor var. Buna görə də qabların yaxşı yuyulmasından əmin olmaq lazımdır,  əks halda, təmiz yuyulmayan şampun qalığı insan səhhətində ölümcül təhlükələrə yol aça bilər.

öldürücü deterjanlar ile ilgili görsel sonucu

Unitaz və ya əl-üz yuyan axacaqlarının tutulması zamanı istifadə edilən  açıcı kimyəvi məhsulların da tərkibində olan zərərli maddələr var və bunun nəticəsində dəri ilə təmas zamanı  qıcıq yarana bilər. Şüşə  təmizləyiciləri  isə ammonyak ehtiva edir. Bu, göz və dəri üçün olduqca qıcıqlandırıcı bir maddədir. Paltarlar üçün yuyucu tozların tərkibi də  olduqca zərərlidir, çünki onlar təbiətdə parçalana bilmirlər. Özümüzü bu zərərli məhsullardan qorumağın praktiki yollarından biri evdə təmizləyici məhsulları təbii maddələrlə təmin etməkdir. İnternetdə təbii təmizlik məhsulları ilə bağlı yetərincə qaynaq və məlumatlar var. Sirkə, soda, təbii tərkibli sabunlar  və sair kimi vasitələrdən istifadə etməklə, daha sağlam təmizlik əldə etmək mümkündür.

Mütəxəssislər hesab edir ki, paltaryuyan maşının mətbəxdə yerləşdirilməsi, eləcə də yuyucu vasitələrin burada saxlanılması sağlamlığa ikiqat zərərlidir.

 

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir