zaur rzayev

Zaur Rzayev: “Telekanalların birindən zəng etdilər ki, gəlib yemək bişirə bilərsiniz, sonra da pul istədilər”

Baxış sayı: 979

Qocalıq müdriklik, ağsaqqallıq deməkdir. Ağsaqqal olmaq nə yaşla ölçülür, nə də saç-saqqalın rəngi ilə. O, yüksək bir statusdur. Bir də sənətdə ağsaqqal kimi adını qorumaq var ki, onu da  da hər sənətçi qazana bilmir.

Budəfəki qonağımız həyatda olduğu qədər sənətdə də ağsaqqal kimi hörmətini və çəkisini qoruya bilib. Söhbət Xalq artisti Zaur Rzayevdən gedir.

 

– Hər vaxtınız xeyir, Zaur müəllim. Necəsiz?

– Şükür qızım, yaxşıyam. Siz də yaxşı olun.

 

– Deyəsən qəza keçirmisiz, ayağınız əzilib.

– Bir balaca ayağım əzilib. Bağda idim. Nə isə ayağım büdrədi. Əzildim. Narahat olanlara, mətbuata da diqqət üçün təşəkkür edirəm.

 

– Sınığınız yoxdu ki? Xəstəxanadasız, ya evdə?

– Evdəyəm. Şükür, elə ciddi bir şey deyil. Qocalıqdı da, hərdən özünü göstərir.

 

– Keçmiş olsun. Adətən sənət adamları qocalıqdan danışmağı sevmirlər.

– İndi desəm ki, cavanam, bir az gülməli səslənər. Qocalmaq da deyəndə, demirəm ki, taqətdən düşmüşəm. Yəni ahıl yaşına gəlmişik. İndi ağır oturub, batman qalxan vaxtımızdı. Bu günümüzə də şükür olsun.

 

– Efirlərdə sizi görə bilmirik. Niyə səhnədən bu qədər uzaqlaşmısız. Dəvət etmirlər. Ya özünüzü bugünkü efirdə görə bilmirsiz?

– Hansı verilişə çıxım? Demirəm efirdəki bütün verilişlər pisdir. Zəifdir. Sadəcə mən özümü gördüyüm verilişə dəvət alanda gəlirəm. Amma elə verilişlər də var ki, mən özümü orda yad hesab edərəm. Mən şou əhli deyiləm, onların qazanında qaynamıram, onlar kimi atılıb düşmürəm. Müğənnilər var ki, yaşları 60-ı keçib yenə də ortalıqda atılıb-düşürlər. Mən onlardan deyiləm. Görünür, elə olmadığım üçün də bəzi verilişlər üçün də maraqlı deyiləm. Mən qalmaqal adamı deyiləm. Efirə dəvət edib mənimlə nə danışacaqlar? Axı onlar üçün sənət və sənətkar maraqlı deyil. Telekanalların birindən mənə zəng gəlmişdi.  Dedilər, Zaur müəllim, yemək bişirə bilərsiniz? Sonra da pul istədilər. Soruşdular, nə qədər pul verə bilərsiniz? Axı ayıbdır, 60 yaşım var, mən gəlib orda nə bişirəcəm? Dost-tanış var, adam qalır, bilmir neyləsin. Efirlərə reklam lazımdır. Yemək bişirməyə də sırğa taxan çağırsalar yaxşıdır. Onlara kişi qırığı deyirəm.

 

– Vaxt var idi sizi sevən fanatlar olub. Bu gün də varmı?  Şou-biznesdə fanatlar kimlərinsə sənət göstəricisinə çevrilib axı.

– Mən özümü şou-biznes aləmində görmürəm deyə onlardan biri də hesab etmirəm. Məni sevən pərəstişkarlarım olub. Xalq məni sevib, dəyər verib. Fanat-filan indikilərin istifadə etdiyi sözdür. Qaldı şou-biznesə,  bizdə şou-biznes qətiyyən yoxdur. Söyüşdü bu söz. Kanalı açırsan, görürsən o onun saçını yolur, biri əxlaqa sataşır. Biri digərini təhqir edir. Nə qədər belə şeyləri çəkib efirə vermək olar. Ancaq  zəif düşüncəli insan özünü şou-biznesdə görə bilər. Düşüncəsiz insanlar – Zaura, Zeynəbə, Rəşid Behbudova, İslam Rzayevə qulaq asa bilməzlər. Bəzi müğənniləri qızışdırırsınız ki, qalmaqal olsun, ən böyük cinayəti siz edirsiniz. Kiminləsə  qalmaqal etməyə qorxmuram, abır-həyamdan qorxuram. Bəxtiyar Vahabzadənin sözü olmasın, adım intizardır, həyatım dözüm, bu sonsuz dözümə mən necə dözüm. Şou-biznesdə min oyundan çıxırlar, ona görə nə ərə gedə bilirlər, nə evlənə bilirlər. Dünyanın axırıdır. O ki qaldı sualın ikinci hissəsinə, mənim də özümə görə pərəstişkarlarım var. Mən hər məclisə getmirəm, məni tanıyanlar bilir. Sevməsələr – tələbatım olmasa, məclislərinə dəvət etməzlər. Allahıma çox bağlıyam, bu günə də min şükür. Azərbaycanda Zaur Xalq artistidir. “Dilbərim” mahnısı da dillər əzbəridir. Bu mahnıya görə tanındım, 40 ildən çoxdur ki, onu ifa etmişəm, toylarda bu mahnını istəyirlər məndən.

 

– Toydan söz düşmüşkən, bəzi müğənni xanımlar var ki, el şənliklərində, tədbirlərdə ayaqlarını ayaqlarının üstünə atıb siqaret çəkirlər. Zaur Rzayevin belə xanım müğənnilərə sözü nə olardı?

– Çox pis. Tərbiyəsizlikdir. Qadın kişinin yanında siqaret çəkər? Bəlkə heç çantasında 5 manat pulu da yoxdur, amma moda göstərir. Son illərin söhbətidir, bir tədbirdə idim, qız oxuyan mənimlə getmişdi. Bir çox dövlət adamları var idi. Onda gördüm ki, damağında siqaret ayağını ayağının üstünə atıb. Yaxınlaşdım, çox əsəbiləşdim. Dedim: “Bu nə hərəkətdir? Dur rədd ol get, o tərəfdə çək”. Siqaret kişiyə yaraşır. Qadından gül iyi gəlməlidir. Əvvəllər nənələrimiz çəkirdi dərd-qəmdən, amma indikilər moda ilə ayaqlaşıb çəkirlər. Mənim 60-dan çox  yaşım var, siqaret çəkmirəm.

 

– Bir çoxları sizi  qapalı və qeyri-səmimi müğənni kimi qəbul edirlər.

– Hamı məni sevə bilməz ki. Belə bir misal var: «Sən ağa, mən ağa, inəkləri kim sağa». Hamı ağa olsa, onda nə olar? Gərək elə mahnı oxuyasan, qeyri-adi geyinəsən, meyxananı sintez edəsən ki, səni qəbul etsinlər? 70-ci ildən Dağıstanın Əməkdar incəsənət xadimiyəm. Azərbaycanın Xalq artistiyəm. Xalqın, dövlətin qulluğundayam. Mən xalqıma, dövlətimə bağlı insanam.

 

– İnsan güclüdürsə, uğur qazana bilir. Sizi güclü insan adlandırmaq olar?

– Əlbəttə güclüyəm. Güclüyəm ki, 40 ildən çoxdu bu xalqın içindəyəm. Bütün dövlət tədbirlərində oluram. Gücüm olmasa, bunları etmək olmazdı. Amma həmişə söz-söhbətsiz yaşamağa çalışmışam.

 

– Sizə zamanında qibtə edənlər olub. Siz kiməsə qibtə etmisiz?

– Ürəyimdən heç vaxt keçməyib ki, kiminsə var-dövləti var, mənim yoxdur. Heç kimə baxıb qibtə etməmişəm. Əsasən daxili varlığa fikir verirəm. Bir də ömür qısadır, mənimlə dostluq edənlərin hamısı gözütox insanlardır. Acgöz insanları ətrafıma buraxmamışam.

– İllər ötdükcə insanın özünə sualları və o suala cavabları yaranır. Özünüzü nədə qınamısız?

– Özümü heç nədə günahlandırmıram. Səhvsiz insan yoxdu. Amma böyük səhvlər etməmişəm. Allaha yaxın insanam, pis əməllərim yoxdur. Çoxlu dostlarım var. Ağsaqqal kimi mənə hörmət qoyurlar, yüksək səhnədəyəm, hamı hörmətimi gətirir, xalqın içindəyəm.

 

– Sizin dövrünüzdə sənətə, efirə gəlmək cəsarət tələb edirdi.  Bu gün necə, məşhur olmaq üçün nə etmək lazımdır?

– Həyat yolum o qədər  hamar olmayıb. O qədər çətinliklər yaşamışam ki. Amma sənətimə hörmətimi qorumuşam, sənəti maddiyyata qurban verməmişəm. Əvvəllər bir kanal olub. Dövlət televiziyasında bütün musiqilər nəzarətdə olurdu. Amma indi nə istəyirsən oxu, təki pul ver. Səhnəyə 70-ci illərdə çıxanlar üzük, saat taxardılar. İndi nə gəldi eləyirlər ki, qıza oxşasınlar. Ayıbdır, bizim mentalitetimizə ziddir. Səhnədə özlərinə əl gəzdirən kişi müğənniləri kişi deyil, kişi qırıqlarıdır. Həyatda Allah verən şeyə bəndə əl gəzdirməz. Qadına lazımdır saçlarını qaraltsın, kişiyə yox. Adam nifrət edir belə kişiləri görəndə. Ona görə də dünyanın axırıdır. Abır-həya yaxşı şeydir.

 

– Abır-həya demişkən, qadın necə olmalıdır?

– Qadın müqəddəsdir. Ana olmalıdır, ən əsası, yüksək ali insani keyfiyyətləri ilə seçilməlidir. Qadını bu həyatda sevmək, ondan canı əsirgəməmək lazımdır.

 

– Sizin gözünüzdə gözəl qadın necə olmalıdır?

– Əlbəttə ki, təbii gözəl. Təbiilik olanda hər şey tamamlanır. Sünilik olanda maraq olmur ikinci dəfə o insana baxasan, ona vurulasan.

 

– Sənət adamı üçün dost qazanmaq nə qədər çətindi. Sənətdə dostunuz var?

– Dostluğa dəyər verən insanam. Dostluqda təmənnasızam. İndi dost var ki, görür dostunun pulu yoxdur, ona yaxın gəlmir. Bizdə isə dost dostun əziyyətini çəkməlidir. Dostluq ağır yükdür. Dost sözü gərək düz not üzərində düzülsün. Allahımdan çox razıyam ki, mənim gözəl dostlarım var. Məndən kim köməklik istəyir, əl tuturam. İnanın, musiqi tayfasından uzağam. Bir də görürsən ki, efirə çıxıb deyirlər, ailəvi dostlarıq. Heç kimlə işim yoxdur. Mənim yaş dövrümdə olan sənətkarlar azdır, kiminlə oturub söhbət edəsən? Mən yenə deyirəm, mənim dostlarım yüksək təbəqədəndir. Əsl dostlardır. Musiqiçi tayfasının yanında bir söz de, səhər həmin adama çatdıracaqlar. Mən ağsaqqal insanam, yaşım o yaş deyil ki, arada söz aparanla danışım, ya da özümü o vəziyyətə qoyum.

 

– Qalmaqaldan qorxursuz?

– Mənim heç kimlə işim yoxdur. İşi olanı da yerində necə lazımdır, oturda bilərəm. Yerimi bilən insanam, yerini bilməyənə də yerini bildirməyə gücüm çatır. Bir dəfə birini oturtmaq lazım idi. Onun arxivinə kimi getdim, adını çəkməyəcəm. Hamı bilir kimdən söhbət gedir. Dünənki uşaq çaşıb mənə təhqiramiz sözlər demişdi. Kimsə öyrətmişdi, o gördü ki, həmin quyu ona çox baha-başa gəldi. Məhkəmədə üzr istədi, cəzasını aldı, özü bilir necə. Elə bədbəxt insanlar var ki, əlinə mikrofon alan kimi məşhurlaşmaq istəyir, qoy kiməsə ilişim, məni tanısınlar. Fikirləşmirlər ki, biri çıxıb sənin başına elə oyun açar, heç özün də bilməzsən. Qalmaqal lazım deyil, sənət göstərmək lazımdır. Mənimlə qalmaqal etmək istəyən gedib işi ilə məşğul olsun. Ağsaqqalam, ayıb olar. Həmin adam da qalmaqala mənimlə düşmək istədi, gördü ki, ünvanı səhv salıb, başa saldılar ki, adamını tap. Sənət aləmində kişi sözünü daşımağa az insanın haqqı çatır. Mən sussam yaxşıdı.

 

Tahirə Məmmədqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir