qadin

Zorakılıq virusu: yəqin, ona qarşı da bir vaksin olmalıdır

Baxış sayı: 643

Hər gün KİV-də zorakılığın bu və ya digər forması barədə xəbər görməsək, bir qədər təəccüblü gələr bizə, yəqin. Hara baxsaq, bir xəbər çıxacaq, sosial mediada hər 5-10 istifadəçidən biri zorakılıqdan yazır. Yalnız Ailə, Qadın və Uşaq və Problemləri üzrə Dövlət Komitəsinə 2021-ci ilin birinci yarısında məişət zorakılığı ilə bağlı 148 müraciət daxil olub.

 

Zorakılıq mövzusu zaman-zaman gündəmə gəlir

Kimsə taksidə zorakılıqla üzləşib, olan-qalan pulunu sürücü əlindən alıb, kimsə qonşusunun endirdiyi bıçaq yarasından ölüb, kimsə də yatağında balta ilə zədə alaraq səhərə sağ çıxmayıb. Zorakılıq mövzusu zaman-zaman gündəmə gəlir, növbəti ölüm və qəddarlıq aktı cəmiyyətdə qızğın polemikaya səbəb olur.

Bu günlərdə “Məişət zorakılığı media müstəvisində” mövzusunda təlim də keçirilib. Təlimdə həm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həm də Medianın İnkişafı Agentliyi (MEDİA) iştirak edib, zorakılığın yayılmasında mətbuatın rolu araşdırılıb. Zorakılıq mövzusu həmçinin Milli Məclisin də diqqət mərkəzindədir. Elə ötən ay parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında keçirdiyi ilk iclasında uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün cəzaların sərtləşdirilməsi təklif edilib.

 

Qarşıdurma bəzən kritik həddə çatır

“Zorakılığın səviyyəsi yüksəkdir və ya aşağı” sualının birmənalı cavabı yoxdur. Yəni istənilən xəbər agentliyi və saytının axtarış bölməsinə “zorakılıq” ifadəsini yazmaqla ardı-arası kəsilməyən informasiya axını ilə rastlaşarıq. Digər tərəfdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva mətbuata açıqlamasında zorakılığın ölkədə elə də yüksək səviyyədə olmadığını qeyd edib. Sədr müavini bildirib ki, Azərbaycanda zorakılığın statistikasında artım müşahidə olunmur.

aynur S

“Sadəcə bəlkə də bu cinayətlərin şiddəti artıb. Həmçinin bu cür məsələlərə diqqətin artması və işıqlandırılması ilə belə bir hiss yaranır ki, cinayətin sayı artıb”, – Aynur Sofiyeva vurğulayıb.

Sosial şəbəkədə gedən qızğın müzakirələr isə hansısa bir müharibə meydanını xatırladır. Yüzlərlə fikir bildirilir, bəzən qarşıdurma kritik həddə çatır. Belə mübahisələrdə ittiham olunan tərəf adətən kişilər, ittiham edənlər qadınlardır. Elə statistik rəqəmlərdə də zorakılığı törədənlərin daha çox kişi cinsindən olduğunu müşahidə edə bilərik.

 

Ölkədə bir zorakılıq mühiti varsa…

Zorakılıq doğrudanmı artıb? Yoxsa zorakılığa dözümsüzlük yüksəlib? Əgər artıbsa, niyə artıb? Yox, artmayıbsa, nə səbəbdən bu qədər müzakirə edilən mövzudur? Bu sualların cavabını bilmək üçün problemi yaradan səbəbləri də araşdırmağa dəyər. Yəni Azərbaycan kişisi niyə zorakılığa meylli olmalıdır, əgər meyllidirsə, onda bunun səbəbi nədir? Yəni ölkədə bir zorakılıq mühiti varsa, bunun yaranmasının günahı yalnız kişidədir?

Azərbaycanda zorakılığın səviyyəsi çox deyil. Bəzi ölkələrlə müqayisədə çox görünə bilər, ümumilikdə qaydasındadır. Sadəcə bəzən baş verən hadisələrdə yol verilən qəddarlıq təəccüb doğurur. Bir insanın başqa insana qarşı yol verdiyi sərtlik anlaşılan deyil.

 

Təhsil sistemi hələ də sovetin şinelində gəzir

Zorakılığı formalaşdıran mühiti özümüz yaradırıq, özümüz də qoruyuruq. Bu məsələdə qadın-kişi söhbəti yoxdur, yəni məsələ şərtidir. Bir tərəfdə diktat var, digər tərəfdə isə öz həyatını istədiyi kimi qurmaq istəyən şəxs. Təhsil sistemi hələ də sovetin şinelində gəzir, yəni pandemiya dövründə onlayn dərsə qoşulan məktəb şagirdinə ağ köynək geyindirib əlini əlinin üstünə qoymağı da tövsiyə edilib. Azərbaycan çoxdan Boloniya sisteminə keçib, amma hələ də tələbə qaib yazılmaqla hədələnir. Bir qədər çox olsa, mütləq problem yaşanacaq. Tələbənin biliyi yox, nəyisə əzbərləyib danışmaq qabiliyyəti önə çəkilir. İstəsə də, istəməsə də gərəksiz iş görməyə məhkum edilir.

Peşə seçimində valideyn təzyiqindən yaxa qurtarmaq mümkün deyil. Əsl zorakılıq elə burada başlayır. Övladın seçimi, istəyi nəzərə alınmır, təki ata-ananın dediyi olsun, uşaq əlinə bir diplom alıb otursun. Sonra da olan-qalanı satıb bir işə qoymaq barədə düşünməyinə dəyər. Tələbənin bir çoxu peşəni valideynin zövqünə uyğun seçdiyini deyir.

 

“Onu eləmə, bunu eləmə”

Ömrünün bir hissəsini məktəbdə, digər hissəsini isə ali təhsil ocağında qarşılaşdığı diktatla keçirən “azad insan” iş yerində rahat olacağını düşünür. Di gəl, işə götürən də yoxdur, təcrübəsiz biri axı kimə lazımdır? Bir neçə ay kiminsə ofisində praktik bacarıq əldə etməyə, sonra cüzi bir maaşa işləməyə məhkumsan. Özü də artıq bu zorakılıq zolağını keçmiş daha təcrübəli əməkdaşlar da yeni gələn işçiyə qarşı bir qədər sərt olurlar. Bu sistem bir növ orduda mövcud olan “dedovşina” sistemini xatırladır.

Evlənməyə gələndə övladın qarşısında bir paket tələb qoyulur. “Qız-oğlan haradandır, kimlərdəndir, ali savadı varmı” kimi sualların ardı-arası kəsilmir. Evlilik məsələsində azadlıq birmənalı yoxdur, valideyn müdaxiləsi olduqca dərindir. Bir zorakılıqla başlanan proses digər müstəvilərə də paylanır.

Uşaq yaşından “onu eləmə, bunu eləmə” prinsipi ilə qurulan mühit insanın yetkinlik dövründə daha ciddi zorakılıq platformasına çevrilir. Hara baxsan, təzyiqin bu və ya digər forması ilə üzləşirsən. Bu mühitə uyğunlaşan, rahat yaşayan da olur, dözə bilməyib qəddarlığa əl atan da. İşdə daim təhqirə və acı sözə məruz qalan birisi günlərin bir günü dözməyib acığını həyat yoldaşından çıxır, əlinə silahı götürüb qəddarlığa əl atır. Bəzən övladını da gözünün önünə gətirən olmur.

 

Zorakılığa qarşı da bir vaksin olmalıdır

Zorakılıq beyinlərə, düşüncə tərzinə, qanımıza, canımıza hopur, ondan yaxa qurtarmaq olmur. Bu gün övlada təzyiq edirik, sabah o da öz övladını əzir. Bir tərəfdən seriallar, digər tərəfdən sosial şəbəkə, başqa tərəfdən KİV zorakılığı tirajlayır. Feministlər də mənzərəni daha da qara çalarda təqdim edirlər. Zorakılıq bir virus kimi hər tərəfə yayılır. Biri özündə bu virusu boğa bilir, başqa birisi bacarmır. Xəstələnir və onu üzə çıxardır. Kimisə vurur, kimisə döyür, başqasına xəsarət yetirir.

Bu dəhşətli zənciri qırmağın zamanı çoxdan çatıb. Bir növ koronavirus zəncirini qırmaq üçün vaksin vurduğumuz kimi zorakılığa qarşı da bir vaksin olmalıdır. Hər bir evdən başlayaraq bütün mövcud olan orta məktəblərin daxilinə kimi “dezinfeksiya” işləri aparmağın vaxtıdır. Nə valideyn uşağına, nə müəllim şagirdinə, nə də müdir işçisinə zorakılıq tətbiq etməlidir. Sağlam münasibət sistemi qurub bu xəstəlikdən azad olmaq gərəkdir.

 

İsmayıl Rafiqoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir