1554810480929-1

11 uşaqlı ailə – FOTOLAR

Baxış sayı: 1. 574

Qusar şəhərində yaşayan Məmmədovlar ailəsində 11 uşaq böyüyür. Onlardan 3-ü qız, 8-i isə oğlan uşağıdır. Ailənin ən böyük oğlu Tacəddinin 22 yaşı var. Ən kiçiyi Süleyman isə hələ on aylıqdır.

49 yaşlı İ.Məmmədovun səhər tezdən ilk işi övladlarını şəxsi mikroavtobusu ilə məktəbə aparmaqdır. Onun 5 uşağı məktəbdə oxuyur. İkisi isə orta təhsilini başa vurub.

Böyük övladı Tacəddin Bakı şəhərində işləyir.

İlqar Məmmədov ailəsini tikintidə çalışmaqla dolandırır. Bununla yanaşı, Məmmədovlar çoxuşaqlı ailələrə dövlət dəstəyindən də faydalanırlar. Ailədə yaşı uyğun olan 9 uşağa görə hər ay dövlət tərəfindən müavinət verilir.

“11 uşağım var. Səhər yuxudan tez oyanıram. Uşaqları məktəbə yola salırıq. Hava soyuq olanda uşaqları məktəbə mikroavtobusumla aparıram. Allahın verdiyi övladlardır. Allah verdiyi övlada istəmirik deyə bilmərik. Bizdə uşaqlara qarşı böyük məhəbbət var. Övladlarımızı saxlamaq üçün zəhmətə qatlaşırıq. Çətinliklər, əziyyət də var (Azərtac). Amma şad günlərimiz daha çox olur”,- deyə İlqar Məmmədov bildirir.

İlqar Məmmədov həm də musiqiçidir. Əvvəllər el şənliklərində və toylarda gitara ifa edib.

44 yaşlı Səidə Məmmədova övladlarını çox sevdiyini, onları bir-birindən ayırmadığını deyir:

“Hamısını çox istəyirəm. Ana üçün fərqi yoxdur. Çoxu oğlan uşaqlarıdır. Əlbətdə böyütmək asan deyil. Amma Allahın köməyi ilə böyüdürük. Uşaqlar hər işdə kömək edirlər. Böyük qızım xəmir yoğurmaqda, çörək bişirməkdə mənə kömək olur”.

Səidə Məmmədova bir hadisəni xatırlayaraq gülümsəyir:

“Təsəvvür edin, bir dəfə uşaqlar yoldaşımla parka gedib. Qayıdanda baxıram ki, birini orada unudublar. Sonra polis tapıb gətirdi”.

Uşaqların adları Tacəddin, Yəhya, Ağsu, David, Salim, Səma, Yusif, Yunis, Musa, Sara və Süleymandır. Ağsu rayonda musiqi məktəbində pianino ixtisası üzrə təhsil alır. Yunis isə atası kimi gitara ifa edir. Səma mahnı oxumağı çox sevir. Ailənin ən dəcəl övladı isə 2 yaşlı Saradır. Uşaqların arzu və istəkləri fərqlənsə də, onları birləşdirən əsas dəyər ailə sevgisidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir