is

“Ağıllı” cihazlar insanları izləyirsə, nə etməli?

Baxış sayı: 697

Bəlkə də hər kəs həyatında ən azı bir dəfə kiminsə onu izlədiyini hiss edərək arxaya çevrilib, lakin heç kimi görməyib. Xoşagəlməz izlənmə hissi artan narahatlığı, paranoyanı göstərə və ya sadəcə reallığı əks etdirə bilər. Demək olar ki, hər gün ən azı bir kamera elektron qadjetın sahibinə yönəldilir, ən azı bir geolokasiya sensoru onun hərəkətlərini izləyir və ən azı bir mikrofon ətrafdakı səsləri toplayır, elə deyilmi?

Günümüzdə izləmə cihazları hər yerdə var. Gizli qoyulan kameralardan başqa, eyni zamanda, göz qabağındadırlar – “ağıllı” telefonda, televizorda, soyuducuda, avtomobildə, ofisdə, bəzi hallarda hətta robot tozsoranda. Bu cihazlar istifadəçiləri haqqında təsəvvür ediləndən daha çox şey bilirlər.

Məsələn, robot tozsoran mənzilinizin və ya evinizin planını, soyuducu sizin istehlak etdiyiniz və ən çox bəyəndiyiniz məhsulların siyahısını bilir. “Ağıllı” sistemlər ev sakinlərinin hər birinin səsini tanıyır. Ventilyasiya sistemi potensial maraqlı tərəfə sizin gündəlik işinizi və evdən uzaqda olduğunuz zamanlar barədə məlumat verə bilər.

Sonuncu oğrular üçün maraqlıdır. Bəs ərzaq siyahısı, ailə tərkibi və gündəlik vərdişlərimiz kimə maraqlıdır? Yəqin ki, düşündüyünüz şeylə bağlı reklamların internetdə öz-özünə sizin qarşınıza çıxması halları ilə rastlaşmısınız. Yeri gəlmişkən, səs nümunələrindən biometrik identifikasiya sistemlərində istifadə etmək olar. Əlavə təhlükə ondan ibarətdir ki, müasir smart cihazların hamısı olmasa da, bir çoxu topladığı məlumatları internet vasitəsilə ötürür.

“Ağıllı” məişət texnikası, avtomobil və ev həyatımızı asanlaşdırmaq və gündəlik işləri avtomatlaşdırmaq üçün nəzərdə tutulub: otaqda gəzəndə işığın yanıb-sönməsi, soyuducudakı pomidorların tezliklə xarab olacağını xatırlatması, evdəki temperaturu hər bir ailə üzvünün istəklərinə uyğun olaraq tənzimləməsi və s.

Bu möcüzələri yaratmaq üçün “ağıllı” texnologiyaya internet lazımdır. Ancaq hətta “ağıllı” cihazlardan istifadə etməyənlər də hər yerdə olan texnologiyadan gizlənə bilməzlər. İş yerləri, ticarət mərkəzləri və şəhər küçələrinin özləri də “ağıllı”laşır və bu yerlərdəki smart qurğular oxşar tələblərə – məlumatların toplanması və onların serverlərdə saxlanmasına tabedir.

Əslində “Əşyaların interneti” artıq nəqliyyat və logistika, kənd təsərrüfatı və sənayenin avtomatlaşdırılmasında geniş istifadə olunur.

2018-ci ildə dünyada təxminən 22 milyard internetə qoşulan cihaz istifadə olunurdu və bu rəqəmin 2030-cu ilə qədər 50 milyardı keçəcəyi proqnozlaşdırılır.

 

Təhlükə nədədir?

Dediyimiz kimi, smart cihazlar öz istifadəçiləri haqqında geniş məlumat toplayır. “Ağıllı” təhlükəsizlik kameraları və ağıllı köməkçilər sadəcə olaraq fəaliyyətlərimiz haqqında video və audio məlumatları toplayan kameralar və mikrofonlardır.

Fitnes qolbaqları yuxumuzu və ürək döyüntülərimizi izləyir, “ağıllı” tozsoranlar evdəki obyektləri tanıyır və səthin hər santimetrinin xəritəsini çəkir.

Bütün bu imkanlar, şübhəsiz ki, insanlara fayda verir, işinə və ya istirahətinə sərf edə biləcəkləri dəyərli vaxtlarına qənaət edir.

Eyni zamanda, istehsalçılar adətən toplanmış məlumatların insanlara deyil, yalnız avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərinə görünəcəyini vəd edirlər.

Bununla belə, internet üzərindən ötürülən hər hansı şəxsi məlumat dünyanın istənilən yerində hakerlər qarşısında həssas ola bilər.

 

Zəifliklərinizi anlayın

“Ağıllı” dinamiklər və ya kameralar kimi bəzi cihazlar məxfilik məqsədilə istifadəçilər tərəfindən vaxtaşırı söndürülə bilər.

Ancaq iş yerində, ticarət mərkəzində və ya küçədə eyni şeyi edə bilmərik.

Buna görə də istifadəçi məxfilik və qeyri-məxfilik arasındakı fərqi dərk edərək şəxsi məlumatlarını paylaşarkən diqqətlə qərar verməlidir.

Bu, həmişə asan deyil. Bundan əlavə, bizim məlumat cihazlarının nə toplaması, bu məlumatların harada saxlanması və onlara kimin daxil ola biləcəyi barədə tam təsəvvürümüz yoxdur.

Dünyadakı hökumətlər insanların məlumatlarına daha çox nəzarət etmək üçün məxfilik qanunları qəbul ediblər. Buna Avropa İttifaqında qəbul edilmiş Ümumi Məlumatların Qorunması Qaydası (GDPR) sənədi misal götərilə bilər.

Bu hüquqi sənəd sayəsində istifadəçi internetə qoşulmuş cihazdan məlumatlarını toplayan təşkilata sorğu göndərmək iqtidarındadır. Təşkilatlar bu cür sorğulara bir ay ərzində cavab verməlidirlər ki, hansı məlumatların toplandığını, onların daxili olaraq necə istifadə edildiyini və üçüncü tərəflərlə paylaşılıb-paylaşılmadığını izah etsinlər. Həmçinin istifadəçinin istəyi ilə bu məlumatlar silinə bilər.

Ağıllı cihaz sahibləri də onu qorumaq və məxfilik risklərini minimuma endirmək üçün addımlar ata bilərlər.

Bunun üçün əsas addım cihazın mikroproqramını müntəzəm olaraq yeniləməkdir (aşkar edilən hər hansı zəifliklər adətən kifayət qədər tez düzəldilir), parametrləri nəzərdən keçirmək və cihazın işləməsi üçün əlaqəli olmayan hər hansı məlumat toplamaqdan imtina etməkdir.

İnternetə qoşulan “ağıllı” cihazı almağa qərar verərkən, onun hansı məlumatları topladığını və istehsalçının məlumatların idarə edilməsi siyasətinin necə olduğunu öyrənin (Məxfilik Siyasəti). Adətən biz bu pəncərəni kifayət qədər tez sürüşdürürük, adət olaraq uzun təsviri işarələyir və bağlayırıq.

Lakin bu məlumatlara əsaslanaraq, istifadəçilərinin məxfiliyinə ciddi yanaşan bir istehsalçıdan ağıllı cihaz seçimi edə bilərsiniz.
Nəhayət, niyə bir anlıq dayanıb, həqiqətən də “ağıllı” cihazlara ehtiyacınız olub-olmadığını düşünməyəsiniz?

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir