aile

Ailə əxlaqı nədir?

Baxış sayı: 1. 539

Hər bir ailənin öz qayda-qanunları, əxlaqi dəyərləri olur. Ailədə məsuliyyətli və əxlaqlı övladların yetişməsində əxlaqi dəyərlərin düzgün təbliğ olunmasının çox böyük təsiri var.

Ailənin yaranma tarixi çox qədimdir. Ailə ilk yarandığı vaxtdan əxlaqi dəyərlərlə qarşılıqlı təsirdə olmuşdur. Zaman keçdikcə əxlaqi dəyərlər ailədə hər şeydən önə keçmiş, onun təbliğ olunması əsas məsələyə çevrilmişdir. Əxlaqi dəyərlər dedikdə, insanların bir-birinə sevgisini, hörmətini, şəfqətini, mərhəmətini, qarşılıqlı qayğı duyğusunu, qarşılıqlı yardımlaşma hissini və s. başa düşmək olar.

İnsanın böyüyüb boya-başa çatdığı ailənin onun tərbiyəsində, əxlaqlı insan kimi yetişməsində rolu əvəzsizdir. Ailənin elə ən əsas funksiyası da gələcək üçün öz məsuliyyətini dərk edən, əxlaqi dəyərləri mənimsəyən insan yetişdirməkdir.

Ailə kiçik bir dövlətdir. Bir dövlətin öz mövcudluğunu qoruyub saxlaması üçün nizam-intizam əsas olduğu kimi, bir ailənin də öz mövcudluğunu qoruyub saxlaması üçün əxlaqi dəyərlər əsasdır.

Cəmiyyət üçün sağlam düşüncəli, sağlam əxlaqlı insanların yetişdirilməsi ailədən başlayır. Ailədə ata və ana üzərinə düşən bu vəzifəni layiqincə yerinə yetirməyə çalışmalıdır. Əks halda, cəmiyyət çökməyə məhkumdur. Ailədə əxlaqi dəyərlər düzgün təbliğ olunsa, onda gələcəkdə sağlam əxlaqlı cəmiyyətin qurulması asan olar. Hər bir ata-ana övladına mükəmməl tərbiyə verməyə, onu əxlaqlı insan kimi yetişdirməyə çalışmalıdır. Bunun üçün, ilk növbədə, onlar övladlarına nümunə olmalıdırlar. Ata-ana öz sevgisi, hörməti, şəfqəti, mərhəməti ilə övladlarına nümunə olmağa çalışmalıdır.

İslamda Ailə - Posts | Facebook

Ailədə əxlaqi dəyərlərin təbliğ olunmasında qarşılıqlı yardımlaşma hissinin aşılanması da çox böyük əhəmiyyətə malikdir. Uşaqlarla birlikdə ehtiyacı olan ailələrə yardım etməyin, onların problemlərini həll etməyə çalışmağın onlarda bu hissin formalaşmasında rolu böyükdür.

Ata-ana övladlarına təkcə əxlaqi dəyərləri aşılamaqla kifayətlənməli deyil. Onların cəmiyyət tərəfindən qəbul edilməyən qeyri-əxlaqi davranışlardan uzaq durmalarına da çalışmalıdır. Cəmiyyət tərəfindən qəbul olunmayan bu davranışlara qeybət etməyi, riyakarlığı, yalan danışmağı, paxıllığı və s. misal göstərmək olar. Ailədə əxlaqi dəyərlərin təbliğ olunmasında böyüklərə hörmət, kiçiklərə qayğı hissinin formalaşdırılması da əsas rol oynayır. Hər bir ata-ana övladına bu hissləri öz davranışları ilə göstərməlidir. Çünki uşaqlar gələcəyin ailə başçılarıdır.

Ailədə əxlaqi dəyərlərin düzgün təbliğ olunmasında ən mükəmməl din olan İslam dininin dəyərlərindən istifadə etməklə yüksək nəticə əldə etmək olar. İslam dinində ailədə əxlaqi dəyərlər dini dəyərlərlə birlikdə qarşılıqlı əlaqədə öyrədilir. Ona görə də əxlaq anlayışının dinimizdə yeri çox böyükdür. Burada əxlaqi dəyərlərə, normalara da böyük yer verilir.

Əxlaq haqqında çoxlu hədislər var. Məsələn: “İnsanlara gözəl əxlaqla davranın”. Başqa bir hədisdə isə ailədə atanın bu işdə böyük rolu olduğu göstərilir: “Heç bir ata övladına gözəl əxlaq və tərbiyədən daha dəyərli bir hədiyyə verməmişdir”. Buradan görünür ki, dinimizdə ailədə əxlaqi dəyərlərin öyrədilməsinə, əxlaqlı və tərbiyəli nəsillərin yetişdirilməsinə böyük yer verilir.

Biz ailədə əxlaqi dəyərlərin öyrədilməsində Peyğəmbərimizin (s.ə.s.) əxlaqını örnək götürməliyik. Peyğəmbərimiz (s.ə.s.) insanların ən əxlaqlısı idi. Onun (s.ə.s.) əxlaqı Quran əxlaqı idi. Əslində Quran-i Kərim də bizə məhz bu ilahi əxlaqı bəyan edir.

Peyğəmbər Əfəndimiz (s.ə.s.) əxlaqsızlığın, iffətsizləyin son həddə çatdığı bir cəmiyyətdə yaşamasına baxmayaraq, bütün həyatı boyu heç vaxt ədəb və həya dairəsindən xaricə çıxmadı. O (s.ə.s.), əxlaqi paklığın xülasəsi kimi “Mustafa” olaraq yaradıldı. Ailədə əxlaqi dəyərlərin təbliğində Peyğəmbərimizin (s.ə.s.) əxlaqı bizim hər birimizə nümunə olmalıdır. Ancaq bu şəkildə cəmiyyət üçün əxlaqlı insanların, xeyirli nəsillərin yetişməsinə nail olmaq mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir