aile

Ailəyə kənar müdaxilə – günah kimdədir?

Baxış sayı: 174

2022-ci ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 28785 nikah və 7531 boşanma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda qeyd olunub.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 5,8-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.

Boşanma qərarı verən tərəflər müxtəlif məsələləri əsas gətirərək boşanmaq üçün məhkəməyə müraciət edirlər. Müşahidələr göstərir ki, boşanmaya səbəb kimi göstərilən faktorlardan arasında ailəyə kənar müdaxilə əasa yerlərdən birini tutur. Yeni qurulan ailələrə böyüklərin müdaxilə etməsi davalar, mübahisələr yaradır ki, bu da sonda boşanma ilə nəticələnir.

Maraqlıdır, görəsən, ailəyə əsas müdaxilə kim tərəfindən edilir? Bunun günahı kimdədir?

aile

Məsələ ilə bağlı fikirlərini bölüşən psixoloq Vəfa Rəşidova deyir ki, ailədaxili müdaxilələr bütün dövrlərdə olub: “20-30 il bundan əvvələ baxsaq görəcəyik ki, o zaman da müdaxilələr var idi. İndi də var və bundan sonra da olacaq, bu qaçılmazdır. Çünki yeni ailə quran cütlüklər birinci növbədə oturuşmuş olmur, bir-birlərini yaxşı tanıya bilmirlər və s. Cütlüklərə müdaxilə hər iki tərəfin xarakterindən asılıdır. Onlara dostları da rəfiqələri də, ana-atası da, hətta qonşusu da müdaxilə edə bilər. Yəni, ailəyə istənlən şəxs müdaxilə edə bilər. O halda ki, hər iki tərəfin xarakterində zəiflik var. Tutaq ki, əgər mən yeni evlənən biri kimi ailəmə müdaxilə etməyə imkan verirəmsə, o müdaxilə edənin problemi deyil. Bu artıq mənim problemimdir. Deməli, mən müdaxiləyə şərait yaratmışam, icazə vermişəm ki, ailəmə müdaxilə edilir. Demək ki, bu vəziyyətdə ailə quran tərəfin xarakterində bir qədər tam oturuşmuşluq və yaxud həyata baxış, baxış bucağı, xüsusiyyətləri tam formalaşmayıb. Əgər sən müdaxiləni gördüyün anda nazikcə onun qarşısını ala bilmirsənsə, bu artıq sənin problemindir. Bizdə çox təəssüflər olsun ki, bu məsələyə insanlarımız bəzən çox sərt formada reaksiya verirlər və münasibətləri korlayırlar. Tutaq ki, qarşı tərəfə “Mənim ailəmə müdaxilə edə bilməzsən”, “Mənim ailə işimə qarışma, bu bizim şəxsi işimizdir” kimi fikirlər bldirməklə  münasbətləri korlayırlar. Bu halda ən yaxınlarımızı incitmiş oluruq. O zaman körpüləri tamamilə yandırırıq. Amma onu nazikcə davranışlarında, ünsiyyətində hiss elətdirərsənsə ətrafın da səni xarakterli biri kimi qəbul edər. Bu halda inanın ki, heç kim sizin ailəyə müdaxiləyə belə cəhd etməyəcək. Günümüzdə bunun əksini müşahidə edirik. Baxırıq, bəzən deyirlər ki, anam bizə müdaxilə edir, atam bizə müdaxilə edir. Bu, əslində məsuliyyəti öz üzərindən atıb yaranmış problemə görə kənarda günahkar axtarışına bənzəyir. Məsələn, bəyi götürək. Əgər bəy olaraq öz obrazını indiyədək ailənə tam olaraq təqdim edə bilməmisənsə, tanıtmamısansa problem ananda, atanda deyil, səndədir. Bizim həyatımızı idarə edən əslində ünsiyyət formamızdır. Biz düzgün ünsiyyət qurarıqsa, heç bir şəkildə əziyyət çəkmiş olmarıq. Həm karyeramız, həm dostluqlarımız, həm də ailə həyatımız qaydasında olar. Yəni nə şiş yanmalıdır, nə də kabab. Bizdə qırmızı xətti qoruya bilmirlər. Nəticədə ailə darmadağın olur”.

aile

Ekspert, həmçinin qeyd edir ki, bəzən ailə bağlarını möhkəmləndirmək əvəzinə, onu tamamilə qoparırıq: “Biz çalışmalıyıq ki, ailə bağlarımız möhkəm olsun, mehriban olaq, gediş-gəlişimız olsun. Bununla belə sərhədlərimizi qorumağı bacarmalıyıq. İnsanlar öz sərhədlərini qorumadığı halda ciddi anlaşılmazlıqlar ortaya çıxır və adını da qoyuruq ki, ailəmiz müdaxilələrə görə dağıldı. Halbuki ailə iki tərəfin xarakterindəki zəifliyin qurbanı olub. Təəssüflər olsun, bizim cəmiyyətdə ailənin məsuliyyətini hələ də insanların çoxu dərk etməyib. İnsan anlasa ki, hər kəs öz məsuliyyətini daşımalıdır, o halda ən ciddi problemləri də yoluna qoymaq mümkündür. Məsələn, nə olsun ki, sən gənc ailəsən. Əgər sənin məsuliyyətini anan-atan çəkəcəksə, o zaman müdaxilələrə də hazır olmalısan. Ailə qurmağa hazırlaşan cütlüklər öncədən hesab-kitab da aparmalıdırlar. Tutaq ki, mənim ailəmi kim dolandıracaq? Mənim ailəmə gəliri kim gətirəcək? Əgər ailə qurmağa hazırlaşan bəy bunları düşünməyibsə, ananın-atanın yanına gəlini gətiribsə, əlavə olaraq ananın-atanın pensiyası ilə gəlini dolandırırsa, o zaman müdaxilədən təəccüblənmək lazım deyil. Axı, sən bəy olaraq özün öz ailənin məsuliyyətini çəkmirsən. Təbii ki, belə olan halda başqa məqamlar da cütlüyün əlində olmayacaq və ona müdaxilə olacaq. Əslində, tərəflər bu müdaxilədən inciməməlidirlər. Amma inciyirlər, deməli, belə çıxır ki, ananın-atanın pensiya kartı ilə biz ailəmizi dolandıraq, ancaq sən bizə müdaxilə etmə. Ona görə hər bir cütlük ailə quranda ən azı diqqət etməlidir ki, az-çox özünə aid olan gəliri olsun”.

aile

Məsələ ilə bağlı millət vəkili Məlahət İbrahimqızı isə bizimlə söhbət zamanı bildirib ki, o, ailəyə müdaxilə edilməsi kimi fikirlərlə razılaşmır: “Ailəyə müdaxilə sözünün özü belə bizə xaricdən sırınmış məsələdir.  Azərbaycan xalqının ailə dəyərlərində, ailə institutunda böyüklərin sözünə çox böyük qiymət verilib. Bu gün ailədaxili şiddətdən, zorakılıqdan danışılır. Bunu aradan qaldırmaq üçün Avropa dəyərlərinə uyğun olaraq polisə, hüquq mühafizə orqanlarına müraciət edilməsi məqsədəuyğun görülür. Amma polisə, hüquq mühafizə orqanlarına müraciət etdikdə yenidən o ailə necə ülvi, necə məhrəm ola bilər. Lakin bizdə vaxtilə ailə daxilində hər hansı problemlər olanda hər iki tərəfin dəyər verdiyi insanlar müdaxilə edirdi. Məsələn, hansısa bir ağsaqqal, müdrik ağbirçək, hörmət edilən ziyalı ailənin möhkəmlənməsi üçün araya girirdi, tərəflərə öyüd-nəsihət verirdi. Axı, hansı ana, hansı ata övladının xoşbəxt olmamasını istəyər. Bütün analar dünyaya övlad gətirəndən sonra ən böyük arzusu odur ki, onun toyunu görsünlər. Onun uğrunda da ata-analar cəfakeşlik edirlər, boğazlarından kəsib övlad böyüdürlər, təhsil verirlər. Yəni, necə ola bilər ki, həm qız, həm oğlan tərəfin valideynləri övladlarına qarşı hər cürə qayğını göstərsinlər, ondan sonra da ya oğlan, ya qız desin ki, qarışma mənə. Tək-tək hallar ola bilər ki, valideynlər müdaxilə zamanı əndazəni aşmış olsunlar. Məsələn, bu gün mənin 63 yaşım var, ailə məsələsində, ümumuyyətlə, bütün məsələlərdə böyüyün məsləhətinə ehtiyacım var. Hamıda da bu ehtiyac var. Ona görə ailədaxili münaqişələri sülh, barış yolu ilə ağsaqqallar, böyüklər həll etməlidir. Yoxsa, get polisə müraciət elə, onu da apar sığınacağa yerləşdir, axı, sonra hansı kişi qəbul edər ki, onun yoldaşı sığınacaqda qalsın. Sabah o ailəni bərpa etmək olarmı? Əlbəttə ki, yox. Ailəni qorumaq da özü bir məharətdir, onu qorumaq müqəddəs işdir, missiyadır. Ailənin işinə qarışmamaq söhbəti bizim dəyərlərimizə uyğun olmayan ölkələrdən bizə sırınıb. Bəs, ailənin işinə kim qarışmalıdır? Ailəyə tanımadığı adamlarmı müdaxilə etməlidir? Ailədə ağsaqqal, böyük var, gözümüzü yumaq ki, ailə dağılsın. Axı, belə etmək olmaz. Biz görürük ki, bu gün bir sıra ölkələrdə ailə institutu bərbad vəziyyətdədir, sıradan çıxır. Vətəndaş nikahında olan çoxlu insanlar var, sonradan ayrılırlar, qadınlar öz hüquqlarını qoruya bilmirlər. Axı, ortada rəsmi nikah yoxdur. Ailələrdəki problemləri nəzərə alaraq artıq çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə də, ailə məhkəmləri yaradılıb. Bizdə hakimlərin yükü o qədər çoxdur ki, onlar boşanma məsələsinə sıradan iş kimi baxırlar. Yəni, ailənin müdafiəsinə yönəlik məhkəmə getmir. İndi “Mediasiya haqqında” qanun qüvvəyə minib, bəlkə bu prosesə diqqət daha da artırılar. Mən Türkiyədəki təcrübəni öyrənmişəm, bu ölkədə ailə məhkəməsinin tərkibində təkcə hakimlər deyil, pedaqoq, psixoloq, iqtisadçı, vəkil kimi hüquqşünas var. Və boşanma ilə bağlı müraciət edən ailə ilə məhkəmənin tərkibindəki bütün mütəxəssislər işləyirlər. Boşanma da yalnız tərəflərlə aparılan iş nəticə verməyəndə baş tutur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir