Ehmed Qesemoglu

Ailə qurduqda diqqət edilməli olan amillər

Baxış sayı: 830

İndiki zamanda ailə qurduqda bir çox məsələlərə daha çox diqqət vermək lazımdır ki, yeni qurulan ailə uğurlu, ailə quran gənclər xoşbəxt olsunlar. Həmin ailədə böyüyən körpələr daha sağlam, mənəviyyatlı və  məsuliyyətli olaraq formalaşsınlar, xalq üçün, vətən üçün, ümumiyyətlə,  bütün yer üzü üçün faydalı insanlar olaraq fəaliyyət göstərsinlər deyə də diqqət ediləsi nüanslar var

Yeni qurulan ailə ilk növbədə mənəvi dəyərlər əsasında qurulmalıdır. Mənəvi dəyərlər əsasında ailə qurmaq deyəndə aşağıdakı məsələlərə daha çox diqqət yetirilməlidir:

 Təbii ki, evlənəcək cütlüyün tamamilə eyni olması mümkün deyil. Yaxud da illərdir müəyyən vərdişlərlə yaşamış bir insandan birdən-birə dəyişməsini, digərinin istədiyi kimi hərəkət etməsini gözləmək də doğru deyil. Bu həqiqəti evlənmədən əvvəl qəbul etmək lazımdır. Buna görə də, evlilik qərarından əvvəl qarşındakı insanı yaxşıca araşdırmaq, onun xarakterini qəbul edərək bir ömrü onunla paylaşa bilib-bilməyəcəyini dərindən düşünmək lazımdır. Ancaq onun sizə uyğun olmayan xüsusiyyətlərini qəbul edib, bunlarla yaşaya biləcəyinizi düşündüyünüz halda bu evliliyə razı olmaq olar.

 Cəmiyyətdə gedən böyük dəyişikliklər hesabına indi elə bir vəziyyət yaranmışdır ki, hər bir ailənin gələcək taleyini ilk növbədə ailə quranların özləri həll edir. Daha əvvəllərdə olduğu kimi valideynlərin, ya kimlərinsə himayəsi o zamanlarda olduğu kimi həlledici rol oynamır. Yeni evlənənlər tez bir zamanda cəmiyyətin müxtəlif xarakterli (mənəvi, iqtisadi, siyasi, demoqrafik və s.) gerçəkliyi ilə üz-üzə qalırlar. Ortaya çıxan çətinlikləri dəf etmək üçün onların ən yaxın köməkçiləri əsasən özləri, biri-birlərinə verdikləri dəstək olur.

aile

 Təbii ki, yeni ailə quranlarda biri-birinə qarşı xoş, doğma bir münasibət olmalıdır. Bu münasibət saf, gözəl sevgi, saf məhəbbət səviyyəsində olarsa, daha yaxşı nəticəsi olar. Amma hələ belə bir səviyyədən danışmaq mümkün olmasa da, ailə quran gənclər bir yerdə olmaqdan zövq almalıdırlar. Biri o birinin yanında darıxmamalıdır. Biri-birinin xarici görünüşündən, yaşından, danışıq tərzindən, davranışından, hansısa xüsusiyyətindən sıxılmamalıdırlar.

Bu gənclərin arasında dəyərlər yönümündə bir yaxınlıq olmalıdır. Bu o demək deyildir ki, hər ikisi eyni səviyyədə biliyə, dünyagörüşünə malik olmalıdır. Onlar elə olmalıdırlar ki, birinin fəaliyyəti, zövqü, üstünlük verdiyi dəyərlər digərini qıcıqlandırmasın. Əksinə, birinin üstünlük verdiyi məsələlər o birində də maraq yaratsın, onu tamamlasın. Biri digərini həvəsləndirsin – qarşılıqlı, məzmunlu müzakirələrə səbəb olsun.

Psixologiya elmində – “insanın baş  tələbatı” adlı  bir anlayış var. Yəni, hər bir insan öz xarakterindən, dünyagörüşündən asılı olaraq müxtəlif dəyərlərə üstünlük verə bilər. Amma bu dəyərlərdən biri, insanın ən əsas – baş təlabatı olur. Yəni kimin üçünsə həyat yalnız o zaman mənalı hesab edilə bilər ki, onun gözəl, ürəyincə bir ailəsi olsun. Bu onun həyatının baş təlabatıdır. Başqa biri hesab edə bilər ki, həyatı o zaman mənalıdır ki, onun xeyli var-dövləti olsun. Bu da onun baş təlabatıdır. Bir başqası üçün həyatın əsas mənası yaradıcılıqla məşğul olmaq, bir başqası üçün, şöhrətli insan olmaq,  digəri üçün böyük alim olmaq və s. ola bilər. Bütün bunlar həmin insanların baş təlabatıdır və həmin baş təlabat yerdə qalanları tənzimləyir.  Yəni, insanın başqa təlabatları bu baş təlabatın təsiri altında formalaşır, nizamlanır.

Yaxşı olar ki, yeni ailə quranların baş təlabatları öz xarakteri etibarı ilə biri-birini tamamlasın, biri-birinə zidd olmasın.

 Təbii ki, üstünlük verilən dəyərlərin yaxın olması daha həlledici rol oynayır. Amma bu gənclərin təhsil səviyyələri, ixtisasları, peşələri biri-birinə yaxın olarsa, bu daha yaxşı olar. O zaman onların müzakirə edə biləcəyi şeylər daha çox və daha səviyyəli olar.

AILE

 Ailə yalnız iqtisadi maraqlar üzərində qurulmamalıdır. Çünki, indiki dövrdə əsasən iqtisadi maraqlar üzərində qurulan ailələrdə tez bir zamanda ciddi gərginliklər  yaşanır. İqtisadi imkanlar isə mənəvi dəyərlərə xidmət edəndə uğurlu nəticə verir. Yeni ailə qurulduqda, ən mühüm məsələ, ailə quranların mənəvi cəhətdən biri-birinə doğmalaşması, köklənməsi, ahəngdar olaraq biri-birini tamamlamasıdır. Bu baş verərsə, qalan məsələlər özü-özünə tənzimlənəcəkdir. Ona görə də yeni ailə quranların  iqtisadi vəziyyətinin elə səviyyədə olmasına çalışmaq lazımdır ki, bu vəziyyət ailədə mənəvi dəyərlərin aparıcı rol oynamasına kömək etsin. Bu məsələdə yeni ailə quranların dünyagörüşü, mənəvi hazırlığı, həyat, ailə barədə təsəvvürləri  də mühüm rol oynayır.

 Ailələr arasında uyğunluq da mühüm məsələlərdən biridir. Beləki, ailələrin iqtisadi imkanları, mənəvi səviyyələri, üstünlük verdikləri dəyərlər, həyat tərzləri biri-birinə yaxın, uyğun olduqda, yeni ailə quranların az bir zamanda biri-birlərinə öyrəşmələri asan olur. Amma, arada fərq böyük olduqda, tez bir zamanda ciddi gərginliklər yarana bilər. Çünki, tərəflərdən birinin hansısa bir hərəkəti, davranışı o biri üçün anlaşılmaz, dözülməz, yolverilməz hesab oluna bilər. Arada sevgi, məhəbbət hissi yüksək səviyyədə olduqda onlar biri-birlərinə güzəşt edə bilərlər. Amma bu uzun çəkməyə də bilər.

 Yeni ailə quranların mənəvi və iqtisadi imkanları arasında münasibət elə olmalıdır ki, yeni ailə quranların normal yaşayışı təmin olunsun və onların geniş fəaliyyət göstərməsinə, öz potensiallarını üzə çıxarmalarına, karyeralarını qurmaq üçün çalışmalarına, inkişaf etmələrinə kömək etsin. Yeni ailə quranların valideynlərinin, doğmalarının, hökumət qurumlarının bu məsələyə ciddi diqqət ayırmalarına ehtiyac vardır.

 Digər mühüm məsələlərdən biri əməyə münasibət məsələsidir. Yəni, çox yaxşı olar ki, hər iki tərəfin karyera qurmaq, çalışmaq, öz sahəsində keyfiyyətli bir mütəxəssis, sənətkar olmaq məsələlərində fikirləri yaxın olsun. Qarşılarına konkret məqsədlər qoymağa, bu məqsədlərə çatmaq üçün birgə fəaliyyət göstərməyə həvəsli olsunlar. Çətinlikləri ortadan götürmək üçün biri-birlərinə arxa, dayaq olmaq onlarda bir mənəvi təlabatın olması təqdirəlayiqdir.

AILE

 O ailə daha xoşbəxt ailədir ki, orada həm valideynlərin, həm də körpələrin, uşaqların ahəngdar bir münasibətdə, problemlərdən əziyyət çəkmədən, öz potensiallarına, təyinatlarına uyğun olaraq yaşamaları, fəaliyyət göstərmələri, inkişaf etmələri üçün şərait, mühit vardır. Valideynlərin həm öz həyatlarını mənalı keçirmək, həm də övladlarını ailə, vətən, cəmiyyət üçün arzu olunan şəxslər kimi yetişmək imkanları vardır. O ailə xoşbəxt ailədir ki, ailə üzvləri arasında çox doğma, səmimi bir münasibət vardır. Onlar biri-birlərini sevir, biri-birinin kədərli və sevincli anlarını bölüşür, bütün işlərdə biri-birlərinə dəstək olurlar. Ata-ana uşaqlarını, onlar da valideynlərini sevirlər.

ARDI VAR…

 

Sosioloq Əhməd Qəşəmoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir