ESTETIK EMELIYYAT

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

Baxış sayı: 356

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloji elmlərdəndir, ( “morfo” – forma, “logos” – elm) deməkdir. 15 oktyabr-Dünya Anatomiya Günü fonunda gözəl görünmək üçün anatomiyasını təhlükə ilə üz-üzə qoyan, “gözəlliyi” ilə təbii anatomiyası arasında tərs mütənasiblik yaradanlardan danışaq.

 

Necə doğulmusansa, elə də ölməlisən?..

İnsan Allahın yaratdığı, yer üzərinə gəlməsini əmr etdiyi bəndədir. Allahın məsləhəti ilə gözəl, yaraşıqlı da yarana bilirik, bir qədər əksinə də. Lakin çirkin insan yoxdur, gözəllik insanın daxilindədir, deyimləri ilə çox razılaşıram. Həqiqətən də çirkin insan, xüsusilə də qadın yoxdur. Lakin baxımsız qadın, həmçinin də kişi var. Həm də hər kəsin gözəl bir tərəfi var: xarici görünüşdə və ya daxili aləmdə.

Lakin zamanla nədənsə biz öz gözəlliyimizlə, Allahın bizə məsləhət bilib bəxş etdikləri ilə kifayətlənmirik. Belə ki, dünyamızın müasirləşməsi bəlli məsələdir. İllər bir-birindən fərqli gəlir. Həyatımıza yeniliklər daxil olur. Texnologiyalar inkişaf edir, tibb elmi inkişafın zirvəsinə qalxır. Bütün bunlar isə insan həyatından təsirsiz ötmür. Texnologiyanın inkişafı ilə hələ illər öncə insanlar bütün dünya ilə tanış oldular. Dünyanın yeniliklərini bir anın içindəcə evlərinin içərisinə, əllərindəki telefonlara gətirdilər. Beləliklə də bütün dünyada olanlarla, tibbi, kosmetik yeniliklərlə, mümkünsüz olmayanların hər biri ilə tanış oldular. Və bir də gördük ki, həmin yeniliklərin hər biri, budur ölkəmizdə, qapımızın ağzındadır. Biz nə etdik? Başladıq həmin yeniliklərdən istifadə etməyə. Başladıq Allahın bizə məsləhət bilib verdiyi orqanlarımıza düzəlişlər etməyə. Söhbət estetik əməliyyatlardan və kosmetik toxunuşlardan gedir.

Bəzi insanlar, əsasən də orta yaş qrupunda olanların əksəriyyəti bu fikirdədir ki, Allah səni necə yaradıbsa, ömrünün sonunadək o cür də qalmalısan. Daha doğrusu, necə doğulmusansa, elə də ölməlisən. Lakin çoxları da bu fikirdə deyil. Çünki indi mümkün olanların heç biri əvvəlki illərdə mümkün deyildi. Onlar da həmin mühitdə yaşadıqları üçün indiki mümkünlərlə barışa bilmirlər. Lakin eybəcər burun bir qızın taleyinə mənfi təsir göstərirsə, onunla heç kim bu görünüş üçün ailə qurmursa, o burnu əməliyyatla formaya salıb həmin qızın həyatındakı maneəni aradan qaldırmaq əsla pis iş deyil.

İstər qız, istərsə də oğlan olsun, sızanaqla dolu üzü ilə insanlardan utanır, çəkinir, çox halda depressiyaya qapılır. Bunu aradan qaldırmaq üçün müəyyən kosmetik müalicələr əgər yaxşı nəticə verirsə, o sifət nə üçün əvvəlki kimi qalmalıdır?

Saçlarımızdakı kəpək və yaxud başımızın hansısa bir hissəsində keçəlləşmə bizi utandırırsa, nə üçün onu aradan qaldırmayaq. Və yaxud da mümkün olan təqdirdə üzümüzdəki qırışlardan nə üçün yaxa qurtarmayaq? Düşünürəm ki, oxucularımız da bizimlə razılaşar ki, bəli, bir sıra estetik əməliyyatlar və kosmetik toxunuşlar lazımdır, bəzi halda isə vacibdir.

Lakin məsələnin digər tərəfi- lüzumsuz əməliyyatlar, gərəksiz dolğular qətiyyən lazım deyil. Bu, birinci, insan sağlamlığına ziddir. İkinci, uğursuz olma təhlükəsi var ki, bizi gülünc vəziyyətə sala bilər. Belə olanda biz Allah bəndələrini nə gözləyir?

 

Çirkinliyə xidmət edən gözəllik

Beləliklə də biz Allahın bəndələri ola-ola, işini bacarmayan, peşəsinin sahibi olmayanların bəndinə düşürük. Özümüzü çirkin bilib gözəlləşdirməyə çalışdığımız təqdirdə böyük vəsait sərf etməyə baxmayaraq əvvəlkindən də bərbad vəziyyətə düşürük. Məsələn, qarşılaşdığım faktlardan bir neçəsi haqqında danışmaq istəyirəm. Yaxın tanışlarımızdan birinin qızının burnu anadangəlmə xoşagəlməz vəziyyətdə idi. Bütün qohumlar, yaxınlar qızın valideynlərinə məsləhət bildilər ki, bu burun hökmən əməliyyat olunmalıdır. Çünki qız burnundan utanır, xəcalət çəkirdi. Böyüdükcə tamamilə özünə qapılırdı. Sual olunur, əgər yaşadığımız dövrdə bu, mümkündürsə, həmin qızı depressiyadan çıxarmaq olarsa, nə üçün olmasın ki? Bunu onun valideynləri də qəbul etdilər və övladlarının burnunun əməlyyat olunmasını planlaşdırdılar. Beləliklə, qız əməliyyat olundu, lakin nəticə yaxşı olmadı. Əməliyyatı məşhur həkimlərdən birinin etməsinə baxmayaraq əvvəlki burunla yeni burun arasında azacıq fərq hiss olundu. Deməli, bu işdə heç də bütün həkimlərə ümid etmək olmaz. Onlar lazım olan məbləği almağı yaxşı bacarır, lakin gördükləri işin pis nəticəsini boyunlarına götürmürlər: ay nə bilim dəridə, ay nə bilim sümükdə problem var, nə edim, belə alındı.

Və yaxud, bu günlərdə küçədə bir qadınla rastlaşdım. Təsadüfən başımı qaldırıb üzünə baxanda, “Bismillahir rəhmanir rəhim”,- dedim. Elə xoflandım ki, bədənim əsməyə başladı. Qadının dodaqları üzünün dörddə iki hissəsini əhatə edirdi. Bir anlığa düşündüm ki, İlahi, yazıq, buna nə olub belə, görəsən? Lakin daha bir nəzər saldıqda bu dodaqlara dolğu vurulduğunu açıqca anladım. Burada iki variant var: ya qadın “dəbdir”,- deyib, özü istəyib dodaqlarını bu günə saldırıb, ya da müraciət etdiyi kosmetoloq-işinin sahibi olmayan kosmetoloq onu bu günə qoyub. Heç inana bilmırəm ki, hansısa bir qadın özünü belə eybəcər vəziyyətə salmağa çalışa. Sadəcə bir qədər dolğu istəyib, lakin düzgün ünvan, düzgün həkim seçmədiyindən bu günə qalıb.

Dodaqlardan söz düşmüşkən, iş yoldaşım Lalə Mehralı bu günlədə şəhərimizdəki gözəllik salonlarından birinə gedibmiş. Burada qəribə bir mənzərə ilə qarşılaşıb. Deməli, salonda çalışan beş qadın bir-birinin dodağına dolğu vurur. Bunun üçün lazım olan preparatı isə internet üzərindən əldə edirlər. Lalə xanım bu preparatın tərkibinin nə olduğunu bilirsiniz, sizin üçün təhlükəli ola bilər deyəndə, qadınlar “ey, nə qorxmaq, heç nə olmaz…”-deyə cavab veriblər.

Həqiqətən də göründüyü kimi, həyat və sağlamlığını təhlükə ilə üz-üzə qoyan qadınlar var.

Bu yaxınlarda metroda bir qadınla rastlaşdım. Qaşları kənardan çağırırdı ki, mən bacarıqsız kosmetoloqun uğursuz işiyəm. Vallah, mən həyatda elə qaş görməmişdim. Rəngi açıq bənövşəyi idi. Quruluşu da, necə deyərlər, “qaşlar kamana dartılmışdı” misalı kimi. Bu deyim təbii gözəllərimiz üçün deyilib, düzdür. Gördüyüm bu qaşlar da kamana dartılmışdı, amma ikiqat kamana. Ümumiyyətlə, son vaxtlar bu qaş məsələsi çox dəbdədir. Təsadüfi qadın tapılar ki, öz qaşını daşısın. Əksər qadınlarımız isə saxta qaşlarla özləri üçün gözəllik yaradırlar. Əslində buna gözəllik demək olarsa. Bu qaşların ya rəngində, ya qalınlığında, uzunluğunda elə bir səhvə yol verilir ki, vallah, məəttəl qalırsan.

Lakin onu da vurğulayaq ki, uğurlu qaşlar da var. Kənardan saxtalığı hiss olunmayan qaşlar. Belə olan təqdirdə qaşları nazik, əyri-üyrü olan qadınlar yaxşı ustalara müraciət edə bilərlər, təbii ki. Lakin necə deyərlər, elə bir dövrə gəlib çıxmışıq ki, indi qaşı gözəl olan da, çirkin olan da, hamı Allahın verdiyini silib, yenisini çəkdirir.

Son vaxtlar ceyrangöz qadınlarla da qarşılaşırıq. Sözün həqiqi mənasında, işini yaxşı bilən həkimlərimiz var, yaxşı da əl işləri var. Amma görünür bütün bunların əksi olan həkimlərimiz də var ki, qadınları bu vəziyyətə salırlar. Bilmirəm bu gözü hara dartırlar, haradan asırlar, lakin baxırsan ki, qaş kamana çəkilib, altında da göz onunla birlikdə kamandadır. Bax, burnu anladıq, qırışları, sızanaqları, keçəlliyi də anladıq, gözlərin ceyran gözünə bənzədilməsini anlamaq mümkün deyil axı. Bu göz durub da yerində, niyə onu dartıb kamana çəkməliyik ki? Həm də işini bilməyən həkimin əli ilə. Nəticədə isə gözlərimiz ceyranın yox, qurbağanın gözlərinə oxşayır.

 

Gördük ki…

Elə ki, texnologiyalar həyatımıza yol açdı, müasirlik qapımızı döydü, biz başladıq onlardan yetərincə istifadə etməyə. Həm də ehtiyacımız olduğu və olmadığı halda. Öyrəndiklərimiz və ya başımıza yeridilənlər, sözün həqiqi mənasında, zamanla bir dəbə çevrildi. Bizlər də dəblərə meylli olduğumuzdan, təbii ki, bunların hər birini böyük həvəs və şövqlə həyatımıza daxil etdik.

Tələbat artdıqca, qadınlarımız öz gözəlliyini silib yeni bir gözəlliyin ardınca getdikcə, heç bir tibbi təhsili, təcrübəsi olmayan insanlar da bir “obyekt” açıb başladılar insanlara “gözəllik” paylamağa. Yaxşı həkimlərimizdən fərqli olaraq onlar bu prosedurları daha ucuz qiymətə, ucuz preparatlarla etdikləri üçün əksər qadınlarımız onlara müraciət etdi. Nəticə isə bu gün göz qabağında gördüklərimiz oldu. Gördük ki, bu qadın dünən bugünkündən daha gözəl, təbii idi. Gördük ki, bu qaş bu qadına əsla yaraşmayıb. Gördük ki, bu burun üçün bu qədər xərc çəkməyə dəyməzmiş, çünki heç bir dəyişiklik olmayıb. Gördük ki, bu dodaqlar ətrafa qorxu saçır. Gördük ki, səhv dolğu bu qadının üzünün bütün mimikasını dəyişib, o bizim tanıdığımız qadın deyil. Gördük ki, bu gözlər heç də ceyranın gözlərinə oxşamır, bilmədiyimiz, qarşılaşmadığımız bir göz formasıdır.

Bütün gördüklərimizin fonunda isə deyə bilərik ki, özünüzü bu vəziyyətə salmayın, əziz qadınlar. Pulunuzu sizi gözəlləşdirən deyil, çirkin görkəmə salan həkimlərə verməyin. Deməyin ki, bu cür qaşlar, bu cür gözlər indi dəbdədir, məndə də olmalıdır. Unutmayın ki, ən yaxşı dəb bizə yaraşandır. İnanın, bəlkə də kimlərsə sizin könlünüzün xoş olması üçün, “ay, nə gözəl olmusan”,- deyir. Lakin inanın, kənardan özünüz özünüzə baxsanız “mən ki gözəl deyiləm”,- deyərsiniz…

 

Gözəlliyə, gözəlləşməyə doğru düşünülmüş addımlarla…

Gözəllik elə bir anlayışdır ki, onu düşünən zaman gözlərin önündə yalnız gözəl olan şeylər canlanır. Və yaxud gözəllik elə bir görüntüdür ki, onu görən kimi munis duyğular ruhuna hakim kəsilir. Odur ki, biz insan övladı gözəl olmaq, gözəl görünmək istəyirik. Əksər hallarda gözəl sözlər danışmasaq da, lakin gözəl görünməyi çox istəyirik. Hansı ki, gözəl görünməklə gözəl danışmağın harmoniyası dünyanı xilas etmək iqtidarındadır. Belə isə həm gözəl görünək, həm də gözəl danışaq. Gözəl danışmaq da, gözəl görünmək də öz əlimizdədir. Danışmaq istəsək, danışarıq. Ağzımızı açmaqla hər kəsi o gözəlliyin tamaşaçısına çevirə bilərik.

Bəs gözəl görünmək neçə? Bəli, bu da bizim öz əlimizdədir. Sadəcə nə etməli olduğumuzu bilməliyik. Təəssüf ki, gözəl görünmək üçün bəzən elə səhvlərə yol veririk ki, o bizim gözəlliyimizə yox, çirkinliyimizə, xoşagəlməz görünməyimizə gətirib çıxarır. Bu səbəbdən də gözəlliyimizi belə qurbanlara çevirməyək.

İnsan anatomiyasısa zəncirvari bir sistemlə qurulub. Ona azacıq müdaxilə bu prosesə zərbə vurur. Bu gün gənc olan qadın sümüklərinə, toxumalarına “əl gəzdirir”, lakin yaşlandıqca bunun nə ilə nəticələnəcəyindən xəbəri yoxdur.

Onlarla qadın və kişi kosmetoloji əməliyyatların qurbanı olub. Bunları eşidirik, lakin eşitməmiş kimi gözəl görünmək üçün davam edirik. Allahın bizə verdiyi anatomiyanı zədələyirik. Bu isə ömrümüzün qısalmasına, yaşlananda ağır işgəncələrlə üz-üzə qalacağımıza xidmət edir. Heç olmasa, bunları düşünək.

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir