Gulnar Qasimli

Azərbaycanda boşanma statistikasında artım: vəkilə müraciət niyə vacibdir?

Baxış sayı: 489

Son illərdə Azərbaycanda boşanma halları xeyli artıb. Statistik məlumatlara əsasən, Azərbaycanda nikahların sayı azalıb, boşanmalar artıb. 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.

Boşanma proseslərinin çoxalması həm hüquqi, həm də sosial baxımdan ciddi problemlər doğurur. Bu hallarda vəkilə müraciət etmək vacibdir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Gülnar Qasımlı boşanma prosesinin hüquqi tərəfləri barədə danışarkən bildirdi ki, boşanma qərarı vermək ailələr üçün ağır və mürəkkəb bir prosesdir. Bu prosesin düzgün aparılması üçün peşəkar hüquqi yardıma ehtiyac var. Vəkil yalnız boşanma sənədlərinin hazırlanmasında deyil, həm də ailə üzvlərinin hüquqlarının qorunmasında mühüm rol oynayır. Uşaqların qəyyumluğu, əmlak bölgüsü və aliment məsələləri kimi mühüm məsələlərdə düzgün qərarların qəbul edilməsi üçün hüquqi biliklərə malik olmaq zəruridir. Əksər hallarda boşanma prosesləri emosional gərginliklərə səbəb olur və ailə üzvləri arasında ziddiyyətlər yaranır. Vəkil bu ziddiyyətlərin aradan qaldırılmasında və müvafiq hüquqi məsləhətlərin verilməsində yardım edir. Bundan əlavə, boşanma hallarında hüquqi prosedurlara əməl edilməməsi sonradan ciddi problemlərə səbəb ola bilər. Vəkilin yardımı ilə hüquqi tələblər və müddəalar yerinə yetirilir, beləliklə, proses daha asan və sürətli bir şəkildə tamamlanır.

bosanma

 

Gülnar Qasımlı əlavə edir ki, hər bir ailə boşanma qərarını qəbul edərkən diqqətli olmalı və bu prosesin mənfi təsirlərini minimuma endirmək üçün peşəkar yardım almalıdır. Vəkilə müraciət etməklə  gələcəkdə yaranacaq mümkün hüquqi problemlərin qarşısı alınmış olur.

“Sumqayitxeber.com”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir