aile

Azərbaycan ailələrində mövcud vəziyyət necədir?

Baxış sayı: 763

Yeni nəslin düzgün inkişaf və tərbiyəsindən danışanda, əksər hallarda körpələrə, uşaqlara münasibət, bu sahədə işlərin təşkili, maddi-texniki, metodoloji bazadan və s. danışılır. Başqa sözlə desək, diqqət mərkəzində əsasən dünyaya gəlmiş körpələr, inkişaf etməkdə olan uşaqlar olur. Amma şərq müdriklərinin fikirlərini yada salsaq, görərik ki, hələ qədim zamanlardan ağıllı, uzaqgörən  insanlar yeni nəslin keyfiyyətli inkişafı və tərbiyəsində ailənin mühüm rol oynadığını ön plana çəkmişlər. Arzuolunan nəslin formalaşması üçün işlərin hələ həyata yoldaşı seçməkdən başladığını dönə-dönə qeyd etmişlər. Ona görə də, ailə qurduqda olduqca diqqətli olmağı, öz əxlaqı, mənəviyyatı, davranışı, adət-ənənələri uyğun insanla ailə qurulmasını məsləhət bilmişlər. İndiki vaxtda bu tələblər demək olar ki, yaddan çıxmışdır.

Qeyd etmək lazımdır ki, əvvəllər də dərindən düşünülmədən, tez-tələsik ailə quranlar xeyli sayda olub. Amma o zaman cəmiyyət, mühit başqa idi. Əvvəla, cəmiyyətdə ciddi ailə kultu hökm sürürdü. Evlənənlərin hər birində gələcək ailə ilə bağlı xüsusi stereotip var idi. Ailə quranlar onların ailə qarşısında hansı öhdəlikləri olduğunu və  hansı vəzifələri yerinə yetirməli olduqlarını bilirdilər. Ailə həyatının tənzimlənməsində  dini inanc da əhəmiyyətli rol oynayırdı. Əksər insanlar həm də allah qorxusu ilə, şəriətin tələbləri ilə öz ailələrinin qayğısına qalırdılar.  Eyni zamanda cəmiyyətdə ailə həyatının qayda-qanununu pozanlara qarşı ciddi ictimai qınaq da var idi. “Elin sözü”, “elin gözü”, “xalq nə deyər?” amilləri ailə həyatında mühüm rol oynayırdı. Bu amillər ailələrin dağılmamasına, ümumən normal olaraq davam etməsinə səbəb olurdu. O dövrün xüsusiyyətlərinə uyğun olaraq həmin ailələrdə müəyyən bir tolerantlıq, qarşılıqlı dözümlülük yaranırdı. Amma o zaman da mənəvi dəyərlər, sevgi əsasında qurulan ailələr daha xoşbəxt olurdu. Belə ailələrdə mehribanlıq, xoş əhval-ruhiyyə, daha ahəngdar münasibət olurdu. Bu ailələrdəki körpələr də daha çox qayğı ilə əhatə olunur, daha xoşbəxt böyüyürdülər.

İndi vəziyyət xeyli fərqlidir. Qloballaşma prosesi sürətləndikcə cəmiyyətdə baş verən proseslər günü-gündən mürəkkəbləşir. Ailəyə təsir edən amillərin sayı get-gedə artır. Ailə qurmaq istəyən gənclərin ailə barədə lazımi təsəvvürləri, bu sahədəki məsuliyyət hissləri kifayət qədər deyil. Din amili, ictimai qınaq öz əhəmiyyətini demək olar ki, itirib. Yeni ailə quranlar daha çox teleserialların, sosial şəbəkələrin, mənəviyyatı aşındıran televiziya verilişlərinin, azadlıq anlayışını özbaşınalıq anlayışı ilə qarışdıran bəzi insanların, ailəni dağıdan, sərgüzəştlər təbliğ edən informasiya axınının və s.  təsiri altındadır. Ona görə də,  qurulmuş  ailələrin 1/3 – ə qədəri dağılır. 2/3 –  yə qədər ailədə isə təəssüf ki, gərginlik hökm sürür. Belə valideynlərin bir çoxu öz körpələrinin, uşaqlarının təlim-tərbiyəsinə lazımi qədər diqqət yetirə bilmirlər.

Təbii ki, belə bir vəziyyətdə yeni nəslin lazımi keyfiyyətdə böyüməsi üçün xeyli problemlər yaranır. O problemlərin həlli üçün çox geniş və əhatəli işlərin görülməsinə ehtiyac vardır. Amma, bu sahədə görüləcək ən vacib iş ailələrin uğurlu qurulması, ailələrdə xoş, ahəngdar münasibətin olmasıdır.  Ailələrimizin arzu edilən şəkildə olması üçün iki istiqamətdə fəaliyyətə ciddi ehtiyac vardır:

aile

1) Ölkədə daha uğurlu ailələrin qurulması üçün günün tələblərinə cavab verən sosial siyasətin həyata keçirilməsi və ailə institutunun problemlərinin bir çoxunun həll edilməsi.

2) Hər birimizin indiki imkanlar daxilində ailələrdə xoş əhval-ruhiyyənin yaranması üçün gördüyümüz işlər. Bu sahədəki fəaliyyəti özümüzə borc hesab etməyimiz.

Təbii ki, cəmiyyətin hər bir yetkin üzvü bu sahədə müəyyən işlər görə bilər. Məsələn, gənclər ailə qurduqda daha diqqətli ola bilərlər; kimsə onlara tövsiyələr verə bilər; kimsə iqtisadi cəhətdən kömək edə bilər. Digərləri ailələrdə yaranmış gərginliyi ortadan götürməyə kömək edə bilər və s.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir