cinayet

Azadlığı “yük” bilənlər – ARAŞDIRMA

Baxış sayı: 151

“Arxadan vurulan zərbə” filminin qəhrəmanlarından olan Hamlet Xanızadənin yaratdığı İmaş rolu filmi izləyənlərin yaxşı yadındadır. Oğurluq üstə tutulan, həbsdən sonra keçmiş həyatı ilə azadlığı arasında seçim etməkdə çətinlik çəkən, nəhayət, xeyirxah əllərin köməyi ilə işə düzəlib normal həyata qayıdan insandır. Məhbəsdən çıxıb yenidən həyatını başlamaq istəyənlər üçün misal ola biləcək obrazdır. Yetər ki, məhkumluqdan azad olan şəxslər İmaşın həyatından da xəbərdar olsunlar, etdikləri cinayəti yenidən təkrarlamasınlar. Amma təəssüf…

 

15 dəqiqə keçməmiş

Ötən ilin son günlərində Cəlilabad rayonunda baş verən qətl hadisəsinin də, Şəki rayon sakininə məxsus avtomobilin şəhər ərazisindən qaçırılmasının da yenicə azadlığa çıxan şəxslər tərəfindən törədilməsi məlumatları yayıldı. Qonşusunu bıçaqla qətlə yetirən şəxs azadlığa çıxandan bir neçə gün sonra, avtomobili qaçıran isə məhbəs divarları ilə vidalaşandan cəmi 15 dəqiqə sonra yenidən cinayət əməlinə əl atıb. Faktlarını sadalamadığımız oxşar hadisələrin çoxluğunu nəzərə alsaq, böyük bir problemlə üz-üzəyik. Həbsxanadan çıxan insanlar azadlığın dadından xəbərsizmiş kimi yenidən cinayət törədirlər. İstər-istəməz “Keçmiş məhbusları təkrar cinayətə hansı amillər sürükləyir? Bu geniş dünyanı onlara zindan edən nədir? Keçmiş əməllərin üzərindən xətt çəkib yeni həyata başlamaq çoxmu çətindir?” kimi suallar yaranır.

 

Yenidən köhnə həyata…

Həbsxananı heç də həmişə islah düşərgəsi hesab etməyənlər az deyil. Bu baxımdan, məhbəs divarları arasına düşən hər kəsin islah olunmasını gözləmək yanlış gözlənti sayılır: “İnsanın bu və ya digər qanunsuz əməl etməsi bir çox faktorla bağlıdır. Həbsxanaya düşən şəxslərin bir çoxunda da artıq formalaşmış vərdişlər vardır”- deyə hüquq müdafiəçisi Əliməmməd Nuriyevvurğulayır: “Yəni şəxsin qanunsuz əmələ meyilliliyi o həddə çatır ki, o, cinayət edir və nəticədə məsuliyyətə cəlb edilir, sonra da həbsxanaya düşür. Cəzaçəkmə müəssisələrində fərqli bir mədəniyyət var. Buna submədəniyyət deyilir. Cəzaçəkmə müəssisələrində daha çox qalmaq, şübhəsiz ki, kriminal vərdişlərin daha da möhkəmlənməsinə gətirib çıxarır. Bundan imtina etmək o qədər də asan olmur. İlk növbədə böyük iradə lazımdır. Həbsdən çıxandan sonra cəmiyyət, ailə yaxınları onu necə qarşılayacaq – bu, çox ciddi faktordur. Bir çox hallarda cəmiyyət onlara atılmış kimi baxır, ailə onları qəbul etmir. Belə olan halda həmin şəxslərin bəziləri yenidən köhnə həyata qayıtmaq istəyir. O baxımdan da burda bir çox mənəvi-psixoloji faktorlar var”.

 

Məhkumların məşğulluğu

Ə.Nuriyevin fikrincə, problemin aradan qaldırılması üçün müvafiq şərait təmin edilməlidir: “Eyni zamanda, sosial adaptasiya ilə əlaqədar fəaliyyətlər də həyata keçirilmir. 2007-ci ildə qanun qəbul edilsə də, sosial-reabilitasiya mərkəzləri hələ də istifadəyə verilməyib. Azərbaycan hökuməti, Penitensiar Xidmət, Ədliyyə Nazirliyi bu istiqamətdə çalışır.  Cəzaçəkmə müəssisələrində peşə və orta məktəblər fəaliyyət göstərir. Bu məktəblərin yeni konsepsiyasının qurulmasına ehtiyac var. Burada yeni peşələrin tədris edilməsi, Təhsil Nazirliyinin bu barədə təxirəsalınmaz qərarlar qəbul etməsi yaxşı olardı. Neçə illərdir ki, biz bunu deyirik. Məhkumların məşğulluğu ilə bağlı məsələnin genişləndirilməsinə ehtiyac var. Düzdür, Ədliyyə Nazirliyi daxili imkanlarını səfərbər edir. Bəzi cəzaçəkmə müəssisələrində məşğulluq faizi 25 faiz, orta məşğulluq bütövlükdə 7-14 faizdir. Məcburi əmək qadağan olunub. Məhkumlar könüllü olaraq işləməyi qəbul edirlər. Hökumətin bu istiqamətdə qərar qəbul etməsi vacibdir ki, məşğulluq genişləndirilsin. Cəzaçəkmə müəssisələrində müxtəlif peşələrin yaranması, məşğulluğun artırılması istiqamətində işlər həyata keçirilməlidir. Bu, onların kriminal vərdişlərdən yayınmasına kömək göstərə bilər. Onlar azadlığa çıxanda uyğun iş tapa bilərlər, yaşamaq imkanları olar”. Ə.Nuriyev qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyi məhkumların cəzasının başa çatmasına az qalmış onlarla sosial iş aparır, hansı istiqamətdə çalışmaları ilə bağlı müzakirələr edir və onları qeydə alır. Belə ki, azadlığa çıxandan sonra onlara məşğulluq idarələri tərəfindən müəyyən işlər təklif olunur: “Müraciət edənlərin 73 faizi işlə təmin olunur. Amma müraciət etməyənlər də var. Bu da onunla bağlıdır ki, onlara 4 ay müddətinə 1000 AZN məbləğində müavinət verilir”.

 

Azadlığın ağır yükü

Ə.Nuriyev qeyd edir ki, submədəniyyətin bütövlükdə xilas olması üçün çoxsaylı proqramların hazırlanmasına ehtiyac var. Vətəndaş cəmiyyəti də bu məsələlərdə yaxından iştirak etməlidir: “Hər yükün dövlətin üzərinə qoyulması düzgün deyil. Biz birlikdə işləməliyik. Onda daha yaxşı nəticələr əldə etmək olar. Azadlığa çıxanların 5-7 faizi yenidən cinayət edərək cəzaçəkmə müəssisələrinə qayıdır. Bu proses bütün dünyada, o cümlədən Azərbaycanda baş verir. Bəzi hallarda sosial problemlərin mövcudluğu, bəzi hallarda yeni bir mədəniyyətə daxil olmaları onlara təsirsiz ötüşmür. Nəticədə, həbsxanadan çıxmış şəxs öz yerini yalnız həbsxanada görür. Adamlar var ki, onlar üçün azadlıq bəlkə də ağır yükə çevrilir”.

 

Reabilitasiyaya ehtiyac

Məsələnin psixoloji kökü daha dərindir. Cəzaçəkmə müəssisələrindəki insanların yalnız məhbəs divarları arasında deyil, həmçinin azadlığa çıxandan sonra da reabilitasiyaya ehtiyacları var. Psixoloq Elnur Rüstəmlihesab edir ki, Azərbaycanda cinayət edənlərin böyük bir qismi təkrar cinayət törədən insanlardır: “Şəxsin törətdiyi cinayət əməlinə qiymət veriləndən sonra islah-əmək düşərgəsinə göndərilir. Orda islah olunur, əməyə cəlb edilir. Müddət bitəndən sonra azadlığa çıxır. İslah əmək düşərgəsində onlarla reabilitasiya işi aparılmalıdır. Dünya ölkələrində bu reabilitasiya işi məhbusun azadlığa çıxmasına 3-5 ay qalmış artıq həyata keçirilir. ABŞ-da onlar əməyə də cəlb olunur.  Müəyyən şirkətlər var ki, işçi qüvvəsi çatışmadığından həbsxanalarla müqavilə bağlayırlar. Məhbuslar da orada işləyir. Həm pul qazanır, həm də faydalı olurlar. Şübhəsiz ki, bu, bütün məhbuslara şamil edilmir”.

 

İşlək mexanizm zərurəti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində məhbusların reabilitasiya mərkəzi fəaliyyət göstərir. Bu mərkəz şəhərdən kənardadır və bütün məhbusları əhatə edə bilmir: “Məhbusların bir qismi azadlığa çıxandan sonra iş tapmaqda, cəmiyyətə, hətta ailəyə adaptasiya olmaqda çətinlik çəkirlər. Onların bir qismi azadlığa çıxanda artıq ailədə problem yaranır – kimisinin həyatında boşanma prosesi baş verir, kimisində dərin maddi problemlər olur. Bununla bağlı reabilitasiya proqramları həyata keçirilməlidir. Təəssüf ki, bizim bu istiqamətdə ciddi problemlərimiz var”.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir