qadin

Azadlıq doğmaq, azadlıq böyütmək istəyi

Baxış sayı: 1. 009

Sevginin nə olduğunu bilmədən, sevib-sevilmədən ərə gedirsiz və ya ərə verilirsiz. Tələm-tələsik, yanğından mal qaçıran adamlar kimi uşaq dünyaya gətirirsiz. Özünüz uşaq ola-ola öhdənizə, 2-3, hətta 4 uşaq doğmaq və onları böyütmək düşür.

Tərbiyə etmək olmalıydı, əslində, ancaq sizin onları tərbiyə etməyə zamanınız, həvəsiniz, daha dəqiq desək, tərbiyəniz olmur ki. Eləcə böyüdürsüz. Qayınana, qayınata, ər danlağının, yumruğunun, qəzəbini övladlarınıza tökə-tökə böyüdürsüz. Düşünmürsüz ki, ağ vərəqə bənzəyən yaddaşlarına “N” qədər zərbə vurursuz hər dəfə onlardan “acıq çıxanda”.

Hələ ki, qız övladınız varsa, o zərbələrin “dozası” qızınız böyüdükcə daha da çoxalır. Çünki siz qıza övlad kimi yox, artıq yük kimi baxırsız. Tez-tələsik ərə verib, başınızdan etmək üçün 10 yaşını keçən kimi səbirsizliklə o “yükdən” qurtulacağınız günləri sayırsız. O günə kimi də həyatı zindan edirsiz balanıza. “Pis yola düşər”, “bakirəliyini itirər”, “kimləsə adı çıxar”, “kiməsə qoşulub qaçar” — kimi fikirlər gecələr də rahatlıq vermir boş beyninizə.

Bunu da onları yox, yenə də “özünüzü”, “adınızı”, “namusunuzu”, “şərəfinizi” “düşündüyünüzdən” edirsiz. Qızınızın nə hiss etdiyi, hiss etmək istədiyi, nə yaşadığı, yaşamaq istədiyi zərrə qədər də əhəmiyyətli deyil sizinçün. Təki, onu ər evinə “təmiz adla” yola salasız, yengə sizi zifaf gecəsi üçün “muştuluqlaya”.

Bununla da olursuz “qəhrəman ana”. Beləcə, cəmiyyətə eynən özünüz kimi daha bir “qadın” bəxş edirsiz. Tam sizə bənzəyən zavallı, bədbəxt, sözün bütün mənalarında kölə qadın…

Vay onda qopar ki, “planlarınız” pozula. Qızınız sizdən fərqlənə, təhsil almağa can ata, özünü bir fərd kimi yetişdirməyi bacara. Bu dünyanın pəncərəsindən tam fərqli baxışla boylana. Həyat onuncun yalnızca ağdan və qaradan ibarət olmaya, al-əlvan rəngləri də görməyi bacara. Sizin bütün “istəklərinizə”, “tələblərinizə” qarşı çıxa. Ərə getmək yox, karyera qurmaq haqqında düşünə. Öz fikri ola və sözünü deməyi bacara, şəxsiyyət ola, etiraz edə, lazım gələndə meydanlara, mitinqlərə axışa.

Namus deyəndə, ancaq bakirəliyini deyil, şərəfini, heysiyyətini, vicdanını, qürurunu düşünə. Ailə deyəndə, ancaq ər, uşaq yox, millət, xalq, vətən, dövlət barədə fikirləşə. Onunçün həyat yalnız uşaq doğmaqdan, doğdu uşaqları böyütməkdən ibarət olmaya. Azadlıq doğmaq, azadlıq böyütmək, azadlıq tərbiyə etmək istəyə. Sizdən fərli olaraq, azad olmağa can ata, azadlığı uğrunda savaşmağı bacara. Lap elə feminist ola. Pulen de Lya Barr, Olimpiya de Quj, Abiqayl Adams, Uolstonkraft kimi tarix yazmağa cəhd edə.

Lap elə zəmanəsinin Janna Darkı ola, İndira Qandi mərtəbəsinə yüksəlməyi qarşısına məqsəd qoya. Və bunu bacara, hətta bir qədər də irəliyə gedib Həlimə Yakob ola. Qarşısını kəsdiyinizdə sizə belə etiraz edə. Deyə ki, “siz köləsiniz və bu vəziyyətiniz heç də təbiətin qanunu deyil, yalnız kobud kişi qüvvəsinə tabe olmağın nəticəsidir”.

O zaman bədbəxt olarsınız, elə deyilmi? Əgər elədirsə, demək, siz həqiqətən də bədbəxt olmağı haqq edirsiniz. Demək, siz yatmış yox, özünü yatmışlığa vurmuş, 3 kilo sosisə görə sirkdə yanan halqalardan sağa-sola tullanan şirsiniz. Belə olan halda sizi nəinki qızınız azad edə bilər, top atılsa belə, yerinizdən tərpənən deyilsiz…