cizgi filmi

Azyaşlılar televizor qarşısında nə qədər vaxt keçirməlidirlər?

Baxış sayı: 591

Televizor, demək olar ki, hər kəsin evində olan mühüm kütləvi kommunikasiya vasitəsidir. Hətta tənha həyat sürən insanlar üçün dost, ağır məşğuliyyəti olub, işindən yorulan şəxslər üçün zehni rahatladan “oyuncaq”, valideynlər üçün isə peşəkar “dayə”dir.

Bu yazıda televizor və cizgi filmlərinin uşağın həyatındakı yerindən danışacağıq. Yuxarıda qeyd etdiyim kimi, böyüklərə görə zehni dincəltmək üçün yaxşı bir fəaliyyət kimi görülən televizor uşaqlar üçün nə dərəcədə uyğun hesab olunur?

0-3 yaş beyin inkişafı üçün çox əhəmiyyətli bir dövrdür. Buna görə də qavrayış, diqqət və yaddaş qabiliyyətinin inkişafı çox vacib olsa da, bir çox mürəkkəb vizuallarla zehni çaşdırmaq və yayındırmaq arzu etdiyimiz bir şey deyil. Məhz bu nöqteyi-nəzərdən səbəbi nə olur olsun, 0-3 yaş arası uşaqlar mütləq şəkildə televizordakı müəyyən vizual görüntülərə məruz qalmamalıdır.

CIZGI FILMI

Bəs həmin yaş aralığındakı uşaqlar televizor izləməyən uşaqlara nisbətən hansı dəyişikliklərə məruz qalırlar?

Araşdırmalar göstərir ki, həmin zaman uşaqda qarşıdakının ifadələrini anlama, qəbul etmə və eyni zamanda özünü ifadə etmə bacarığı inkişafdan qalır və ya gecikir.

0-3 yaş aralığında tez-tez televizor izləyən uşaqlarda sosiallaşma, gələcəkdə diqqət və fokuslanma, qəzəb problemləri və qavrayışda çətinliklərin yaranması ən mühüm problemlərdən biridir.

Məlum olduğu kimi, bu yaş qrupu hadisələri müşahidə edərək öyrənir. Xüsusən də 3-6 yaş və yuxarı uşaqları olan valideynlər üçün şəxsən televizor izləməyi məhdudlaşdırmaq, övladları üçün ən düzgün nümunə hesab oluna bilər. Beləliklə bu, həmin uşaqlar üçün televizor baxımından sağlam bir yol olacaq. Uşaqlar valideynlərinin az-az televizor izlədiklərini müşahidə etdikləri zaman, özlərində də maraq azalacaq.

3 yaşından sonra uşaqların inkişaf xüsusiyyətləri nəzərə alınmaqla, onların nəzarət altında saxlanılması zəruri hesab olunur. Belə ki; 3-4 yaşlı uşaqlar yaşına uyğun, 10-15 dəqiqədən çox olmayan cizgi filmlərinə baxa bilərlər. 5-7 yaş qrupu gün ərzində 25 dəqiqə televizor izləyə bilər. Bu 25 dəqiqəlik müddətin gün ərzində bölünərək istifadə edilməsi daha məqsədəuyğun hesab olunur.

Ailələrin tez-tez verdiyi suallar arasında “Övladım dəfələrlə baxdığı cizgi filminə yenidən baxmaq istəyir. Bunun səbəbi nədir?” Uşağın daha əvvəl baxdığı cizgi filminə baxmaq istəməsinin ən əsas səbəbi hər dəfə həmin görüntüləri izləyən zaman yaddaşında fərqli kadr saxlaya bilməsidir.

cizgi filmi

Başqa bir vacib sual; “Övladıma uyğun cizgi filmi seçərkən, nələrə diqqət etməliyəm?”

Cizgi filmlərinin əksəriyyətində qalib və məğlub personajlar, problemin həlli üsulu olaraq zorakılığın seçilməsi, həmyaşıdların zorakılığı, valideynlərin verdiyi qərarlardan narazılıq kimi mövzular yer alır. Həmçinin, obrazlarda zəif tərəfi əzən güclü tərəf və fövqəltəbii güclərə malik fiqurlar kifayət qədər üstünlük təşkil edir. Bu səbəbdən valideynlər ilk növbədə övladlarının inkişaf xüsusiyyətlərini bilməli və cizgi filmləri övladlarından öncə özləri izləməlidirlər.

Azyaşlı övladı olan valideynlər uşaqlarını heç vaxt nəzarətsiz şəkildə ekrana buraxmamalı, televiziyadan mükafat kimi istifadə etməməlidirlər. Bu vəziyyət nəzarətdən çıxsa, ekran asılılığından başqa, inkişafı üçün uyğun olmayan görüntülərə məruz qalaraq, emosional və davranış problemləri yaşayacaq və bütün inkişaf sahələri əngəllənəcək.

Uşaqları televizor qarşısından uzaqlaşdırıb, təxəyyül və yaradıcılığını ortaya çıxaracaq fəaliyyətlərə yönləndirmək isə valideyn üçün ən əsas davranışlardan biri olmalıdır.

 

Mətin Şükürlü




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir