AILE

“Belə “azad həyat” sonda heç kəsə uğur gətirmir”

Baxış sayı: 499

“Hazırda dünyada, eləcə də Azərbaycanda ailə problemlərinin kəskinləşməsi, ailə böhranının dərinləşməsi müşahidə edilir. Boşanmaların sayının kəskin artması, ailə dəyərlərinin sürətlə itirilməsi, xəyanət, inamsızlıq – bütün bunlar aşınan, deqradasiyaya uğrayan müasir ailə institutunun tipik nümunəsidir. Maraqlıdır ki, cəmi 100 il əvvəl Avropanın inkişaf etmiş ölkələrində 0,01 faiz boşanmalar, 0,8-09 faiz həddində xəyanətlər qeydə alınanda klassik sosioloqlar bunu cəmiyyətin gələcəyi, rifahı üçün böyük təhlükə kimi qiymətləndirirdilər, böhranın qarşısını almağa çağırırdılar. İndi vəziyyət dəfələrlə artıq mənfiyə doğru dəyişib, “münasibətlərin yoxlanılması, sınaqdan keçirilməsi” – əslində, xəyanət, ailənin bilərəkdən dağıdılması, nüfuzdan salınması dəyərə, normaya çevrilib” – Bu fikirləri  cəmiyyətdə ailə dəyərlərinin aşınması, sıradan çıxması ilə bağlı vəziyyəti qiymətləndirən sosioloq, sosial psixoloq Nail Cəlil səsləndirdi. Sosial tədqiqatçı qeyd etdi ki, insanların ailə həyatında baş verən dəyişikliklərin dəyişən, yeniləşən və qloballaşan siyasi proseslər zəminində sosioloji cəhətdən öyrənilməsi indi kifayət qədər böyük aktuallıq kəsb edir:

Nail Cəlil

“Ailə həyatının incəlikləri, dəyərləri ümumilikdə kifayət rəngarəng və mürəkkəb xarakter daşıyır. Cəmi 15-20 il əvvəl bu dəyərlər cəmiyyətdə əsrlər, yüzilliklər boyu formalaşan ənənələrə, adətlərə, milli-mədəni ailə modellərinə söykənirdisə, indi vəziyyət kökündən dəyişib. Mobil telefonlar, hər kəs üçün aza qala hər addımda əlçatan olan internet, müxtəlif sosial platformalar tam fərqli, ziddiyyətli, yetərincə böhranlı mənzərə formalaşdırır. İnsanlar ailə həyatına önəm vermək əvəzinə, daha çox sosial şəbəkələrə, internet məkanına aludə olurlar, hətta şəxsi məsələlərinin, ailə problemlərinin həllini çox vaxt internetdə axtarırlar. Bu zaman müəyyən təsir qrupları özünəməxsus şəkildə “beyinyuma mərkəzi” funksiyasını həyata keçirirlər. Hətta bəzi vəkillər müştərilərinə asan, rahat boşanma proseduru vəd edirlər, bunu reklam etməkdən çəkinmirlər”.

Sosioloqun sözlərinə görə, hər zaman olduğu kimi, sosial-iqtisadi səbəblər ailə problemlərinin yaranmasında, eləcə də dəyərlərin aşınmasında həlledici faktorlar sırasında öndə gəlir. Onun fikrincə, ailənin sabitliyi, bütövlüyü, gerçəkdən səadətə, xoşbəxtliyə vasitə olması üçün ənənələrə hörmət, dəyərlərə riayət vacibdir:

“Məsələn, indi müəyyən qruplar bilərəkdən ailə qurana qədər insanların, xüsusən, qızların bakirə olmasına qarşı çıxırlar. Bunu bəsit bir şəkildə “hər kəs özü bilər, öz şəxsi həyatıdır” deyərək izah etməyə, əsaslandırmağa çalışırlar. Amma çoxları anlamaq istəmir ki, belə “azad həyat” sonda heç kəsə uğur, müvəfəqiyyət gətirmir. Ailədə təmizlik, ülvilik, saflıq, sədaqət yoxdursa, onun sonu, xoşbəxtliyi də yoxdur. Ailə qurmaq xatirinə evlənmək, ortada bağlığın, inamın, güvən hissinin, həm keçmiş, həm də gələcəklə bağlı əminliyin olmaması sonda dəyərlərin itirilməsinə, ciddi böhrana gətirib çıxarır”.

Nail Cəlil qeyd edib ki, cəmiyyətdə gedən yeniləşmə, ictimai-siyasi dəyişikliklər istənilən halda ailə həyatına birbaşa təsir göstərir:

“Bu mənada, ailə təkcə cəmiyyətin, dövlətin əsası deyil, həm də siması, güzgüsüdür. Əgər bu gün Azərbaycanda boşanmalar 33 faizə çatıbsa, xəyanətlər kəskin artıbsa, bu, birbaşa cəmiyyətdə yaşanan sosial-kütləvi böhrandır. Çox vaxt bu, Qərb dəyərlərinin qloballaşması, sürətlə Şərqə, o cümlədən, Azərbaycana doğru yayılması, yerli, milli ailə dəyərlərini sıxışdırması ilə izah edilir. Burada müəyyən həqiqət payı olsa da, hesab edirəm ki, bu, subyektiv, hətta bir qədər reallıqdan uzaq, şişirdilmiş yanaşmadır”.

Sosioloq vurğulayıb ki, ümumilikdə ailə dəyərlərindən uzaqlaşmaq, həmin dəyərlərin itirilməsi, korporativ maraqlara qurban verilməsi nə Qərb, nə də Şərq ölkələrinin mənafelərinə uyğun deyil. O əlavə edib ki, burada qismən böhran yaratmaq və şüurları manipulyasiya etmək bəzi transmilli korporasiyaların, liberal qlobalistlərin, “mərkəzləşmiş dünya hökuməti” tərəfdarlarının marağında ola bilər. Bununla yanaşı, yeni medianın bu prosesdə rolu yetərincə əhəmiyyətli, böyükdür:

“KİV də bu prosesdə həm mənfi, həm də müsbət rol oynayır. Belə ziddiyyətli vəziyyətin mövcudluğu onunla izah olunur ki, ailə problemlərinin tənzimlənməsində digər sosial təsisatların – dinin, ictimai rəyin, sosial nəzarətin, sosial işin, mədəni-mənəvi həyatın təsiri müqayisədə zəifdir. İnsanlar daha çox təbliğ olunana, mediada ictimai müzakirə olunan problemlərə yönəlirlər. Hətta yanlış saydıqlarını belə təbliğatın, gördüklərinin təsiri altında özləri də hiss etmədən “doğruya” çevirə bilirlər. Əvvəllər insanlar müəyyən pis iş gördükdə utanırdılar, vicdan əzabı yaşayırdılar, elin tənəsindən, ictimai qınaqdan çəkinirdilər. İndi sanki hər şey adiləşib. Əksinə, insanlar müəyyən təsirlər nəticəsində səhvləri, yalnışlıqlarını, pis hərəkətlərini açıq nümayiş etdirirlər. Bəzən hətta bu dəbə, normaya çevrilir. Ailə dəyərlərinin itirilməsinə, xəyanətlərə, boşanmalara yol açan başlıca, subyektiv səbəblərdən biri də budur”.

Sosioloq bildirdi ki, proseslər belə axarı – ailə dəyərlərinin tədricən aşınması, itirilməsi nigah münasibətlərinin mahiyyətinə və məzmununa da həlledici təsir göstərir:

“Nəzərə almaq vacibdir ki, ailədaxili münasibətlərin nizamlanması kifayət qədər mürəkkəb sosial-psixoloji məzmuna malikdir. Bir çox inkişaf etmiş ölkələrdə əmək ehtiyatlarının qorunması və inkişafı məhz imtiyazlı sosial-demoqrafik siyasətdən – ailəyə dövlət, cəmiyyət səviyyəsində verilən yüksək dəyərdən asılıdır. Doğrudur, burada da bəzən ifrat təsirlər bərabərlik adı altında ailə həyatına, uşaqların tərbiyəsinə dövlətin təsiri, müdaxiləsi olur. Ümumilikdə, müəyyən çatışmazlıqlar olsa da, əslində belə təsir uşaqların sağlamlığı və himayəsi baxımından, arzuediləndir. Fikrimizcə, problemin həlli üçün cəmiyyətdə effektiv sosial-demoqrafik siyasətin həyata keçirilməsi, sağlam ictimai mühitin tərbiyə edilməsi, ailə həyatının sağlamlaşdırılması mühüm hədəfə çevrilməlidir. Bu, ailənin yüksək mənəvi və əxlaqi dəyərlər üzərində qurulması, cəmiyyətin gələcək sabitliyini, rifahını təmin etmək üçün həyati əhəmiyyətə malikdir”.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir