mekteb

Birinci sinfə qəbuldan narazılıq-Hamı uşağının elit məktəbdə oxumasını istəyir?

Baxış sayı: 424

Birinci sinifə şagird qəbulu üzrə məktəb seçimi zamanı yerlərin dolması bəzi valideynlərin narazılığına səbəb olub. Onlar məktəb seçimi zamanı yerlərin dərhal dolmasından şikayətlənirlər. Sosial platformada da çoxlu sayda belə narazılıqlara rast gəlmək mümkündür. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti mektebeqebul.edu.az portalı vasitəsilə övladlarını birinci sinfə qəbul etdirə bilmədiklərini yazıblar. İddialarda qeyd edilir ki, yerlər cəmi 2-3 dəqiqə içərisində tamamilə dolub. Problem əsasən Bakı məktəbləri ilə bağlıdır.

 

Birinci sinfə qəbulda yerlər dolub?

Təhsil Nazirliyindən bildirilib ki, 6 may 2022-ci ildən mektebeqebul.edu.az elektron sistemində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisəsi seçimi, tədris digər dillərdə aparılan bölmələrə isə şifahi nitq bacarıqlarının yoxlanılması üzrə təşkil ediləcək mərkəzləşdirilmiş müsahibəyə qeydiyyat aktivləşdirilib. Bu halda, həmin bölmə üzrə yerlərin tutulması məsələsi aktual deyil. Azərbaycan bölməsi üzrə isə əvvəlcə 2021-2022-ci tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların təhsil aldıqları ümumi təhsil müəssisəsində 1-ci sinfə yerləşdirilməsi aparılıb. Daha sonra isə proqnozlara uyğun olaraq digər yerlər qəbul üçün açılıb.

 

Yaşadığı ərazi üzrə qeydiyyatda olanlara problem yoxdur

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də bildirilib ki, ərazi üzrə qeydiyyatda olan birincilərin yaşadıqları ərazidə məktəbə qəbul olunmasında heç bir problem yoxdur. Onlar hətta sentyabrın 15-dək yaşadıqları ərazidəki ümumtəhsil müəssisəsində 1-ci sinfə qəbul ola bilərlər. Ancaq yaşadıqları ərazidən kənarda övladının təhsil almasını istəyən valideynlər məktəb seçimi ilə bağlı problemlə qarşılaşa bilərlər. Bu isə qaydalara ziddir.

Belə ki, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları var. Bunlar aşağıdakılardır:

– Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan,

– Valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən,

– cısı və ya qardaşı həmin məktəbdə təhsil alan.

nadir israfilov

Hamı elit məktəb axtarır

Təhsil üzrə ekspert Nadir İsrafilov deyir ki, birinci sinfə qəbulun mərkəzləşmiş şəkildə aparılmasından sonra qəbul qaydaları dəyişib. Onun sözlərinə görə, əvvəllər müəllimlər keçmiş JEK işçiləri ilə birgə qapı-qapı düşüb birinci sinfə gedəcək şagirləri qeydiyyata alırdılarsa, hazırda mərkəzləşmiş sistem vasitəsilə qəbul elektron formada aparılır:

“Keçmiş təhsil nazirlərindən birinin dövründə əmr verildi ki, məktəb və müəllim seçməkdə valideyn müstəqildir. Həmin vaxt əksər valideynlər uşağının ən yaxşı məktəbdə oxuması üçün onu yaşadığı ərazidən kənardakı təhsil müəssisələrinə göndərdi. Bu gün Bakı məktəblərinin bəzilərində buna görə süni sıxlıq yaranıb. Hamı istəyir ki, uşağı elit məktəblərdə təhsil alsın. Amma hazırki sistemlə bu mümkün deyil. Çünki, birinci sinfə şagird qəbulu əsasən ərazi üzrə aparılır. Valideynlər isə çalışır ki, uşağı hansı məktəb yaxşıdırsa, ora qəbul etdirsin. Bu zaman istədiyi məktəbdə yerlər dolanda narazı qalır”.

 

Bəzi məktəblərdə qanunsuz şagird qəbulu aparılır

N.İsrafilov deyir ki, birinci sinfə qəbul elektronlaşdırılsa da, bəzən Bakının mərkəzində yerləşən məktəblərə kənardan şagird qəbulu aparılır. Həmin ərazidə yaşayan uşaq isə yerlər dolduğundan kənarda qalır: “Bizə bu barədə siqnallar daxil olur”.

Həmsöhbətimiz bildirir ki, Bakının mərkəzində yerləşən məktəblərdə yer olmadığından əlavə korpus inşa etmək mümkün olmur.

kamran esedov

Qeydiyyatsızlıq problem yaradır

Təhsil üzrə ekspert Kamran Əsədov isə deyir ki, paytaxtda yaşayan əhalinin çoxu yaşadığı yer üzrə qeydiyyatda deyil. Bu isə məktəblərə yerləşdiyi ərazidən nə qədər şagird qəbul edəcəklərini proqnozlaşdırmağa mane olur. Hazırda 90 min uşaq məktəbəhazırlıq qruplarında təhsil alır. Onlar avtomatik olaraq birinci sinfə keçirlər. Lakin qeydiyyat üçün müraciətini proqnozlaşdırılan 165 min insan var.

“Valideynlər həmin ərazidə qeydiyyatda olmadıqlarından aidiyyatı təhsil qurumu prosesi proqnozlaşdıra bilmir ki, birinci sinifə nə qədər adam gələcək. Bir çox insanlar rayon qeydiyyatıdır və onlar Bakıda yaşadığı ərazidə rəsmi ünvanda deyillər. Bu isə onların övladlarının faktiki yaşadıqları ərazi üzrə təhsil almaq imkanını məhdudlaşdırır”, – deyə Əsədov bildirib.

mekteb

Birinci sinfə qəbul qrafiki

Qeyd edək ki, ölkə üzrə ümumtəhsil müəssisələrinə Azərbaycan bölməsi üzrə məktəb seçimi artıq başlayıb. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunan və olunmayan uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat da mümkündür.

Eyni zamanda Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq olar.

Uşaqların birinci siniflərə elektron qəbulu prosesinin tarixləri və ardıcıllıqları aşağıda qeyd olunan qaydada təşkil olunacaq:

– 30 may saat 11:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir;

– 10 maydan – 31 may tarixinədək dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin təşkili;

– 20 maydan – 4 iyun tarixinədək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə baxılması;

– 11 iyun saat 11:00-da dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul üçün müsahibədən uğurla keçən uşaqların valideynləri tərəfindən məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi istisna olmaqla) və rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə(siyahı əlavə edilmişdir) qəbulla bağlı prioritetlər üzrə məktəb seçimi;

– 11 iyun saat 11:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə qəbulla bağlı (prioritetləri olmayan uşaqlar üçün) müsabiqəyə yazılma (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi də daxil olmaqla);

– 18 iyun saat 18:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinə qəbulla bağlı müsabiqəyə (həm tədris digər dillərdə aparılan bölmə üzrə, həm də Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə) yazılmaq üçün qeydiyyat bitir;

– 18 iyun saat 18:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçimi üçün qeydiyyat bitir.

– 18 iyundan 25 iyun tarixinədək rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan(prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinə rus bölməsi üzrə qəbulla bağlı müsabiqələrin keçirilməsi;

– 27 iyundan 14 sentyabr tarixinədək rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan(prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçiminin başlaması;

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna mayın 4-dən start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır və qeydiyyat sentyabrın 14-də başa çatacaq.

 

Zulfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir