Yeni biznes qurmağa hazırlaşan sahibkarların qarşısında duran ilk suallardan biri budur: işə təkbaşına başlamaq daha sərfəlidir, yoxsa tərəfdaşla birgə? Mütəxəssislər bildirir ki, bu seçim sahibkarın xarakteri, biznes modelinin mürəkkəbliyi və ilkin maliyyə imkanları ilə yaxından bağlıdır.
Bir çox sahibkar ideyanı özü formalaşdırdığı üçün biznesi təkbaşına başlamağa meyilli olur. Digər tərəfdən, birgə yaranmış ideyalar adətən komanda halında həyata keçirilir. Lakin hər iki yanaşmanın özünəməxsus üstünlükləri və riskləri mövcuddur.
Təkbaşına biznesə başlamağın üstünlükləri və riskləri
Sahibkar biznesi tək qurduqda ən sadə təşkilati strukturdan yararlanır və bütün qərarlar tamamilə onun nəzarətində olur. Mütəxəssislərə görə, bu model daha çevikdir və daxili mübahisələr yaranmır.
Lakin çatışmazlıqlar da az deyil. Təkbaşına biznes quran şəxsin bütün funksiyaları özü icra etməsi tələb olunur – maliyyə, marketinq, satış, hüquqi məsələlər və s. Bu isə həm vaxt, həm də resurs baxımından çətinlik yaradır.
Bundan əlavə, sahibkarın ideyalarını müzakirə edib dəqiqləşdirə biləcəyi bir tərəfin olmaması riskləri artırır. Tətil və istirahət də praktik olaraq mümkünsüz hala gəlir.
Tərəfdaşla biznes qurmağın üstünlükləri
Biznesi birgə qurmaq daha geniş bacarıqların cəmlənməsinə imkan yaradır. MIT Sloan School-un professoru Ed Roberts-in araşdırmasına görə, komanda halında fəaliyyət göstərən startapların uğur ehtimalı daha yüksəkdir.
Tərəfdaşların əlavə kapital yatırması biznesin daha sürətli böyüməsinə şərait yaradır. Eyni zamanda müxtəlif sahələr üzrə təcrübə və biliklərin birləşməsi daha sağlam idarəetməni mümkün edir.
Bununla belə, qərarvermə prosesində fikir ayrılıqları yarana bilər. Şirkətin idarəetmə modeli, tərəfdaşların rolları və məsuliyyəti əvvəlcədən aydın şəkildə müəyyən edilməzsə, gələcəkdə ciddi problemlər qaçılmaz olur.
Tərəfdaşlıqdan çıxmaq isə təkbaşına biznesdən daha mürəkkəbdir.
Düzgün tərəfdaş necə olmalıdır?
Ekspertlər hesab edir ki, ideal biznes tərəfdaşı sahibkarın zəif tərəflərini tamamlamalı, eyni dəyərləri paylaşmalı, biznes ideyasına inanmalı, vaxt və kapitalı məsuliyyətlə sərmayə etməyə hazır olmalıdır.
Bu mənada, tərəfdaş seçimi bir növ “peşəkar evlilik” kimi qiymətləndirilir.
Funksional tərəfdaşlıq alternativ model
Bəzi hallarda sahibkar komanda yaratmaq əvəzinə müəyyən funksiyaları digər bizneslərə həvalə edir. Məsələn, istehsal üzrə tərəfdaş, satış və distribusiya tərəfdaşlığı, marketinq üzrə əməkdaşlıq kimi modellər həm riskləri azaltmağa, həm də biznesi daha sürətli genişləndirməyə imkan verir.
Məhz buna görə də, sahibkarlar tərəfdaşlığa başlamazdan əvvəl detallı yazılı müqavilə hazırlamalıdır. Bu sənəddə mütləq şəkildə aşağıdakılar öz əksini tapmalıdır: pay bölgüsü, gəlir və zərərin bölünməsi, rollar və öhdəliklər, mübahisələrin həll mexanizmi, tərəfdaşlıqdan çıxma qaydası, aktiv və öhdəliklərin bölüşdürülməsi.
Sahibkarlıq üzrə ekspert Meri Sallivan bildirir ki, “tərəfdaşlığa daxil olmaq asan, ayrılmaq isə çox çətindir”.
Sərvanə Rəmixanova












































































































































































