qara cume

“Black Friday”in başına açılan oyun və ya mənim “Qara cümə”m

Baxış sayı: 318
“”Qara cümə” alış-verişini qaçırmayın”. Bu günlərdə bu məzmunda mesajlar bir çox şirkətlərdən yəqin ki, çox adama gəlib. Mesajlardan birinə görə, endirimlə 99 manata smartfon, 18 manata ütü, 299 manata paltaryuyan da əldə etmək mümkündür. Kifayət qədər cəlbedici mesajdır. Elə deyil?Ümumiyyətlə, endirim kəlməsinin özü insanı alış-verişə təşviq edir. Hələ bu sözü bir az əlvan qırmızı, bir az da “qışqıran” sarı rənglə bəzədinsə, “bir bizə dön, ay müştəri” deyib göz qırpmağa ehtiyac yoxdur. Elə şirkətlər də marketinq komandaları ilə bu görüntünün üstündə artıq sözə yer vermədən bu fikri çatdırmaq üçün çalışıblar. Əlqərəz, hər nə qədər alış-veriş həvəskarı olmasan da, endirim eşidəndə, görəndə insanın daxilində  “bir baş çəkim” səsi baş qaldırır. Özünlə bacara bilmədinsə, vay halına…Beş məhsulda aldanmasan da, üç məhsulda mütləq aldanacaqsan. Həm də, elə aldanacaqsan ki, qabağa düşmək əvəzinə alış-verişinin sonunda uduzmuş olacaqsan. Bu cür aldanışları bir-iki dəfə yaşadıqdan sonra isə “ağıllanacaqsan”. Pulla düzgün rəftarı bilməyənlər ancaq bu cür aldanışlardan sonra başa düşür ki, bizim reallıqlara görə endirim elanı olan günlərdə alış-veriş heç də sərfəli olmur. Ən yaxşı variant adi günlərdə qiymətləri müqayisə edərək alış-veriş etməkdir. Amma özüm də bu dəfə təcrübəmi kənara qoyuram.
Uzaq ellərin yelinə yellənmiş mağazalarımızın “Black Friday” endirimlərindən faydalanmaq sevdasına düşürəm. Öncə əlimin altındakı rahat imkana – onlayn alış-verişə üz tuturam. Elə ilk olaraq bu günlərdə mesaj göndərmiş şirkətin saytına daxil oluram. Görək, real təklifləri mesajlarındakı  qədər endirimlidirmi?! Təəssüf ki, ilk cəhdim  məyusedici olur. Mesajda 99 manata smartfon təklif edildiyi deyilsə də, heç 199 manata da telefon tapa bilmirəm.

Daha sonra televizorlara baxıram, məlum olur ki, 399 manata təklif olunan televizor yekun məbləğdə 429 manat olacaq. Bunun səbəbini aydınlaşdırmaq üçün tənbəllik etməyib mağazaya zəng edirəm. Operator kampaniya ərəfəsi olduğu üçün saytda yüklənmə getdiyini və problemin texniki xətdan qaynaqlandığını deyir. Onu başa düşməyə çalışsam da, haqq verə bilmirəm. Çünki indi həyatımız çox qaçaqaçlıdır. İşdən çıxıb mağazalara baş çəkməyə nə imkan var, nə də vaxt. Ən yaxşı üsul fürsətlərdən onlayn faydalanmaqdır. O da belə…

Növbəti mağazanın saytına keçid edirəm. Burada ilk səhifəyə “70%-dək cümə endirimləri” yazılıb. Nə qədər bu endirimlərə daxil olmağa cəhd etsəm də, mümkün olmur. Saytda bir neçə dəqiqə dolandıqdan sonra “endirimdə olan məhsullar” bölməsinə daxil oluram. Məlum olur ki, ilk səhifədə nəzərdə tutulmuş endirimin bu endirimlərə aidiyyəti yoxdur. Çünki həmişəki kimi nağd alışda filan məhsula filan qədər endirim olduğu yazılıb. Bir sözlə, 15-20 dəqiqə mən binəva say tda dolansam da, bu 70%-dək endirimdə olan məhsuldan bir dənəsinə də rast gəlmirəm. Normalda isə saytda sözügedən endirimə daxil olan məhsullar ayrıca olaraq təqdim edilməli, ilk baxışda gözə dəyməli idi. Seçimi rahatlaşdırmaq üçün müəyyən filtirləmə imkanı olmalı idi. Təəssüf ki, bunlar istək olaraq qalır.

Növbəti baş çəkdiyim mağazada “qışqıran” qırmızı rəngin üzərində iri şriftlərlə ağ rəngdə “70%-dək endirimlər” yazılıb. Həmişəki kimi 70% böyük, “-dək” qoşması o qədər kiçik yazılıb ki, ilk baxışda heç gözə dəymir. Səhifəyə “klikləyirəm”, görək burada vəziyyət necədir? İlk açılan səhifədə 18 ay faizsiz kreditlə aspiratorlar reklam edilir. Solğun qara rəngli şriftlə yazılmış ilkin qiymətin üzərindən xətt çəkilib, müəyyən qədər endirim etməklə qırmızı rəngdə yeni qiymət yazılıb. Məhsullardan bir neçəsinə baxıram, bəlli olmur ki, bu endirim sözügedən “endirim festivalına” aiddir, yoxsa başqa günlərdə də həmin endirimlə əldə etmək mümkündür?

Bu uğursuz cəhdlərdən sonra bir də həmin saytlardan alış-veriş niyyəti ilə pəncərə açmamaq fikri ilə çıxış edirəm.

Səhərisi gün ilk mağazadan operator xanım zəng edir. Məhsulun qiyməti ilə bağlı texniki xətanın aradan qaldırıldığını bildirir. İki daşın arasında fürsət tapıb şirinlikləşdirici endirim imkanlarını da bildirməyi unutmur. “Mağazaya baş çəkərəm”, – deyib sağollaşıram.

Və nəticə…

Endirimlər sadəcə müştəri cəlb etmək üçün və “heç kəsdən geri qalma” prinsipi ilə aparılır. Göründüyü kimi onlayn alış-veriş olduqca qarışıq və demək olar ki, əlçatan deyil. Saytlardakı xaoitik vəziyyətdən də görünür ki, bizim mağazalar bu istiqamətdə hələ çox yol qət etməlidir. Həmçinin nəzərə almalıdırlar ki, satıcının şirnikləşdirici sözlərinə aldanmaq istəməyən, rahat bir şəkildə evindən, ofisindən sifariş vermək istəyən insanların çağında yaşayrıq. Vallah, daha insanın insana səbri qalmayıb, hər şey robotlaşdıqca biz də istəyirik ki, kiminləsə ünsiyyətdə olmadan, bir neçə düyməni basmaqla istədiyimiz məhsulu alaq. O da ki belə…

Onu da qeyd edim ki, paltar üçün üz tutduğum mağazalarda da real endirimlərlə qarşılaşa bilmirəm. Sanki qapılara, pəncərələrə yazılmış endirimlərin hamısı bəzək üçündür.

Mən mağazalara daxil olarkən “Guya endirim ediblər də… Bir neçə gün bundan əvvəl daha ucuz idi”, – deyə gileylənərək mağazadan çıxan insanlarla qarşılaşmağım da az olmadı.

Müşahidələrimə görə, ölkəmizdəki bu cür endirimləri izləyən insanlar çoxdan inamlarını itiriblər. Belə endirimlərdən faydalanmaq üçün xaricdən sifariş verməyi daha məqsəduyğun hesab edirlər. Bizim mağazaların bu cür “endirimlərindən” isə əlində bir neçə bankın kartı dükan-dükan gəzən “qlamur” xanımlar, pula pul demədən xərcləyən bəylər olur. Xalqın sadə, zəhmətkeş insanlarına isə qalan mağazaların işıqları, bir də aldanışları olur.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir