evler

Bölgələrində günlük kirayə ev bazarında vəziyyət nə yerdədir?

Baxış sayı: 200

Ötən il yayda paytaxtdan bölgələrə getməklə bağlı məhdudiyyət olduğundan rayonlara üz tutanların sayı xeyli azalmışdı. Bu səbəbdən də günlük kirayə evlərin qiymətləri də xeyli enmişdi. Şəkidə də günlük evlərin kirayəsi 5 dəfəyədək ucuzlaşmışdı. Sputnik Azərbaycan-ın bölgə müxbiri şimal-qərb bölgəsindəki hazırkı vəziyyəti araşdırıb. Məlum olub ki, bu il yüksək tələbat səbəbindən qiymətlər yenə əvvəlki vəziyyətinə qayıdıb.

Rayon sakini Barat Məmmədova bildirir ki, artıq qonaqları qarşılamağa hazırdırlar: “Keçən il pandemiya ilə əlaqədar olaraq heç bir nəfər də gələn olmadı. 100 manat, 80 manatlıq evləri 30 manata, 20 manata da saldırdıq, amma gələn olmadı. İndi yenə 80 manata, 100 manata razılaşma yolu ilə verə bilərik”.

ismayilli

Rieltor İlqar Muradov bildirir ki, bu il günlük kirayə evlərə tələbat çoxdur. Qiymətlər də ərazidən asılı olaraq 80-150 manat arasında dəyişir:

“Ay yarımdır ki, mənə zənglər gəlir, evlər sifariş olunur. Şəhərin yuxarı hissəsində –  Xan Sarayı tərəfdə, “Marxal”, “Dodu məhəlləsi” tərəflərdə qiymətlər 100-150 manat civarındadır. Qiymətlər öz axarına düşüb. Aşağıda isti olduğu üçün 30 manat civarında fərq var”.

Zaqatalada da günlük kirayə evlərə tələbat artıb. Rieltor İlkin Mirzəyinin sözlərinə görə, turistlər ən çox dağətəyi və yaşıllıq ərazilərdəki evlərə üstünlük verirlər: “Əvvəllər şəhərdəki evlərə maraq var idisə, indi kənd evlərinə üstünlük verirlər. Həm şəhərə yaxın, həm də dağətəyi olduğu üçün Car kəndindəki evlərə turistlərin marağı daha çoxdur”.

Rieltor bildirir ki, ötən ilə nisbətən qiymətlərdə də xeyli fərq var.

“Keçən il turist az idi deyə 50 manatlıq evlər hətta 20 manata qədər düşmüşdü. Bu il yaxşıdır. Tələbat var, gələn-gedənlərimiz var. Qiymətlər hazırda 30 manatdan başlayır. Şəraitdən asılı olaraq da 40-50, hətta 100 manata kimi qiymətlər dəyişir”.

Ev sahibləri də turist axınını nəzərə alaraq qiymətləri artırıblar. Rayon sakini Hikmət Məmmədovun sözlərinə görə, qonaqla danışıqdan asılı olaraq endirim də edirlər.

“Ötən il evləri 20 manata da verirdik, ancaq qalan yox idi. Bu il adam sayına baxırıq. 50 manata veririk, 40 manata olur. Tək adam olsa, 30 manata da veririk. Bir də uzunmüddətli qalan olanda endirim edirik. Gələn də var”.

Rieltorlar vurğulayıblar ki, bu il xarici ölkələrə getməkdə müəyyən məhdudiyyətlər olduğundan vətəndaşlar əsasən rayonlara üz tutacaqlar. Bu səbəbdən də gündəlik kirayə ev qiymətlərinin iyul-avqust aylarında daha da artacağı gözlənilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir