Bosanma

Boşanmalar niyə artır və çıxış yolu nədir? – EKSPERTLƏR DANIŞIR

Baxış sayı: 216

Son dövrlərdə Azərbaycan ailələrinin dağılması faktı ilə daha çox rastlaşırıq. Müxtəlif səbəblərdən doğan ayrılıqların səbəbləri çox araşdırılsa da, əfsuslar olsun ki, nəticə dəyişməz olaraq qalır.  Təsadüfi deyil ki, Dövlət Statistika Komitəsinin son məlumatına görə 9 ay ərzində Azərbaycanda bağlanmış nikahların sayı 56 faiz, boşanmaların sayı isə 16 faiz artıb. Ümumiyyətlə statistika onu göstərir ki, dünyada olduğu kimi Azərbaycanda da boşanmaların sayı artan tendensiya ilə davam edir. Ölkədə 3 nikahdan biri boşanma ilə nəticələnir.

Metanet Ezizova

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova boşanmaya aparan səbəblərin müxtəlif olduğunu deyir. O, deyir ki, bəzən kənar müdaxilələr, bəzən də psixoloji durum belə addım atmağa səbəb olur: “Boşanmaların artmasında müxtəlif səbəblərin rolu var. Səbəbləri ümumiləşdirmək mümkün deyil. Psixoloji durum, qaynana-qaynata müdaxiləsi boşanmaların sayının artmasında xüsusi çəkiyə sahibdi. Boşanmaların artmasına səbəb olan əsas problem isə zorakılıq faktlarıdı. Öncələr psixoloji problemlərin, sonra zorakılığın boşanmaya aparan yol olduğunu deyirdik. Amma son illərdə ailədaxili münaqişələr cinayətlərin sayının artmasında da əhəmiyyətli təsirə malik olub. Vaxtında müəyyən tədbirin görülməməsi nəticəsində boşanmalarla yanaşı cinayət hadisələrinin də çəkisi artıb”. Mətanət Əzizova deyir ki, kənar müdaxilələr boşanmalar üçün sadəcə olaraq təkan rolunu oynayır. Səbəb kimi isə ekspert başqa amilləri də sadalayır: “Qaynana-qaynata, baldız və digər yaxın qohumların müdaxilələri qeydə alınır. Amma onların müdaxiləsi boşanmaya sadəcə olaraq təkan verir. Səbəb kimi aparıcı rol oynamır. Əgər ailədə hər şey qaydasındadırsa, hörmət, sevgi varsa belə ailəni dağıtmaq çətin olur. Müəyyən problem yarandıqdan sonra ailələr arasında müharibə başlayır. Həm qızın, həm də oğlanın ailəsi ailəyə müdaxilə edir”.

SAHIB ALTAY

Ailənin sosiologiyada cinslərarası münasibətlərə aid olduğunu deyən sosioloq Sahib Altay elmi tədqiqatçılığa görə problemlərin səbəblərinin primitiv və mürəkkəb olmaqla iki qrupa ayrıldığını eyd edir. Sosioloq deyir ki, primitiv səbəb odur ki, insan sayı artdıqca artan nikahlar fonunda boşanmalar da artır. Mürəkkəb səbəblər haqda isə geniş danışmağın mümkünlüyünü vurğulayan ekspert qeyd edir ki, bizim sosial və maddi vəziyyətimiz dəyişdikcə aramızda bizi bağlayan dəyərlər və ehtiyaclar da dəyişir ki, bu da ailənin dağılmasına rəvac verir. Sosiloq onu da qeyd edir ki, əgər Azərbaycanda maddi və sosial vəziyyət çox yüksək səviyyəyə qalxarsa, bu amil boşanmaların da 40-50 % artmasına gətirib çıxarar. İndiki halda qadınlar əgər atası və ya qardaşı tərəfindən dəstək görərsə, daha rahatlıqla boşanma qərarı verir. Həyat yoldaşından asılıdırsa, çətinliklərə dözməyə məcbur olur.

Artan boşanmaların qarşısının necə alınmasının mümkünlüyü məsələsinə də toxunan Sahib Altay qeyd edir ki, boşanma hallarının artması faciə olmasa da, kütləvi hal alması cəmiyyət üçün yaxşı hal deyil: “Boşanma hallarını normal qəbul edirəm, amma statistika bu baxımdan sürətli artım olduğunu ortaya qoyur ki, bu da müsbət hal deyil. Cəmiyyəti formalaşdıran müxtəlif amillər var. Dil, təhsil, mədəniyyət, siyasət və s. Mövcud dəyərlər sistemi üzərində yeni dəyərlər yaradılmalıdır. Biz 19-cu əsrin düşüncəsi ilə 21-ci əsrdə yaşaya bilmərik”

Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə mövzu ilə bağlı danışarkən aşağıdakıları dedi:” “Kişilər bəzi hallarda heç cür barışa bilmirlər ki, qadınlar onlarla bərabər olsunlar. Digər tərəfdən ailələrə sosial şəbəkələr də şübhə toxumu səpir. İnsanlar sosial şəbəkədəki fikirlərin reallığını, alt tekstləri görə bilmirlər. Ətraf-mühit, sosial gərginlik ailə münasibətlərinə təsir göstərir. Bundan əlavə, tələblərin yüksək olması, kişinin nüfuzunu aşağı salmağa cəhd, bərabərliyi fərqli formada görənlər, daha çox idarəetmə, tabe etdirmək hissi ilə həyata keçirmək də ailələrin dağılmasına gətirib çıxarır. Həmçinin, ailələrə neqativ müdaxilələr də olur, ətrafın rəyləri, insanların öz həyatları ilə bağlı müstəqil qərar verə bilməmələri burada rol oynayır. Seksual münasibətlərdəki problemlər, seksual tərbiyənin düzgün olmaması da boşanmalara gətirib çıxarır”.

 

lacin M

Psixoloq Laçın Məhərrəm hesab edir ki, əsasən tərəflərin bir-birini başa düşməməsi, qısqanclıq, ailə daxili zorakılıq, maddi və psixoloji problemlərdir.

Psixoloun fikirincə, əvvəllər “mən hələ ailəyə hazır deyilmişəm” kimi ifadələrə görə ailə münasibətlərinə son qoyulmurdusa, hazırda bu ifadə boşanan cütlüklərin ən məşhur ifadəsidir. Başqa sözlə, boşanmaların çox olmasında ən vacib rolu dözümsüzlük, münasibətlərin tələskənliyi, nikaha girən şəxslər arasında kifayət qədər şəffaflığın olmaması oynayır. Bundan başqa, digər vacib səbəb ailədə sosial rolların dəyişməsidir.

 

Təqdim etdi: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir