“Boyun nahiyəsində hiss edilən ağrılar bir çox hallarda gündəlik həyat vərdişlərimizdən qaynaqlanır. Bu, əsasən əzələlərin gərginliyi, düzgün olmayan duruş və uzun müddətli statik vəziyyətdə qalma ilə bağlı olur”.
Bu sözləri MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir.
Həkimin sözlərinə görə, uzun müddət kompüter və ya telefon qarşısında əyilmiş vəziyyətdə qalmaq boyun əzələlərində yük yaratmaqla yanaşı, fəqərələrə təzyiq göstərir. Bu da təkcə boyun deyil, çiyin və kürək bölgəsində də narahatlıq yarada bilər.
Mütəxəssis bildirir ki, bəzi hallarda boyun ağrılarının səbəbi yalnız əzələ yorğunluğu olmur. Fəqərə arası disklərdə degenerativ dəyişikliklər, boyun yırtığı və ya sinir sıxılması kimi hallar da bu simptomlara səbəb ola bilər. Ağrı ilə yanaşı, qollara yayılan keylik, gücsüzlük və hərəkət məhdudiyyəti kimi əlamətlər müşahidə olunarsa, bu zaman mütləq həkimə müraciət olunmalıdır.
Nərminə Abbasovanın sözlərinə görə, bu cür ağrıların qarşısını almaq üçün düzgün oturma qaydalarına riayət edilməli, monitor göz səviyyəsində yerləşdirilməli və hər saat başı qısa fasilələrlə boyun-hərəkət məşqləri edilməlidir.
Ekspert vurğulayır ki, stress də boyun əzələlərinin gərginliyini artıraraq ağrılara səbəb ola bilər. Bu səbəbdən, həm fiziki, həm də psixoloji rahatlıq boyun sağlamlığının qorunmasında mühüm rol oynayır.
Nərminə Abbasova sonda onu da əlavə etdi ki, yuxu zamanı istifadə edilən yastığın hündürlüyü və sərtliyi də vacib faktordur. Boyun üçün uyğun ortopedik yastıq seçimi ağrıların qarşısını almaqda faydalıdır.